Bir quşu qurtardı, qollarını itirdi

Türkiyə Ramazana görə səfərbər olub
Türkiyənin Ağrı diyarının Günbuldu kəndində, qanadı elektrik telinə ilişən quşu qurtarmaq istəyərkən yüksək gərginliyə toxunan və əlləri kəsilən 17 yaşlı Ramazan Taşdemirə yardım üçün Türkiyə səfərbər olub.
Kənddə çobanlıq edən Ramazan Taşdemir, hər səhər olduğu kimi yaylaqda heyvanları otararkən, bir quşun elektrik telinə ilişdiyini və xilas olmaq üçün çırpındığını görüb. Dərhal dirəyə çıxıb, quşu qurtaran Taşdemir, enərkən, belindəki su qabı yüksək gərginlikli xəttə dəyib. 
Ayağı dəmirə ilişən və telləri tutan Taşdemirin iki əlində də yanıqlar əmələ gəlib. Təxminən saat yarım teldən asılı qalan Taşdemir, hadisə yerinə çağırılan xilasedicilər tərəfindən endirilib. Həkimlər gənc yaşda şikəst qalmaması üçün böyük səy göstəriblər. Təxminən 3 saat davam edən əməliyyatdan sonra Taşdemirin əlləri dirsəkdən kəsilib. Ramazanın başına gələnlər mətbuatda işıqlandırıldıqdan sonra Türkiyə səfərbər olub. Ramazanın atası Məmməd Taşdemirə çatan yüzlərlə vətəndaş, yardım kampaniyasına start verib. Ramazana protez qol almaq üçün önümüzdəki günlərdə bankda hesab nömrəsi açılacaq.