Birinci vitse-prezident çox ciddi məsələyə toxunub

Ekspertlər hesab edir ki, uşaq bağçaları ilə bağlı problemlər tezliklə həllini tapacaq


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə uşaq bağçaları ilə bağlı mövcud olan problemlərə də toxunub. O deyib ki, bağçaların maliyyə ilə bağlı problemlərə görə tam gücü ilə çalışmaması məsələsi qısa zamanda həllini tapmalıdır.

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, bu məsələni qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq: "Bu məsələ dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Baxmayaraq ki, bu günədək bir çox işlər həyata keçirilib, hələ də problemlər çoxdur. Bugünkü çıxışlarda biz bu barədə yenidən eşitdik. Burada Hacıbala müəllim bağçalarla bağlı bir mövzuya toxundu. Bizim böyük toplantıdan sonra doğrudan da bu sahədə böyük işlər aparıldı, Bakı şəhərində, paytaxtın müxtəlif rayonlarında bir çox yeni uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar. Ona görə bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır. Bununla da biz həm qənaət edəcəyik, yeni bağçalar tikməyə ehtiyac olmayacaq, həm də tələbatın bir qismini ödəyə biləcəyik”.
Sözügedən müşavirədə Birinci vitse-prezidentin bir neçə real məsələyə toxunduğunu vurğulayan 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılması təqdirəlayiq olardı: 

"Mehriban xanım Əliyeva təklif edir ki, bu məsələnin aradan qaldırılması üçün iki dövlət qurumu arasında işçi qrupu yaradılsın və araşdırma aparmaqla bağçaların vəziyyəti müəyyənləşdirilsin.
Bağçaların nə qədər uşaq qəbul etmək imkanı var onlar öyrənilsin və maddi təminat məsələsini də Maliyyə Nazirliyi həll eləsin. Hesab edirəm ki, Birinci vitse-prezidentin bu təşəbbüsü çox gözəldir və mütləq həyata keçirilməlidir”.

Bu gün Azərbaycanda azyaşlı uşaqların bağçalara cəlb olunma faizinin 25 faiz həcmində olduğunu deyən təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, son 10 il ərzində Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda böyük sayda uşaq bağçası, məktəbəqədər təhsil müəssisələri tikilib, yenidən qurulub. Bu müəssisələrdə müasir tələblərə cavab verən infrastruktur formalaşdırılıb. 
Bu gün Milli Məclis tərəfindən də Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçaları ilə bağlı qanun layihəsi qəbul olundu. Fikrimcə, həm Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı, həm də yeni qəbul olunmuş qanun layihəsi bu sahənin inkişafına böyük təkan verəcəkdir.
Çünki bu günün tələbidir. Məktəbə gələn şagirdlər əgər birbaşa bu müəssisələrdən gəlsələr onların məktəb mühitinə uyğunlaşması, yüksək səviyyədə hazırlıqlarının həyata keçirilməsi daha rahat olacaq”.

Şəymən