Türkiyənin Kastamonu vilayətində yeriməkdə çətinlik çəkən 4 yaşlı Kürşat Kılıçoğlunun rahat hərəkət edə bilməsi üçün kənd yolu asfaltlanıb.
Sherg.az xəbər verir ki, Devrekani rayonunun Doğuörcünlər kəndində yaşayan Kürşatın yerimə və duruş problemi var. Fiziki terapiya və hovuz məşqlərindən sonra yeriməyə başlayan uşağın gündə 4 saat xüsusi ayaqqabılarla məşq etməsi tələb olunub.

Lakin kənd yolunun daşlı və torpaqlı olması Kürşatın məşqlərinə mane olub. Tez-tez yıxılan uşaq yolda yeriməkdən qorxmağa başlayıb.

Kürşatın vəziyyətini görən kənd muxtarı Ünal Kılıçoğlu məsələni aidiyyəti qurumlara çatdırıb. Kaymakamlıq, vilayət rəhbərliyi və İl Özəl İdarəsinin birgə fəaliyyəti nəticəsində kənd yolları asfaltlanıb.
Anası Nurten Kılıçoğlu bildirib ki, yol asfaltlandıqdan sonra Kürşat fasiləsiz yeriməyə başlayıb:

“Özünəinamı bərpa olunub. Xoşbəxtliyi üzündən görünür. Özbaşına yeriyə bilməsi mənim üçün çox böyük xoşbəxtlikdir. Bir ana üçün övladının yeriməsi əvəzolunmazdır”.
Kənd muxtarı da Kürşatın hazırda daha rahat yeridiyini və uşağın xoşbəxtliyinə çox sevindiklərini bildirib.