
Biz bu deyilik...
Seriallarımızda "analarımız", "oğullarımız" elə günə qoyulur ki, xaricdə baxanlar dəhşətə gələr"Özlərini təmizə çıxarmaq, haqq qazandırmaq üçün də deyirlər, guya, tamaşaçı bunları istəyir. Bu, xalqı aşağılamaqdır"
Nuşirəvan Məhərrəmli teleseriallardan şikayətçidir. Xüsusən də özəl telekanallarda yayımlanan ailə-məişət mövzulu seriallardan. Həqiqətən də, Azərbaycan tamaşaçısına zorla həzm etdirilən «Bacanaqlar», «Qız atası», «Xalxın evi», «Qardaşlar», «Ay yay, yay», «Ata ocağı», «O gecə», «Niyə»… efirimizi zibilliyə çevirib. Dünyanın məşhur gülüş ustaları insanlara mənalı gülüş bəxş edirdilər. «Qanun naminə» filmində mərhum Ceyhun Mirzəyevin səhnəyə çıxması epizodu yadınızdadı? Səhnəyə çıxanda görkəminə tamaşaçılar uğunur. Lakin o, ağlayır. Tamaşaçılar da onun güldürmək üçün deyil, ağlatmaq üçün səhnəyə çıxdığının yavaş-yavaş fərqinə varırlar. Hind filmi «Məzhəkəçi»nin qəhrəmanı da taleyini tamaşaçılara elə formada danışır ki, insanlar onu ayaq üstə alqışlayır. Məzhəkəçi olanda, nə olar. Əgər insan öz sənətinin həqiqətən də ustasıdırsa, yumoristik səhnəsi də bəyəniləcək, tamaşaçı ona bəxş etdiyi gülüşə görə təşəkkür də edəcək. Nə yazıq ki, hazırda istər komediya, istərsə də dram janrında çəkilən serialları alqışa layiq görmək mümkün deyil. Təəssüf ki, hazırkı aktyorlar tamaşaçını güldürə bilmək üçün ən bayağı, şit hərəkətlərə, dilimizin gözəlliyinə, zənginliyinə heç cür uyğun gəlməyən ifadələrə yer verir, ucuz şounu sənətdən üstün tuturlar.
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də bu mövzuya toxunub.
«Bayağı seriallar bizi çox narahat edir»
N.Məhərrəmli Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleserialların MTRŞ-ni çox narahat etdiyini deyib. Trend-ə açıqlamasında MTRŞ sədri bunları qeyd edib:
- Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır. Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, senari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir”.
MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur:
- Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik.
N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır:
- Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır.
Televiziyalardakı rüsvayçılığın qarşısını kim almalıdır?
Milli Teleradio Şurası sədrinin iradları, tənqidləri çoxumuzun ürəyindəndir. Fəqət, bununla iş bitirmi? Şit, bayağı seriallardan, səviyyəsiz, toyxana mənzərəli proqramlardan əhali kimə, hara şikayət etməlidir? Yəqin ki, MTRŞ-yə. Bəs MTRŞ sədri kimə, hara şikayət edir? Televiziyalarımızdakı rüsvayçılığın qarşısını, bəs kim almalıdır?
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova
«Şərq»ə açıqlamasında aktual mövzuya toxunulduğunu bildirdi:
- Siz mənim yaralı yerimə toxundunuz. Tələbələrimlə də bu mövzuları müzakirə edirik. Onlardan bəzən soruşuram ki, uşaqlar, hansı verilişlərə baxırsınız? Nə Azərbaycan televiziyalarında yayımlanan proqramların adını çəkirlər, nə də teleserialların. Yenə də ictimai-siyasi proqramlar yaxşıdır, aktual mövzular ətrafında fikir mübadilələri aparılır. Amma şou-proqramlar, tok-şoular biabırçılıqdır. Şəxsən bizim ailədə heç kim bu proqramları izləmir. Amma ictimaiyyətdə aparılan müzakirələrdən görürəm ki, insanlar televiziyalarımızdan narazıdır. Telekanallar öz reytinqlərini süni şəkildə qaldırmaq üçün tamaşaçıların guya bu proqramlara baxdığını, teleserialları izlədiyini bildirir. Lakin həqiqətən də bu, belə deyil. Axı insan nə qədər şit, səviyyəsiz, bayağı verilişlərə baxar? Özlərini təmizə çıxarmaq, haqq qazandırmaq üçün də deyirlər, guya, tamaşaçı bunları istəyir. Bu, xalqı aşağılamaqdır. Guya ki, bizim xalqımız bayağı verilişləri, səviyyəsiz, ucuz şouya köklənmiş teleserialları bəyənir? Bu, xalqa hörmətsizlikdir.

Burada mentalitet, Azərbaycan xalqının əsrlərdən bəri qoruya-qoruya əziz tutduğu adət-ənənələrin dağıdılması prosesi gedir. Bizə başqa ölkələrin tamaşaçıları da baxır axı. Necə ki, biz xarici ölkələrin telekanallarını izləyirik, bizi də izləyirlər axı. Bəs bu ucuz şoulara üstünlük verənlər düşünmür ki, başqa ölkələrin tamaşaçısı bizim haqqımızda nə düşünəcək?! İnsanları bu şəkildə aşağılamaq olmaz. Əllərinə fürsət düşüb, «özəl telekanaldı» deyib istədiklərini edirlər.
Televiziyalarımız hazırda fəlakət dövrü yaşayır. Ölkəmiz müharibə şəraitindədir. Torpaqlarımız işğal altındadır, amma bizim telekanallarda hər dəqiqə çal-çağır, toy-bayramdır. Niyə milli qəhrəmanlardan az danışılır? O milli qəhrəmanların, Vətən uğrunda canından keçmiş oğulların anaları təbliğ edilməlidir, tamaşaçı da görsün ki, analar necə övlad tərbiyə ediblər. Mən illər öncə Füzuli rayonundan köçkün düşmüş bir ana ilə tanış olmuşdum. Balaqayın çadır düşərgəsində söhbət etmişdim onunla. Qadın deyirdi ki, həyat yoldaşı Böyük Vətən müharibəsinə gedib geri qayıtmayıb. Ancaq onu hələ də gözləyir, bəlkə gələcək, deyə. Biz belə analarımızı təbliğ etməliyik, onları gənclərə nümunə göstərməliyik.
Rol, obraz adı altında olsa belə, anasını ucuz tutan, yalanla, fırıldaqla məşğul olan üzdəniraq «oğulları» deyil. Hərb sənətinin mütəxəssisləri efirə dəvət edilməlidir. Ziyalılar, ictimai xadimlər, elm adamları verilişlərə çağırılmalıdır. Sanki bu ölkədə 2-3 ziyalı, «ekspert» var, daim eyni şəxsləri verilişlərə dəvət edirlər. Ailə dəyərlərini qoruyub saxlaya bilməmiş adamlar efirə çıxıb ailə dəyərlərindən danışır. Bu hansı çərçivəyə sığır? Aparıcılar qonaqları təqdim etmək qaydasını da bilmir. Bu qədər də bayağı, şou veriliş olar?! Hər şeyin bir əndazəsi olmalıdır. Anaların başı qarışıb bayağı seriallara, uşaqlarınkı da mobil telefon, planşetə.
Qanuna dəyişiklik edilsin
H.Məmmədova «Televiziya və radio yayımı haqqında», eləcə də «Kütləvi İnformasiya Vasitələri haqqında» qanuna dəyişiklik edilməsi təklifini irəli sürdü:
- Televiziyalardakı bayağılığın qarşısını almaq üçün mövcud qanunlara mütləq dəyişiklik edilməli, qanunlar sərtləşdirilməlidir. «Televiziya və radio yayımı haqqında» qanunda qeyd olunur ki, yayımçılar milli-mənəvi dəyərləri qorumalıdır. Belə qorumaqmı olur? Mütləq cəza mexanizmi olmalıdır. Ya cərimə şəklindəmi, ya yayımın müəyyən müddətə dayandırılması formasındamı. Hansısa formada özəl telekanallardakı bu özbaşınalığın, bayağılığın qarşısı alınmalıdır. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə həmsöhbət olanda deyirlər ki, bizim özəl telekanallara baxanda utanırıq. Senzura tətbiq edilməlidir. Senzura şurasında mütləq mütəxəssislər yer almalıdır. Sənəti, efir mədəniyyətini, efir siyasətini bilənlər fikrini deməli və bu telekanallara bir çəki-düzən verilməlidir. Dövlət büdcəsindən serialların çəkilişinə vəsait ayrılarkən də, məzmununa, onu kimin çəkəcəyinə diqqət etmək lazımdır. Büdcənin vəsaiti düzgün təyin edilməlidir. Səriştəsiz, təcrübəsiz rejissorlara, özünü doğrultmayan yayım şirkətlərinə vəsait ayrılmamalıdır. Bəlkə bu yollarla biz televiziyalarımızın səviyyəsini yüksəldə bilərik.
Məlahət Rzayeva