"Biz elmdən, təhsildən qorxuruq" - Faciəvi qətllərin əsl səbəbi

"Ailədə valideynlərin övladını qətlə yetirməsinin səbəbi maddi dəyərlərin mənəvi dəyərlərdən ön plana çıxmasıdır”.
Bunu Sherg.az-a bu gün media gündəmini zəbt edən iki dəhşətli hadisə - ananın 5 yaşlı qızını qəsdən zəhərləməsi və atanın 20 günlük körpəsini çomaqla vurub öldürməsi barədə danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib. 
Onun sözlərinə görə, hər hansı cəmiyyətdə maddi dəyərlər üstün rol oynayıb, mənəvi dəyərləri sıxışdıranda orada ağıla gəlməyən eybəcərliklər üzə çıxır:
"Hansı cəmiyyətdə isə maddi dəyərlər mənəvi dəyərlərin inkişafına kömək edir, o cəmiyyət get-gedə daha da rahat cəmiyyət olur. Biz bu cür hadisələrin qarşısını almaq üçün humanitar siyasətimizi dəyişməliyik. Azərbaycan balaca ölkədir, cəmi 10 milyon əhalisi var, onun da bir neçə milyonu ölkədə yoxdur. Bir neçə milyon nəfəri də yaşlılar və körpələrdir. Ortadakı aktiv fəal qrup cəmi 3-4 milyon nəfər təşkil edir. Bu sayda insanın davranışını tənzimləməyə nə var ki? Elmi üsulla yanaşsaq, çox asandır. Amma biz elmdən, təhsildən qorxuruq və istəmirik ki, elmi metodlardan istifadə edək. Ona görə çalışmalıyıq ki, ölkəmizdə mənəvi dəyərlərin daha ön plana keçməsini təmin edək”.
Sovet dövründə böyük maddi çətinliklərin içərisində belə hadisələrin olmamasının səbəblərini izah edən sosioloq deyib ki, Sovet rejimi mənəvi dəyərləri yüksəkdə saxlamağa çalışırdı:
"Biz mənəvi dəyərləri maddi dəyərlərin öhdəsinə verə bilmərik. Belə olduğu halda ilbəil dəhşətli faktlar çoxalacaq. Hətta elə indiki vəziyyət davam etsə, daha pis durumla qarşı-qarşıya qala bilərik”.
Ə.Qəşəmoğlu maddi dəyərlərin önə çıxmasının səbəblərini də izah edib. O bildirib ki, əslində bütün yer üzündə bu proses gedir:
"Yalnız Azərbaycana aid deyil. Amma dediyimiz kimi kiçik ölkə olduğumuzdan belə məsələləri tənzimləyə bilərik. Elmin köməyi ilə bu cür sosial, iqtisadi, mənəvi prosesləri tənzimləmək üçün iş görmək lazımdır. Amma hələlik heç bir iş görülmür”.
Qeyd edək ki, Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızına həşəratlar üçün istifadə edilən dərman qatılmış süd içirib. Nəticədə 5 yaşlı körpə dünyasını dəyişib.
Digər hadisə isə Daşkəsən rayonunda baş verib. Belə ki, rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov beşinci arvadı olan 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.
Aysel Aslan