"Biz ən parlaq qələbəmizi qazandıq"

Bəxtiyar Sadıqov: "Ağdam və döyüş gedən digər rayonlarla əlaqələrim var"



Ermənistan Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edən cəhdlərinin ölkə başçısının Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri ilə əlaqələndirən Ağdamdan olan millət vəkili Bəxtiyar Sadıqov real durumu "sherg.az”a belə izah edib: "Düşmən Azərbaycana qarşı təxribat törətdi və bu təxribatın cavabını artıqlaması ilə aldı. Azərbaycan beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda uğur qazananda, münaqişənin həlli istiqamətdində müəyyən qədər irəliləyişə nail olanda, real danışıqlara başlanma zərurəti yarananda düşmən hər dəfə bu cür təxribatlara əl atır. Biz bu cür düşmən təxribatlarının 2014-ci ilin avqustunda, Azərbaycan prezidentinin ABŞ rəsmiləri, Rusiya prezidenti, Fransa prezidenti il görüşləri ərəfəsində şahid olduq. Ermənilər Azərbaycanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində bir addım irəliyə keçdiyini görən kimi münasibətləri hərbi müstəviyə çevirib, Azərbaycana "dərs” vermək istəyirlər. Əslində isə bütün bunlar sadəcə "əzələ nümayişi”dir. Bu dəfə də Cənab Prezidentin uğurlu ABŞ səfərini həzm edə bilməyən Ermənistan analoji təxribatlara əl ataraq mövqelərimizi çox ciddi atəşə tutdular və Azərbaycan ordusunun gücünü hesaba qatmadan irəliləməyə başladılar. Hansı ki, ordumuz son dərəcə müasir silahla silahlanıb, ordumuzun hər bir əsgəri öz mövqeyində qətiyyətli və şücaətli dayanıb. Silahlı Qüvvələrimiz düşmənin təxribatlarına artıqlaması ilə cavab verdi və hələ də döyüşləri davam etdirməkdədir. Onu deyim ki, 28 illik Qarabağ müharibəsi və atəşkəsdən keçən 22 il ərzində biz ən parlaq qələbəmizi qazandıq. Ordumuz bir neçə mühüm strateji yüksəklikləri və kəndləri geri aldı. Bəli, itkilərimiz də oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, biz onların qəhrəmanlığı ilə qürur duyuruq. Məhz onların qanı bahasına qələbə sevincini duyduq. Unutmayaq ki, Torpaq, uğurunda ölən varsa,Vətəndir!!!”
Ağdamla müntəzəm əlaqədə olduğunu vurğulayan millət vəkili artışmaların davam etdiyini vurğulayıb: "Düşmən ordusu Ağdamın və digər sərhədyanı rayonların dinc sakinlərini, yaşayış məskənlərini top, qrat və pulemyotlardan ətəşə tutub. Mülki əhali arasaında da ölən və yaralılar var. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirik.
Rayon rəhbərliyi kəndlərə baş çəkərək əhali ilə sıx ünsiyyətdədir. Dəymiş ziyanın ödənilməsi, dağıntıların aradan qaldırılması istiqamətində lazımı tədbirlər görülüb. Yaralıların durumu yaxşıdır, müalicələri davam etdirilir. Təbii haldır ki, atışmalarla əlaqədar rayonun yaşlı sakinləri, qadınlar və uşaqlar təmas xəttindən arxa kəndlərə göndərilir. Amma təhlükə bitən kimi də onlar öz evlərinə qayıdırlar. Əsas odur ki, bütün tədbirlər mütəşəkkil şəkildə müharibə dövrünün qayda qanunlarına uyğun həyata keçirilir. İnsanlarımızda çox böyük ruh yüksəkliyi var. Döyüş gedən digər rayonlarla da əlaqəm var. Müntəzəm olaraq, millət vəkilləri ilə xəbərləşirik. Onlarla mülki gənc odumuza dəstək üçün Səfərbərlik üzrə Dövlət Xidmətinə müraciət edərək, xidmətə yazılmaq, silahlanmaq istəyirlər. Bax, Azərbaycan gənciliyi budur!!! Azərbaycan ordusuna arxa durmaq, kömək olmaq budur!!! Bütün bunlar fonunda Odumuzun cəbhə xəttində parlaq qələbəsini davam etdirəcəyinə heç bir şübhə ola bilməz!”

Şəymən