“Biz oturduğumuz qayığı deşirik”

“Bakıda bir ofis açılıb, onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər”
“Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?!"


Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Toplantıda "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsinin müzakirəsi baş tutub.

Layihənin müzakirəsi zamanı məlum olub ki, bundan sonra Azərbaycanda tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək. Qanun layihəsində qeyd olunub ki, xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşməni nəzərdə tutur. Qanun layihəsinə görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar, investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
Qanunda xidmət haqqı, təhvil vermə, dövlət ehtiyacları üçün geri alınma, dövlət zəmanəti ilə bağlı qaydalar da öz əksini tapıb. Bu qanunu pozanlar mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Türkiyə bu qanunu 1994-cü ildə qəbul edib

Müzakirəyə qoşulan millət vəkili Ağalar Vəliyev deyib ki, TİT modeli dünyada qəbul olunmuş bir praktikadır: "Bizim qardaş ölkə Türkiyə bu qanunu 1994-cü ildə qəbul edib və bundan sonra 122 milyard manata yaxın Türkiyəyə vəsait qoyulub. Qonşu Gürcüstanda, Tbilisi şəhərinin mərkəzi, hava limanı türkiyəli investor tərəfindən vəsait cəlb olunub.
Tikiblər və 28 illiyə işlədib təhvil verəcəklər. Bəzi iş adamları, xüsusilə də Asiya iş adamları Azərbaycana investisiya qoymaq niyyətindədirlər. Azərbaycanda da bəzi yerlərdə su elektrik stansiyaları tikilə bilər. Maksimal müddət 49 il olduğundan hesab edək ki, su elektrik stansiyasını tikən məsələn, 35 il ərzində enerjini sata bilər. Bu müddətdə qoyduğu vəsaiti və mənfəəti götürə bilər. Sonra həmin su elektrik stansiyasını dövlətə təhvil verə bilər və idarəetməni dövlət həyata keçirir. Bu qanun yeni iş yerlərinin açılmasına, ölkəyə əlavə vəsaitin cəlb olunmasına kömək edəcək”.

"Belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik”

Komitənin iclasında banklarla bağlı məsələ də müzakirə olunub. "İctimaiyyətdə bank sektorunda baş verən proseslərlə bağlı gərginlik dalğası hiss olunur. Mərkəzi Bank bu gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atırdı və indi də atır. Ən ciddi gərginlik xarici valyutada götürülən kreditlərlə bağlıdır.

Əgər problem sistem xarakterlidirsə, məsələyə sistematik yanaşmaq lazımdır”. Bu sözləri isə müzakirələr zamanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib. R.Aslanlı bildirib ki, maliyyə sistemi özü də yuxarıda qeyd edilən problemdən əziyyət çəkir: "Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, maliyyə sektoru 9,3 milyard manatlıq öhdəliyini yerinə yetirməlidir. Söhbət banklarda yerləşdirilən əmanətlərdən gedir. Maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalıdır. Yaranmış vəziyyət qapalı dairəni xatırladır. Mən bura iclasa gələrkən çox ciddi bir halla rastlaşdım. Deməli, Puşkin küçəsində üzərində "Antikollektor” yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən qayıdanda o şirkətlə məşğul olacağam. Belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik”.

"İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır”

R.Aslanlı borcu qaytarmamaq məsələsinə toxunub: "Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır. Problemin müxtəlif həlli yolları var. Tutalım, bir insan 500 manat kredit götürüb və oğluna toy edib. Hazırda isə bu pulu ödəməyə imkanı yoxdur. Bank anlayır ki, onsuz bu pul qayıtmayacaq. Çıxış yolu nədir? Kreditlər klassifikasiya olunmalıdır. Bir qismi restrukturizasiya olunmalıdır, bir qismi silinməlidir, bir qisminin faizlərinə yenidən baxılmalıdır və sair. Bankların aktivlərinin diaqnostikası aparılmalıdır. Bunlar çıxış yollarıdır”.

Mərc oyunlarına nəzarət nazirlikdən alındı

Ötən gün, həmçinin Gənclər və İdman Komitəsinin də iclası keçirilib. İclasda "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik müzakirə edilib. Komitənin sədri, deputat Fuad Muradov deyib ki, idman mərc oyunlarına nəzarət "Maliyyə Bazarlarına Nəzarət Palatası”na veriləcək. Deputat qeyd edib ki, idman mərc oyunlarına nəzarət funksiyasının yeni orqana verilməsi idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb: "Dəyişikliyə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir. Digər dəyişikliyə görə isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

Mərc oyunları ilə bağlı ediləcək yeni dəyişikliklər deputatlar tərəfindən heç də birmənalı qarşılanmayıb. Komitənin üzvü, millət vəkili Adil Əliyev idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarətlə bağlı mövcud qanunvericiliyə təqdim olunan təkliflərin uyğunsuzluğundan narahatlığını ifadə edib: "Təklif olunan dəyişikliklər çaşbaşlıq və bir qədər də narahatlıq yaradır. İndiyə qədər idman mərc oyunlarının təşkilinə və keçirilməsinə, oradan əldə edilən gəlirlərə Gənclər və İdman Nazirliyi nəzarət edirdi. Ancaq indiki dəyişikliklə bu səlahiyyət həmin qurumdan alınıb maliyyə bazarlarına nəzarət orqanına həvalə olunur. Hesab edirəm ki, bu nəzarət müvafiq nazirlikdə qalsaydı, daha məqsədəuyğun olardı. Biz, yəni Azərbaycandakı idman federasiyaları hər il illik tədbirlər planını Gənclər və İdman Nazirliyinə təqdim edir və onlar tərəfindən maliyyələşirdik.
Yəni, bu maliyyələşdirmədə də əsas yük idman mərc oyunlarından əldə edilən haqların üzərinə düşürdü. Bəs, bundan sonra necə olacaq? Yeni qurum bu işi görə biləcəkmi? Ona görə hesab edirəm ki, bu məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətində, nəzarətində qalsaydı, daha yaxşı olardı”.

"Qanundankənar idman mərc oyunları da keçirilir, biz bunun şahidiyik”

Millət vəkili Rauf Əliyev isə bildirib ki, 1990-cı illərin ortalarında Azərbaycanda idmanı maliyyələşdirməklə bağlı çətinlik, böhran var idi: "Biz o zaman dünyanın müxtəlif ölkələrinin təcrübələrini öyrəndik və sonra idman mərc oyunlarının Azərbaycanda da keçirilməsinə

başlanıldı. Yəni oradan gələn gəlirlər hesabına idman oyunlarının təşkili, idmançıların xaricə tədbirlərə göndərilməsi, federasiyaların maliyyələşdirilməsi və sair təmin edildi. Mən də deputat həmkarımın dedikləri ilə razıyam. Amma əsas məsələ nəzarətin kimdə olması deyil, məqsəd həmin oyunlardan əldə edilən gəlirlərin idmanımızın inkişafına yönəldilməsidir”.
Deputat Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanda qanundankənar idman mərc oyunları da keçirilir: "Biz hamımız bunun şahidiyik. Yəni, qanundankənar mərc oyunları keçirilir və bunların qarşısı da hüquq-mühafizə orqanlarımız tərəfindən alınır. Odur ki, bu məsələ, yeni dəyişikliklər birbaşa şəffaflığın təmin olunmasına yönəlib”.

Komitə sədri F.Muradov təklif olunan dəyişikliyin məqsədəuyğun olduğunu vurğulayıb: "Son zamanlar Azərbaycanda böyük islahatlar keçirilir. Bizim də vəzifəmiz həmin islahatlara qanunvericilik səviyyəsində öz töhfəmizi verməkdir. Yəni bu dəyişikliklərə də, məhz həmin islahatların bir tərkib hissəsi kimi yanaşma olmalıdır”. Müzakirələrdən sonra qanun layihəsinə dəyişikliklər parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu