Bizə lazımdır ki...

...Ermənilər əsasən Qarabağ həqiqətlərindən xəbərdar olsunlar
Bütün medianın, saytların erməni dilində məlumatlar yaymasına ehtiyac yoxdur


Qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə böyük yük düşür. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasına və dövlətimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dili ilə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız, alman, ərəb, fars və s. dillərdə fəaliyyət göstərirlər. Məsələn, AZƏRTAC öz materiallarını 7 dildə, "Trend” informasiya agentliyi və "Azvision.az” portalı 6, "Report” isə 3 dildə yayımlayır. Bu yaxınlarda xarici dillərin sırasına daha biri, uzun zaman müzakirə mövzusu olan erməni dili də əlavə olunub.

(əvvəli ötən sayda)

Ölkənin nüfuzlu xəbər portallarından hesab olunan "APA” informasiya agentliyi erməni dilində "online” xəbər yayımı ilə məşğul olmağa başlayıb. APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdırmaq məqsədi daşıyır: "Cəbhədə baş verən son hadisələr, məlumatların həm də erməni dilində yayımlanmasını daha zəruri etdi. İnformasiyaların təhlili onu göstərir ki, erməni mediası öz ictimaiyyətinə doğru xəbər çatdırmır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan reallıqları ilə bağlı xəbərlər tamamilə təhrif olunaraq çatdırılır. Elə son hadisələr zamanı real vəziyyət, Ermənistan Ordusunun itkiləri erməni xalqından gizlədildi. APA-nın erməni dili xidməti isə bu məlumatların erməni ictimaiyyətinə tam dolğun, heç bir manipulyasiyaya yol vermədən çatdırılmasına xidmət edəcək”. V.Mahirqızı əlavə edib ki, rəhbərlik etdiyi agentliyin erməni dili versiyasının yaradılması fikri əvvəlcədən var idi: "Bu ideya çoxdan olub. Hələ bir neçə il əvvəl biz APA-da belə bir xidmət yaratmaq istəyirdik. Lakin son vaxtlar Ermənistan mediasının öz ictimaiyyətindən xəbərləri gizlətməsinin intensivləşməsi bu qərarı verməyimizi sürətləndirdi”. Yeni layihənin uğur qazanacağına əminliyini ifadə edən holdinq rəhbəri bəyan edib ki, bunun üçün Türkiyədən bir neçə mütəxəssis cəlb edilib: "Azərbaycanda erməni dilini mükəmməl bilən bir neçə mütəxəssis var. Biz onlarla çalışırıq. Eyni zamanda qonşu Türkiyədən də bir neçə mütəxəssis cəlb etmişik. Bizimlə erməni dilində yaza bilən jurnalistlər, araşdırmaçılar və tərcüməçilər çalışacaq”. Vurğulanan məsələləri nəzərə alan əksər media nümayəndələri xəbər portallarında erməni dilinin olmasını məqbul sayırlar. Hətta bunun kütləvi hal almasını zəruri hesab edənlər də var. Amma ideyaya birmənalı yanaşmayanlar da az deyil. Xüsusi olaraq erməni dilinə ehtiyac olmadığını düşünənlər deyirlər ki, ermənilərin böyük əksəriyyəti informasiyaları rus dilində əldə edə bilirlər. Ona görə də bunun bir neçə saytda olması kifayətdir. Məsələni araşdırmaq üçün xəbər portallarının rəhbərlərinin və media ekspertlərinin fikirlərini öyrəndik.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, APA-nın erməni dilində məlumat verməsi alqışlanmalıdır: "Mən uzun müddət erməni mətbuatını yaxından izləmişəm. Erməni mediasına məxsus bir taktika mövcuddur. Adətən bütün ölkələrdə saytlar iki və ya üç dildə fəaliyyət göstərirlər. Məsələn, MDB məkanında, o cümlədən Azərbaycanda xəbər portalları əsasən üç dildə - milli dil, rus və ingilis dillərində yazı hazırlayırlar və bu xəbərlər olduğu kimi tərcümə edilir. Ancaq ermənilər daxili problemlərinə aid olan, onlara utanc gətirən informasiyaları dəyişdirirlər. Hətta digər dillərdə verdikləri məlumatların da sadəcə başlığını olduğu kimi saxlayır, mövzunun mahiyyətini isə dəyişirlər. Yəni həqiqəti gizlədərək həm erməni cəmiyyətinin, həm də dünya ictimaiyyətinin doğru bilgi əldə etməsini əngəlləyirlər. Bu baxımdan Azərbaycan mediasının sırf erməni dilində material verməsi lazımlıdır. Erməni auditoriyasını reallıqlarla tanış etməliyik. Nəzərə almalıyıq ki, erməni xalqının heç də hamısı hakimiyyətin tutduğu mövqe ilə razı deyillər. Onların fərqli fikirləri, düşüncələri var. Amma erməni hökuməti və diasporası sadə erməniləri həqiqi informasiyalardan məhrum edir”. M.Ələsgərlinin sözlərinə görə, bütün KİV-lərdə erməni dilində xidmət şərti qoymaq düzgün deyil: "Buna ehtiyac yoxdur. Belə xidmət daha çox iqtisadi imkanlarla və kadr potensialı ilə bağlı məsələdir. Bildiyimə görə, erməni dilini bilən mütəxəssislər o qədər də çox deyil. Lakin kimin imkanı varsa, prosesə dəstək verə bilər. Fikrimcə, sadəcə rus dili ilə kifayətlənmək lazım deyil. Çünki sırf erməni dilini bilən kifayət qədər böyük auditoriya var. Eyni zamanda bütün informasiyaların tərcüməsinə də ehtiyac görmürəm. Sadəcə ermənilər üçün təsirli olan məlumatların tərcümə edilməsi kifayətdir”.

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə bunun effekt verməyəcəyini düşünür: "Əgər biz eşitsək ki, Ermənistanda Azərbaycan dilində sayt fəaliyyət göstərir və ya hansısa xəbər portalı bizim dildə məlumat yayır, hər birimiz onu oxumağa can atarıq. Lap əleyhimizə olsa belə, həmin informasiyalara göz gəzdirərik. Əgər biz o mənbəni inanaraq oxuyacağıqsa, deməli, ermənilər də bizim informasiyalara inanacaqlar. Mən ara-sıra rus kanallarına baxanda orada əleyhimizə danışan ekspertləri görürəm və bilirəm ki, bu artıq veriliş yox, təxribatdır. Ona görə də həmin proqramlara baxmıram, çünki izləyəndə əsəbiləşirəm. Halbuki, o verilişlər kifayət qədər yüksək keyfiyyətlə hazırlanır. Rus və türk dilində olan erməni saytlarını isə ümumiyyətlə izləmirəm. İzləyənlərin sayının çox olduğunu da düşünmürəm. Yəni hesab etmirəm ki, erməni dilli oxucular bizim xəbərlərə böyük maraq göstərəcək. Çünki ümumi anlamda qarşı tərəflərin yaydığı informasiyalara inam azdır”.

"Xalq Cəbhəsi” qəzetinin və "Baymedia” informasiya agentliyinin rəhbəri Elçin Mirzəbəyli də deyib ki, bütün saytların erməni dilində xidmət göstərməsi arzuolunan deyil: "Bu işi bacaran peşəkar insanların çalışdığı strukturların belə bir addım atması daha məqsədəuyğundur. Yəni Azərbaycanda iki-üç agentliyin erməni dilində xəbər yayması kifayətdir. Kütləvi şəkildə prosesə girib rəqabət aparmaq son nəticədə ziyan verə bilər. Çünki rəqabətə davam gətirməyən bəzi media qurumları erməni saytlarından materialı olduğu kimi götürüb öz saytlarında verərlər ki, bu da ölkə maraqlarına zərər vurar”. Lakin bununla yanaşı, baş redaktor hesab edir ki, düşmənin dilində danışmaq və həmin dildə təbliğat aparmaq vacibdir. Çünki indiki dövrdə informasiya silahı olduqca təsirlidir: "Birincisi, erməni cəmiyyəti bütövlükdə rus dilini bilmir. İkincisi, ermənilərin saytlarına diqqət yetirsək görərik ki, erməni dilində olan portallarla rus dilində olan saytlar arasında fərq böyükdür. Bu baxımdan düşünürəm ki, belə bir xidmətin yaradılması yaxşı haldır. Bildiyiniz kimi, bu proses televiziya müstəvisində davam etdirilir. Amma yaxşı olar ki, ermənilərlə sərhəd bölgələrdə bütövlükdə erməni dilində yayım verən telekanal açılsın”.

"Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da APA-nın erməni dilində informasiya yaymasını alqışlayır. Amma media nümayəndəsi düşünmür ki, bu işlə bütün saytlar məşğul olmalıdır: "Ümumiyyətlə, saytların başqa dillərdə fəaliyyəti müsbət haldır. Amma erməni dilinin növbəsinə hələ çox var. Ona kimi saytlar başqa xarici dillərdə məlumat yaymağı daha effektli hesab edirlər. Axı erməni kimdir, nə boyda millətdir ki, biz onların dilində dünyaya xəbər çatdıraq?! Məncə, Azərbaycanda rəsmi agentliklərin erməni dilində informasiya yayması kifayətdir. Bu da onun üçün nəzərdə tutulur ki, başqa xarici dil bilməyən sadə erməni xalqı erməni mətbuatının dezinformasiyalarına aldanmasın və həqiqəti bilsin. Ancaq yenə deyirəm, bunun kütləviləşməsi məsləhət deyil”.

Baş redaktorun fikrincə, əsas məsələ cəbhə ilə bağlı real vəziyyəti özündə əks etdirən informasiyaların erməni dilinə tərcümə olunmasıdır: "Erməni oxucusu üçün bütün məlumatları tərcümə etməyə ehtiyac yoxdur. Bizə lazımdır ki, ermənilər əsasən Dağlıq Qarabağla bağlı həqiqətlərdən və beynəlxalq təşkilatların obyektiv mövqelərindən xəbərdar olsunlar. Nəzərə almalıyıq ki, erməni mətbuatı sadəcə cəbhə xəbərlərini yanlış olaraq cəmiyyətə çatdırmır, eləcə də hakimiyyətin uğursuz siyasətini başqa rəngdə cəmiyyətə çatdırır. Biz belə faktlarla dəfələrlə rastlaşmışıq”.

İsmayıl