"Hansı ölkədə qadınların özəl sektorda iştirakı yüksəkdirsə, həmin ölkələrdə dayanıqlı iqtisadi inkişafın əsasları güclü olur"
"Bizneslə məşğul olan xanımlar üçün kredit imkanlarına çıxış asanlaşdırılmalı, güzəştlər tətbiq edilməlidir. Dövlət tərəfindən də müəyyən təşviqedici addımların atılmasına ehtiyac var"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitənin illik hesabatına dair keçirdiyi kollegiya iclasında qadınlar arasında məşğulluğun artırılmasının önəminə diqqət çəkib. Bu sahədə ciddi çatışmazlıqlar olduğunu vurğulayan Hicran xanım deyib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür.
Onun sözlərinə görə, qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.
İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda qadınların özəl sektorda, biznesdə iştirakının qaneedici səviyyədə olmadığını deyib. Onun sözlərinə görə, indinin özündə belə bu sahədə kişi dominantlığı özünü daha qabarıq formada göstərir. Həm firma sahibləri, həm də təsisçiləri kişilərdir. Kiçik və orta sahibkarlıqda təmsil olunan qadınların sayı çox azdır.
Bu sahədə ciddi problemlərin olduğunu vurğulayan iqtisadçı xanımların daha çox büdcə təşkilatlarında çalışdıqlarını deyib:
"Bu isə ürəkaçan deyil. Beynəlxalq hesabatlara görə, hansı ölkədə qadınların özəl sektorda iştirakı yüksəkdirsə, həmin ölkələrdə dayanıqlı iqtisadi inkişafın əsasları daha güclü olur. Bu nöqteyi-nəzərdən Hicran xanımın dediklərində böyük həqiqət var.
Bu sahəyə ciddi diqqət ayrılmalıdır. Amma problemin həlli üçün sistemli addımlar atılmalıdır. Hesab edirəm ki, qadınların bu sahədəki fəaliyyətini stimullaşdırmaq üçün onlara xüsusi imtiyazlar vermək olar. Yəni bizneslə məşğul olan xanımlar üçün kredit imkanlarına çıxış asanlaşdırılmalı, güzəştlər tətbiq edilməlidir. Dövlət tərəfindən də müəyyən təşviqedici addımların atılmasına ehtiyac var. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması ilə bu məsələnin həlli inandırıcı görünmür".
N.Cəfərlinin sözlərinə görə, sırf qadınlar üçün biznes güzəştləri və xüsusi imtiyazlar dünyanın keçdiyi bir yoldur:
"Avropa ölkələrinin böyük əksəriyyəti 70-ci illərdən başlayaraq xanımların biznesə cəlb olunmasında müəyyən təşviq proqramları tətbiq ediblər. Xanımların biznesdə iştirakı üçün münbit şərait yaradıb, əlavə olaraq da onların peşə hazırlığı kurslarına cəlb olunması fonunda xanımların iqtisadi aktivliyinin yüksəlməsinə nail olmaq olar”.
Şəymən