“Bloomberg”in iddiası absurddur"

Dolların hökmranlığı sona çatmır
Sadəcə Trampın siyasətindəki boşluqlar dollarla bağlı müəyyən problemlər yaradıb


Dünya bazarında iqtisadi güclər arasında gedən müharibədə ABŞ-ın diktələrinin yüksəlməsi dollara münasibəti dəyişməyə başlayıb. "Bloomberg”in ekspertləri dolların hökmranlığının sona çatması ilə bağlı fikir səsləndiriblər.
Ekspertlər Rusiya Nazirlər Kabinetinin bəyanatı və Çin hökumətinin dollarla əməliyyatları azaltmaq üçün verdiyi açıqlamalara diqqəti cəlb edərək, qlobal maliyyə sistemində baş verənləri təhlil ediblər.
Artıq bir sıra ölkələr, o cümlədən Rusiya ABŞ valyutasında aktivlərini azaldır. Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən "tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

İqtisadi güclər arasındakı valyuta müharibələri ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli son aylarda dolların kifayət qədər yüksəldiyini deyib. Ekspert bildirib ki, ilin əvvəlində dollar indeksi 88 funta yaxın idi. Bu gün isə 97 funta yaxındır. İqtisadçının sözlərinə görə, dünyanın pul vahidləri qarşısında dolların gücləndiyini görürük:

 "Hətta İranda, Rusiyada əsasən də Türkiyədə milli valyutalar dollar qarşısında kifayət qədər dəyərdən düşdü. Dolların zəifləyə biləcəyi ehtimalları haqqında bəlkə 50 ildən çoxdur ki, məlumatlar verilir. Amma dolların dünya ticarətinin 71 faizinə nəzarət etdiyini düşünsək, qısa zamanda onun zəifləmə ehtimalı olduğunu deyə bilmərik”.

N.Cəfərli yaxın zamanda dünya iqtisadiyyatında Amerika və digər ölkələrin milli valyutaları ilə bağlı baş verə biləcək məsələlərə də toxundu:

 "Son zamanlar Amerikanın dünya ticarətinə mane olmasını müşahidə edirik. ABŞ bəzi ölkələrə vergi rüsumları tətbiq edir, əsasən də Çinə, Avropa Birliyinə, Meksikaya, Kanadaya qarşı belə addımlar atır. Bu isə dünya ticarətinin zəfiləməsinə səbəb ola bilir. Dünya ticarətinin zəifləməsi fonunda Amerikanın özünün də zəiflədiyi müşahidə olunacaq. Çünki dünya iqtisadiyyatının üçdə biri Amerikada birləşir. ABŞ dünya iqtisadiyyatının təqribən 26 faizini təşkil edir”.

İqtisadçının sözlərinə görə, dolların yüksəlməsindən kənarda durmaq istəyən ölkələrin sayı artacaq:

 "Çinlə Rusiya birləşib öz aralarında qərar qəbul ediblər. Lakin texniki çətinliklər çoxdur və 4 il bundan qabaq qərar verilsə də, hələ ticarətdə milli valyutalara, yəni, rus rubluna və Çin yuanına keçə bilmirlər. İndi isə Türkiyə Rusiya ilə müqavilə bağlayıb, lakin müəyyən problemlər var. Problem ondan ibarətdir ki, iş adamları özlərini sığortalamaq istəyir. Əgər milli valyuta ilə müqavilələr bağlanacaqsa, milli valyutaların tez-tez dəyərdən düşməsi fonunda itkilər artacaq”.

Dolların qısa bir zamanda dünyada önəmini itirəcəyi ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini vurğulayan iqtisadçı ABŞ-ın milli valyuta ilə bağlı uzun zaman öz siyasətini həyata keçirəcəyini deyib:

"Hələlik Trampın komandası mövcud siyasəti davam etdirir. Amma 2020-ci ildə növbəti prezident seçkiləridir. Əgər Tramp seçilməsə, deməli, bu siyasət də sona çatacaq və başqa bir siyasət olacaq. Ona görə də hələlik böyük proqnozlar vermək yersizdir. Əgər 2020-ci ildə Tramp yenidən qalib gəlsə və növbəti 4 ildə valyuta müharibələrinin davam etdirilməsinə qərar versə, dolların təsirini azaltmaq üçün Avropa Birliyi ölkələri, Çin və Rusiya daha kəskin addımlar ata bilər”.

Yeganə Bayramova