Bölgədə həssas proseslər yaşanır

Ekspertlər prezidentlərin Ankara görüşünü tarixi hadisə kimi dəyərləndiriblər




Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev seçkidən sonra ilk səfərini Türkiyəyə edib. Dövlət başçısı qardaş ölkədə böyük təntənə və mehribanlıqla qarşılanıb. Hətta ilk dəfə olaraq Prezidentin qarşılanma mərasimində "Can Azərbaycan” musiqisi səsləndirilib.

Bəllidir ki, səfərin əsas məqsədi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak etmək və Türkiyə ilə mühüm sənədlərə imza atmaq olub. Ancaq liderlər arasında ikitərəfli əməkdaşlıqdan savayı regional məsələlərin, Dağlıq Qarabağ probleminin və digər bir çox mühüm problemlərin də müzakirə olunduğu şübhəsizdir. Xüsusən, Ermənistandakı proseslər fonunda, Rusiya kəşfiyyatının rəhbəri Narışkinlə görüşdən dərhal sonra Prezident İlham Əliyevin Türkiyəyə səfəri bir çox mətləblərdən xəbər verir. Analitiklərə görə, dövlət başçısının yenidən prezident seçiləndən sonra xaricə ilk səfərini məhz qardaş ölkəyə etməsi Türkiyə-Azərbaycan arasındakı sarsılmaz dostluğun və qardaşlığın göstəricisidir.

Səfərin məqsədi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan və Türkiyə prezidentləri bir qayda olaraq ilk rəsmi səfərlərini qardaş ölkələrə edirlər. Ekspertin fikrincə, ənənə halını almış bu səfərlər çox vacib bir hadisədir: "Liderlərin görüşündə diqqətimi çəkən və xoş duyğular bağışlayan anlar yaşandı. Hər iki dövlət başçısının biri-birinə "qardaş” deyərək müraciət etməsi olduqca xoş duyğular yaradır. Bu cür davranışlar həqiqətən də "bir xalqın iki dövləti var” yanaşmasını qüvvətləndirir. Görüş zamanı diqqətimi çəkən daha bir hadisə də oldu. Cənab İlham Əliyev çıxış edərkən ortaq türk dilində danışdı. Əslində İlham Əliyev bu çıxışı ilə ortaq türk dilinin təxminən necə olmasının konturlarını cızdı”. Analitik bəyan edib ki, Prezidentin Türkiyəyə səfəri öncəsi Rusiya kəşfiyyat rəhbəri Narışkinin Bakıya qəfil təşrif buyurması diqqət çəkirdi: "Təbii ki, bu gəliş Ermənistanda baş verən hadisələr və Türkiyə-Rusiya münasibətləri ilə əlaqəlidir. ABŞ-ın Suriyada apardığı hərbi əməliyyatlara Türkiyənin birmənalı dəstək verməsi Rusiyada narahatlıq yaradıb. Böyük ehtimalla Narışkin bu məsələ ilə bağlı Ərdoğana Putinin müəyyən mesajlarını çatdırmaq və Ermənistandakı vəziyyəti müzakirə etmək üçün Bakıya gəlmişdi”.

V.Əfəndiyev Ermənistandakı prosesləri əsas gətirərək müharibə çağırışları edənlərə bu cür cavab verib:


 "Müharibəni yenidən alovlandırmaqla Rusiya nəzarətdən çıxmaq üzrə olan Ermənistana təzyiq etmək şansı əldə edəcək. Ona görə də indiki zamanda Qarabağda hərbi əməliyyatları genişləndirmək düzgün olmaz. Biz marağında olmalıyıq ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxıb Türkiyə ilə yaxınlaşsın. Hərbi variant isə hər zaman əlimizin altındadır. Ermənistan hakimiyyəti müharibənin bitməsini və xalqının firavan yaşamasını istəyirsə, ilk növbədə Türkiyə və Azərbaycana yaxınlaşmalıdır. Bu yaxınlaşmanın da bir şərti var, aqressiv bəyanatlardan, saxta erməni "soyqırımı”ndan və əsassız ərazi iddialarından əl çəkməlidir. Dağlıq Qarabağ problemi çözüldükdən sonra regionumuza əmin-amanlıq gələcək. O zaman bölgədə həqiqi inkişaf və tərəqqinin şahidi olacağıq”.

"Türkiyədə prezident seçilən şəxsin ilk səfərini Azərbaycana, Azərbaycanın Prezidentinin isə ilk səfərini Türkiyəyə etməsi yaxşı ənənədir”. Bunu isə "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, qarşılıqlı əhəmiyyətli səfərlərin sıx planlaşdırılması strateji müttəfiqliyin xarakterindən irəli gəlir: "Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, enerji layihələri uğurla həyata keçirilir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantıları da mütəmadi xarakter alıb. Əslində iki ölkə arasında xüsusi sənədin imzalanmasına ehtiyac yoxdur. Əsas odur ki, indiki vəziyyətə bir daha diqqət yetirildi, gələcək planlar üçün yeni fikirlər ortaya atıldı.

RəcəbTayyib Ərdoğanın da dediyi kimi Türkiyəyə ən çox yatırım qoyan ölkə Azərbaycandır. 10-15 il əvvəl biz bu statistikanı təsəvvür edə bilməzdik. İndi isə elə maliyyə imkanlarımız var ki, Türkiyədə əsas maliyyə sahibinə çevrilmiş ölkələrdənik. Zavod və fabriklər, boru xətləri, iri həcmli regional layihələr, ortaq strateji planlar iki ölkə arasında əməkdaşlığı artırır”.

İsmayıl