Bombalar susmur...
ABŞ Türkiyənin Suriyadakı əməliyyatlarına qarşıdır
"Son terrorçu məhv edilənə qədər mübarizə davam edəcək”. Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar 30 avqust Zəfər Bayramı münasibəti ilə verdiyi açıqlamasında deyib. Generalın sözlərinə görə, ordunun içində gizlənən xainlər təmizləndikcə Türkiyə Silahlı Qüvvələri daha da güclü olacaq. Akar əlavə edib ki, Türkiyənin Suriyada keçirdiyi "Fərat qalxanı” əməliyyatı ölkə ordusunun güclü olduğunu bir daha göstərdi.
Ağ Evin təhlükəsizlik üzrə müşavirinin köməkçisi Ben Rodes deyib ki, Türkiyənin PKK-nın Suriya qoluna qarşı hərbi əməliyyatları qəbuledilməzdir. Rodes Ərdoğanla Obamanın sentyabrın 4-də Çində görüşəcəyini, Türkiyənin Suriyanın cənubuna doğru həmləsini dəstəkləmədiklərini bildirib. Xatırladaq ki, PKK yönümlü təşkilatlar terror fəaliyyətlərini pərdələmək üçün "Suriya Demokratik Gücləri” adlı təşkilat qurduqlarını bəyan ediblər. Siyasi müşahidəçilər bu addımın PYD-yə açıq dəstək vermək üçün ABŞ tərəfindən atıldığını bildiriblər.
"Türklərə verdiyiniz sözü tutun”
ABŞ-ın sabiq Ankara səfiri Ceyms Cefri ölkəsini PKK-nın Suriya qolu olan PYD-nin Fərat çayının qərbinə keçməyəcəyi ilə bağlı Türkiyəyə verdiyi sözü tutmağa çağırıb. Cefri 35 illik təcrübəsinə əsaslanaraq, türklərə verilən sözü tutmayacağı təqdirdə çox tez peşman olacağını bildirib. İŞİD-in həm ABŞ, həm də Türkiyə üçün təhdid olduğunu vurğulayan Ceyms Cefri Obama rəhbərliyinin İŞİD-ə qarşı döyüşdükləri üçün PYD-ni dəstəklədiyini, ancaq bu terror təşkilatının tək hədəfinin İŞİD olmadığını, şimalda bir dəhliz yaratmaq istədiyini bildirib: "Co Bayden Ankarada Türkiyəyə dəqiq bir şəkildə PYD terrorçularının Fərat çayının şərqində qalacaqları və qərbindəki torpaqları ələ keçirməyə çalışmayacaqları ilə bağlı söz verdi. Türklər bunu qəbul edir, ancaq kürdlər şərqdən çəkilmir. 35 illik təcrübəmə görə, əgər türklərə verdiyiniz sözə sadiq qalmasanız çox tez peşman olacaqsınız”.
"PYD Türkiyəni kimyəvi silahla vura bilər”
Əsəd rejimi ABŞ və Almaniyadan aldığı silahlarla PYD-ni təmin edib. Suriya ordusunun kimyəvi silahlardan məsul şəxsi olmuş general Zahir Sakit rejimin Haseke şəhərində saxladığı kimyəvi silahları PKK-nın Suriya qolu olan PYD-yə verdiyini açıqlayıb: "İŞİD 2015-ci ilin iyun ayında Hasəkə şəhərinin mərkəzində bir çox mühüm nöqtəni ələ keçirdi. Bundan sonra Suriya rejimi orada saxladığı kimyəvi silahları PYD-yə verdi. Müxtəlif tarixlərdə 3 dəfə kürdlər kimyəvi silahla təmin olunub. Rejimin çəkildiyi bölgələrdəki kimyəvi silahlar heç bir şəkildə məhv edilməyib. Qruplaşma bu silahlardan Türkiyəyə qarşı da istifadə edə bilər”.
Suriya Türkiyədən BMT-yə şikayət etdi
Suriya hökuməti Türkiyənin ölkənin şimalında həyata keçirdiyi əməliyyatlarla bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Şikayət məktubunda Türkiyənin hərəkətlərindən ciddi narahatlıq ifadə edilib. Rəsmi Dəməşq iddia edib ki, guya "Fərat Qalxanı” əməliyyatı zamanı mülki insanlar ölüb.
"İŞİD-in tamamilə məhv ediləcəyi gün yaxındır”
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fırat qalxanı” əməliyyatı İŞİD-lə mübarizədə yeni mərhələnin başlanmasına səbəb oldu. Avqustun 24-dən, məhz qardaş ölkənin Suriyada əməliyyatlara başlamasından bu günə kimi 100-dən çox terrorçu zərərsizləşdirilib. Türkiyə ordusunun həyata keçirdiyi hücum əməliyyatları ilə terrorçular Rakkaya doğru sıxışdırılıb. Koalisiya qüvvələri Mosuldakı İŞİD-çilərin məhv edilməsi üçün hücuma hazırlaşır. Politoloqlar hesab edirlər ki, təxminən beş min döyüşçüsü qalan terror təşkilatının sonuncu üzvü bu ilin sonuna kimi məhv ediləcək. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ABŞ hər iki cəbhəyə, həm Mosula, həm Rakkadakı əməliyyatlara havadan dəstək verir: "Yaxın günlər üçün nəzərdə tutulan hücum əməliyyatlarına ABŞ-la yanaşı, İngiltərə və Kanadanın da qoşulacağı gözlənilir. Əgər Rusiya və İran da müdaxilə edərsə, İŞİD tamamilə məhv ediləcək”. Politoloq deyib ki, terrorçu təşkilat məhv edildikcə, qələbədən pay almaq üçün onlara qarşı savaş açanların sayı çoxalacaq. Hətta, vaxtilə İŞİD-ə dəstək verənlər belə mübarizəyə "dəstək” verəcək.
Rusiyanın sakit qalmasının səbəbi
Politoloq Arzu Nağıyev bildirib ki, Qərb dövlətləri, Rusiya və Türkiyə Suriya ilə sərhəddə "bufer zona” yaratmaqla bağlı razılığa gəliblər:
"ABŞ bu təklifi müsbət dəyərləndirib. Hətta Əsəd rejimi də məsələyə normal yanaşıb. Zonanı yaratmaqda məqsəq terror qruplaşmaları ilə ayrı-ayrılıqda mübarizə aparmaq olub. Lakin Rusiyanın, Suriyanın və ABŞ-ın qəbul etmədiyi əsas məsələ PKK-ya yaxın silahlı kürd qruplaşmalarının terrorçu kimi qəbul edilməsidir. Ona görə də həmin dəstələrə qarşı həyata keçirilən hərbi əməliyyatlar xoş qarşılanmır. Rusiyanın susqunluğunun səbəbləri var. Suriya ilə bağlı istənilən addım Qərbin Moskvaya qarşı növbəti siyasi və iqtisadi sanksiyalarına yol açar. Bu, hazırda Kremlin istəmədiyi şeydir. Amma Moskvanın uzun müddət səssiz qalacağını demək olmaz”. Ekspertin fikrincə, İran və İsraillə Türkiyə arasında əldə olunan razılıq, eyni zamanda İranın Suriyadan qoşunlarını çıxartması türk qoşunlarının hərbi əməliyyatlara başlayacağının xəbərçisi idi: "İsrail "holland təpələri” ilə bağlı Türkiyə ilə razılaşdı və Suriyada bir neçə nöqtələri bombaladı. İndi növbə Türkiyənindir. Regionda baş verən proseslərdə təkcə Rusiya, İran və Türkiyənin deyil, Qərb dövlətlərinin də maraqları nəzərə alınmalı idi. Ancaq ziddiyyətli bir məsələ var. Avropa ölkələri çalışır ki, müttəfiq güclər tərəfindən qorunan "bufer zona”ya müsəlman qaçqınlar yerləşdirilsin. Bu, Avropanın miqrant böhranından qurtulması deməkdir. Ancaq ABŞ qətiyyətlə buna qarşı çıxır və Türkiyəyə formal dəstək verir”.
İsmayıl