Boşanmalar artır

Lalə Mehralı: “Razıyam ki, boşanmalarda qadınların payı böyükdür”
Aynur Veysəlova: “Məqsədsiz qurulan ailələr tez dağılır”


Azərbaycanda boşanmaların statistikası ildən-ilə, hətta gündən-günə artan xətt üzrə "inkişaf” edir. Dünyaya daim fəxrlə təqdim etdiyimiz Azərbaycan ailəsi bu gün ən aşağı göstəricilərlə, çətin durumuyla həyatda mücadilə edir. İndi gənclər birgə yaşamağı bacarmayanda, artıq əvvəlki nəsil kimi dözümlülük nümayiş etdirmir, ən son atacaqları addımı elə ən başda atırlar, yəni birdəfəlik ayrılırlar.

Bir anın içərisində gəncikən deyilən sözlər, içilən andlar hamısı unudulur. Sevgi dolu baxışlar nifrətə dönür. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar: Xəyanət? Ya xasiyyətlər tutuşmur? Bəlkə, kənar müdaxilələr, basqılar gəncləri ayrılmağa vadar edir?

Bütün bu suallara "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı ilə cavab tapmağa çalışdıq. Təbii ki, bizim məqsədimiz kimisə qınamaq və ya təqsirli bilmək deyil. Hər halda heç bir insan ayrılmaq üçün ailə qurmur. Ayrılanların isə özünə görə səbəbləri olur. Bəzən istəyərək, bəzən də istəmədən boşanmaq məcburiyyətində qalır. Amma unutmayaq ki, dünya gəlimli-gedimli, bir ucu da ölümlüdür. Allah verən ömrü dava-dalaşla başa vurmaqdansa, gözəlliklərdən zövq alaraq bütün çətinliklərə sinə gərmək gərəkdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 39,9 min nikah və 7,5 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova son 3-4 ildə boşanmaların sayında ciddi artım müşahidə olunduğunu deyib. Bu artımın narahatlıq doğurduğunu vurğulayan baş məsləhətçinin sözlərinə görə, adətən məqsədsiz qurulan ailələr tez dağılır: "Həmin ailələrdə davamlı münaqişələr baş verir. Ona görə də hər iki tərəf öz məqsəd və niyyətlərində düzgün olmalı, biri-birlərinə özləri haqda doğru məlumat verməlidir. Yaxud da boşanmaların səbəbi kimi zərərli vərdişləri göstərə bilərik. Nikahdan əvvəl qarşı tərəfin zərərli vərdişinin olması gizlədilir və bu, birgə yaşayış vaxtı üzə çıxır”.

Lalə Mehralı "Şərq”ə açıqlamasında Azərbaycanda boşanmaların səbəblərinin olduqca müxtəlif olduğunu desə də, əsas amil kimi sonsuzluğun üzərində dayanıb: "Bura erkən nikah, sonsuzluq, qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər, maddi cəhətdən bərabər olmayan ailələr və s. daxildir. Amma bu səbəblər içində boşanmaya ən çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim mentalitetdə "uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Çox maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. Təsəvvür edin, hər il ölkədə orta hesabla 80 min nikah kəsilir, onlardan 10 mini boşanır. Boşanan hər 10 min ailədən 8 mininin övladı yoxdur. "Əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur” - bu düşüncə tərzi Azərbaycanda ailə institutunu dağıdır”.

Sosioloq maddi problemlərə görə də boşanmaların olduğunu istisna etməyib: "Bunu inkar etmirəm, var. Amma maddi problem faktoru boşanma səbəbləri arasında 10-15-ci yerdə qərarlaşır. Boşanmaların əsas səbəbləri ailədaxili zorakılıq, münasibətlərin düzgün qurulmaması, zərərli vərdişlərə aludəçilikdir. Onu da deyim ki, boşanma halları region və paytaxta görə dəyişir. Məsələn, Gəncə şəhərində 2012-2013-cü illərdə nikaha girən hər 4 cütlükdən biri boşanırdı. Amma digər rayonlarda vəziyyət qənaətbəxşdir. Ümumiyyətlə, yeni ailələrin ilk 3 ili kritik dövr olduğu üçün istər paytaxtda, istərsə də regionlarda böyüklər tərəfindən maksimum güzəşt edilməlidir. Onlara nə çox müdaxilə etmək lazımdır, nə də uzaqlaşdırmaq. Mümkün qədər onlara öz ailələrini möhkəm qurmaq üçün imkan yaradılmalıdır”. Axır illərdə boşanmaların sayının bu qədər artmasının əlaqədar qurumları da narahat etdiyinə diqqət çəkən Lalə xanım deyib ki, bu səbəbdən də lazımi layihələr həyata keçirilir, AQUPDK regionlarda Dəstə Mərkəzləri açır, qadınlara ailə, büdcə idarəetməsi, problemlərdən çıxış yolu mövzularında təlimlər verilir, qadınlara hüquqları başa salınır, sənət öyrədilir, öz pullarını qazanmağa şərait yaradırlar: "Əgər qadın da ailəyə pul gətirirsə, ərinə dəstək olursa, deməli, boşanmaya səbəb olan səbəblərdən biri - maddi problem aradan qalxmış olur, nəticədə boşanan ailə sayı azalır. Həmçinin, hər il may ayının 15-də Beynəlxalq Ailə Günü ölkəmizdə də qeyd edilir, bu günün daha yüksək səviyyədə qeyd edilməsinə nail olmaq lazımdır. Çünki ailə olmaq möhkəm cəmiyyəti, həmin cəmiyyət isə güclü dövləti formalaşdıracaq. Biz bu günü boşanmaların faizinin azalması, daha möhkəm ailələrin qurulması üçün təbliğ etməliyik”.

Sosioloqun sözlərinə görə, orta və yaşlı nəsil boşanmalara səbəb kimi indinin qızlarının dözümsüz olduğunu səbəb kimi göstərməklə haradasa haqlıdırlar: "Razıyam ki, boşanmalarda qadınların payı böyükdür. İndi qızlar ailədə kiçik söz-söhbəti böyüdüb fil boyda edirlər. Məsləhət almağı sevmirlər, qayınananı düşmən hesab edirlər. Tutaq ki, bir gəlin dolma bükür, qayınana dolmanı bükməyinə müdaxilə edir, "elə yox, belə bük” deyir. Gəlin "yaxşı” da deyə bilər, amma "mən istədiyim kimi edirəm, qarışma” deyib çəmkirir. Bunu misal üçün deyirəm, sözüm odur ki, indi gənc ailələrin əksəriyyətinin tək yaşamasına səbəb də elə qızların böyük məsləhətinə qulaq asmaq istəməməsidir. Mənim qayınanam da, anam da rayonda yaşayır, biz Bakıda, amma mətbəxdə bir çətinliyim olanda hansı olsa ona zəng edirəm. Tutaq ki, ət qovururam və qayınanamın etdiyi kimi alınmır, zəng edib özündən soruşuram. Zərim tökülmür ki? O məndən böyükdür, təbii ki, təcrübəsi də çoxdur. Məsləhətli don gen olar. Amma gəlin tanıyıram ki, qayınana paltar asmağına qarışdığı üçün iş boşanmaya qədər gedib. Təbii ki, bu, bütün qızlara aid deyil”.

Şəymən