Böyük bəla...

Sosial şəbəkələrdə sanki məişət zorakılığı təbliğ olunur
"Hadisənin mahiyyətinə varmadan, araşdırma aparmadan ictimaiyyət haqqında material dərc olunan qadınları ittiham edir. Çünki qanundan fərqli olaraq cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yoxdur"



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyəti zorakılığa etiraz etməyə səsləyib. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığını qadınların hüquqlarının ciddi pozuntusu kimi dəyərləndirən komitə sədri deyib ki, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, sosial şəbəkə istifadəçiləri öz paylaşımları ilə məişət zorakılığını stimullaşdırır. Biz ən əsası bu prosesin qarşısını almaq üçün zəruri addımlar atmalıyıq:

 " Zorakılığa çağırış xarakterli paylaşımlar edən insanlar arasında kişilər də, qadınlar da var. İctimai fikrin dəyişməsi üçün adekvat addımlar atılmalıdır. Məişət zorakılığının və qadınların hüquqlarının pozulması istiqamətində hökumət kifayət qədər tədbirlər görməyə çalışır. Amma qadın zorakılığına dəstək verən bəzi ictimaiyyət nümayəndələrinin paylaşımları diqqəti əks yönə istiqamətləndirir. Hesab edirəm ki, bu cür insanlara qarşı profilaktik və ya inzibati tədbirlər görmək lazımdır. 

Çünki bu tendensiyanın arealının genişlənməsi xoşagəlməz hadisələrə səbəb ola bilər. Zorakılıq, şiddət qadının həyatına vurulan ən böyük zərbədir. Bu azmış kimi qadınlarla bağlı video-roliklərin paylaşılması, feysbuk istifadəçilərinin müzakirəsinə buraxılması doğru deyil. Bu cür həssas məsələlərdə diqqətli olmaq lazımdır. Qadınlara qarşı zorakılıq təbliğ ediləndə bu məsələnin həssas olduğunu unutmaq lazım deyil. 

Hadisənin mahiyyətinə varmadan, araşdırma aparmadan ictimaiyyət haqqında material dərc olunan qadınları ittiham edir. Çünki qanundan fərqli olaraq cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yoxdur. Qadınlara qarşı stereotiplərin qaldırılmaması, sosial-iqtisadi vəziyyət qadınları intihara sürükləyir. Bu kimi problemin bir səbəbi də qadın hərməyliyinin olmamasıdır. Bunun üçün isə qadınlar təhsilli olmalı və öz hüququnu bilməlidir. 

Elə bir vəziyyətdir ki, hər hansı qadını bir saniyədə məhv etmək olar. Bu, qadınlara qarşı böyük təhlükədir. Qadınların təhlükəsizliyini təmin edəcək indiqatorlar yoxdur. İstənilən şəxs təhlükə ilə üz-üzədir. Yalanlar o qədər inandırıcı tədqim edilir ki, insanlar ortada qalır. Xüsusən, sosial şəbəkədə bir saniyədə hər hansı şəxs haqqında elə sözlər yazıla bilər ki, onu tanımayanlar belə, həmfikir ola bilər”.

M.Zeynalovanın sözlərinə görə, mövcud tendensiyanı aradan qaldırmaq ictimai təşkilatların, medianın üstünə düşür. Vəziyyət çox ciddi hal aldığı təqdirdə isə hüquq-mühafizə orqanlarının əməkdaşları real addımlar atmalıdır: 

"Bəzən medianın özü də qadın zorakılığını təbliğ edən yazılar verir. Xüsusən də məişət zorakılığından bəhs edən yazıların başlıqları həddindən artıq sensasiyalı olur. Halbuki yazının içərisində elə bir ciddi məsələ yoxdur. Bu barədə Mətbuat Şurasına da müraciət etmişik ki, bəzən insanlar yazıların içərisini oxumur, başlığa istinadən qadınlar haqqında xoşagəlməz iddialar irəli sürürlər”.

Şəymən