Böyük əfv sərəncamı gözlənilir
Milli Məclisin spikeri xoş xəbərin anonsunu verdi
Ötən gün Milli Məclisin iclasına sədrlik edən spiker Oqtay Əsədov öncə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: "Cənab prezident Fəttah müəllimi "İstiqlal” ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi. Mən də Milli Məclis adından Fəttah müəllimi təbrik edirəm”. Spiker sonra iclasın gündəliyini elan edib.
Qeyd edək ki, millət vəkilləri 19 məsələni müzakirə ediblər.
O.Əsədov xəbər verib ki, hazırda Milli Məclisin 20 deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir. Sədr bildirib ki, Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır: "Xocalı soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.
1500 nəfərin cəzası yüngülləşdirilir
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov siyasi məhbus məsələsindən danışıb. Deputat Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanıldığını söyləyib. S.Novruzov ölkə başçısına buna görə təşəkkür edib: "Nümayəndəlik institutu ləğv edilən zaman çoxları narahat oldu. Amma prezidentə təşəkkür edirəm ki, vəkillər, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı fərman verdi. Bu fərman ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Biz gördük ki, cənab prezident insanların hüquqları ilə bağlı problemləri həll etdi. Bu, çox müsbət addımdır. Fərmanla 1500 nəfərin cəzası yüngülləşdirilir, onların cəzanın çəkilməyən hissəsindən azad edilməsi prosesi başlayır. Bu özü əslində əfvdir. Son illər ölkədə çoxlu sayda əfv və Amnistiya aktı qəbul edilib, kifayət qədər insan azadlığa buraxılıb. Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib”.
"Azərbaycanda siyasi məhbus yoxdur”
"1993-cü ildən bu yana 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyev siyasətinin əsasını təşkil edir” - deyən deputat vurğulayıb ki, onun açıqlamalarını müəyyən mətbuat orqanları başqa istiqamətlərdə qələmə verməyə çalışırlar: "Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub. Lakin YAP-ın hakimiyyəti zamanı belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var”.
Deputatın sözlərinə yönəlik spiker Oqtay Əsədov isə deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bir çox məsələlər olduğu kimi deyil, başqa formada təqdim olunur: "Bu da yolverilməzdir. Mətbuat belə məsələlərdə diqqətli olmalıdır”.
Yüzlərlə məhkum ailələrinə qovuşacaqlar
Parlament sədri O.Əsədov iclasda böyük əfv sərəncamının anonsunu verib. Spiker deyib ki, yaxınlarda prezidentin əfv sərəncamı imzalaması gözlənilir: "Bu, Prezident İlham Əliyevin səlahiyyətindədir. Mən hesab edirəm ki, yaxın zamanlarda böyük əfv sərəncamının imzalanması gözlənilir. Yüzlərlə məhkum ailələrinə qovuşacaqlar”.
Toplantıda həmçinin dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin ləğvi təklif edilib. Millət vəkili Fazil Mustafa dövlət qulluğuna qəbulun çətinliyindən danışıb. O deyib ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir: "Məncə, müsahibə mərhələsinə ehtiyac yoxdur. Hesab edirəm ki, yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imatahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir”.
Deputat Vəkillər Kollegiyasına bina istədi
Millət vəkili Qüdrət Həsənquliyev isə vəkilliklə bağlı məsələ qaldırıb. Deputat vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı xatırladıb: "Bunu müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil. Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi ilə bağlı bir müddət əvvəl parlamentdə məsələ qaldırdım. Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin sərəncamının olmasına baxmayaraq, Vəkillər Kollegiyası bina ilə təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin edəcək. Hesab edirəm ki, "Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir. Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır”. Millət vəkili deyib ki, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır: "Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir”.
"6700 məhkumla bağlı Amnistiya aktı qəbul oluna bilər”
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Azərbaycanda 6700 məhkumla bağlı Amnistiya aktı qəbul oluna bilər: "Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclisdə Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı. Mən qanunun tətbiqi ilə bağlı statistikanı açıqlamaq istəyirəm. Həmin müddətdən məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur. Bu qanunu Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.
Millət vəkili həmkarlarına qarşı çıxdı: "Əgər vəkillər peşəkar olmazsa...”
"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”. Bunu da Ə.Hüseynli səsləndirib: "Biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittiham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin”. Deputat deyib ki, problemin həlli yolu bundan ibarət deyil: "Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəffəqiyyətlə veriblər. Təcrübə onu göstərir ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir. Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Prezidentin imzaladığı sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.
Qeyd edək ki, bəzi deputatlar vəkilliyə qəbulun sadələşdirilməsinin məqsədəuyğun olduğunu deyiblər.
Deputat bahalaşmaya etiraz etdi
"Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”. Bu sözləri isə deputat Fərəc Quliyev deyib. F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.
"Bizdə benzin bahadır, ona qatqı qatılır”
Millət vəkili Əli Məsimli isə deyib ki, Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir. O, benzinin qiymətindən narazılıq edib: "Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır. Lakin dünya ilə deyil, inkişaf etmiş ölkələrlə yox, Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26 faiz aşağıdır, amma əmək haqqı 2,1 dəfə yüksəkdir. Qazaxıstanda isə 6 faiz ucuzdur, lakin əmək haqqı 1,5 dəfə yüksəkdir”. Deputat benzinin keyfiyyət məsələsinə toxunaraq qatqıların olmasını bildirib: "Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur. Bununla bağlı tədbir görülməlidir”.
Vitse-spiker qanuna etiraz etdi: "Bunu necə başa düşək?”
"Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun layihəsində anlaşılmazlıq var: "Bu anlaşılmazlıq həll edilməsə, "Standartlaşdırma haqqında” qanun layihəsinin tətbiqi şübhə altında olacaq. Qanunun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Mən xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə, qanun layihəsinin tətbiqi şübhə altında qalacaq”.
"Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu göstərdi”
Spiker O.Əsədov isə bildirib ki, müzakirə zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir: "Mən qeyd etdim ki, qanun layihəsi birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır. Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu göstərdi”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib: "Qeyd edim ki, Ziyafət müəllimin bəhs etdiyi 4.2.8-ci maddədə də normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib”. Deputat əlavə edib ki, qanun layihəsi dövlətin istehsalatı deyil, bazarı tənzimləməsini əsas götürür.
Anar Bayramoğlu