Böyük savaşın görünməyən tərəfi var

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması asan məsələ deyil
"Vaşinqton Amerika qoşunlarını Suriyadan çıxartma qərarı ilə hiyləgər manevr etdi. Bu məsələdə Türkiyəyə hərbi dəstək vermə məcburiyyətindən yayınmağa çalışdı"


Məlum olduğu kimi, Türkiyə növbəti dəfə Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyata başlayır. Əməliyyat planı ilə bağlı gündəmdə çoxsaylı və fərqli münasibətlər, maraqlı təhlillər yer almaqdadır. Ötən gün Türkiyəli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə mütəxəssis Abdullah Ağar ABŞ-ın Suriyada bufer zona ilə bağlı təklifini Türkiyə üçün tələ adlandırıb. Ağar vurğulayıb ki, Türkiyənin hər yerindən sərhədə qoşun yeridilir: "Bu qoşunların sayı "Zeytun budağı” və "Fərat qalxanı” əməliyyatlarında iştirak edən hərbçilərin sayından 5 dəfə çoxdur. Cümhuriyyət tarixinin ən böyük əməliyyatı saymaq olar”. 

Ekspert əlavə edib ki, ordu bölmələri birbaşa deyil, mərhələli şəkildə əməliyyatlara start verə bilər: 

"Terror qruplaşmasının nəzarətində olan Tel-Abyad və Ayn əl-Ərəb şəhərləri böyük önəm kəsb edir. Bu iki mərkəzin alınması terrorçuların psixoloji məğlubiyyətini də bərabərində gətirəcək”. Bu arada Türkiyə və Rusiyanin da Fəratın şərqində keçiriləcək əməliyyatla bağlı razılığa gəldiyi deyilir. Türkiyə mətbuatının məlumatına görə, Moskva şəhərində keçirilən görüşdə Rusiya tərəfi Ankaranın narahatlığını anladığını və Əsəd rejimi qüvvələrinə bölgəyə girməməsi ilə bağlı xəbərdarlıq etdiyini bildirib. ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor isə bildirib ki, Amerika ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq: "Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılara və İrana təsirini itirəcək”.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə Türkiyə ilə bağlı qalmaqallı ifadə işlədib. Pompeo bəyan edib ki, türklərin kürdləri qətlə yetirməsinin qarşısını alacaq, Suriyada dini azlıqların hüquqlarının qorunmasını təmin edəcəyik: "Bu təlimatları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə qoşunları geri çəkməklə qalmayacağıq, prezidentin ortaya qoyduğu digər bütün təlimatları həyata keçirəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla üzərində işləməli olduğumuz çox məqamlar var”.

Yaxın Şərqdə toqquşan maraqları "Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, son günlər cərəyan edən regional proseslər Türkiyənin Suriya ərazisində növbəti hərbi əməliyyatlara başlayacağını göstərir. Ekspertin sözlərinə görə, bu əməliyyatın antiterror xarakteri daşıyacağı qətiyyən şübhə doğurmur:

 "Amma rəsmi Ankaranın bu əməliyyata başlaması o qədər də asan məsələ deyil. Belə ki, əməliyyatı qaçılmaz edən amillərlə yanaşı, ona əngəl törədən faktorlar da kifayət qədərdir. Xüsusilə də, Türkiyənin antiterror əməliyyatı ilə hədəfə aldığı silahlı qruplaşmaları himayə edən dövlətlərin buna qarşı çıxdığı açıq-aşkar nəzərə çarpır. Hər halda Ankaranın hədəf aldığı PYD və YPG-nin ABŞ-ın himayəsi altında olması kifayət qədər ciddi faktordur. Amerika terrorçuları Əsəd rejiminə qarşı mübarizə aparan silahlı müxalifət hesab edir. Hətta terrorçulara hərbi təlimlər də keçir. Üstəlik, Amerikanın terrorçulara külli miqdarda müasir silah-sursat verməsi də inkaredilməz reallıqdır. Ancaq Türkiyə PYD və YPG-ni PKK-nın Suriya qolu hesab edir, bu terrorçu qurumu Türkiyənin milli maraqlarına və ərazi bütövlüyünə ciddi təhdid görür. Ona görə də terrorçuları sərhədləri ətrafından təmizləməyi özünün əsas hədəfləri sırasına daxil edib. ABŞ-Türkiyə anlaşmasına görə Ağ Ev Türkiyəyə bu hədəfinə çatmaqda yardımçı olmağa borclu idi. Lakin Vaşinqton Amerika qoşunlarını Suriyadan çıxartma qərarı ilə hiyləgər manevr etdi. Bu məsələdə Türkiyəyə hərbi dəstək vermə məcburiyyətindən yayınmağa çalışdı. Üstəlik, bu addımla Amerika Əsəd rejimi ilə müttəfiqlik anlaşmasına yol açmış oldu”.

Analitik bildirib ki, Ağ Ev dolayısı yollarla PYD və YPG-ni xilas etməyə, Türkiyənin başlayacağı hərbi əməliyyatın uğur qazanma ehtimalını sual altına salmağa çalışır:

"Nəzərə almaq lazımdır ki, Əsəd rejimini himayə edən Rusiya da Türkiyənin terrorçulara qarşı hərbi əməliyyata başlamasına müsbət yanaşmır. Belə anlaşılır ki, Türkiyənin planlaşdırdığı hərbi əməliyyata münasibətdə kifayət qədər mübahisəli situasiyanın yaradılmasına nail olunub. Ancaq bununla belə, rəsmi Ankara bu qəliz situasiyadan çıxış yolu kimi Əsəd rejiminin himayədarı olan Rusiya ilə anlaşmağa çalışır. Son məlumatlara görə, Ankara Kremllə artıq ilkin anlaşmaya nail ola bilib. Əgər bu anlaşma prinsipial xarakter daşıyarsa, Türkiyə tezliklə PYD və YPG-nin darmadağın edilməsi əməliyyatına başlayacaq. Hətta anlaşma əldə olunmasa belə Ankara əməliyyat keçirməkdən çəkinməyəcək. Çox tezliklə bütün dünya Türkiyənin bu məsələ ilə bağlı qətiyyətinin şahidi olacaq”.

İsmayıl