"BQXK girovların səhhətinə dair heç bir açıqlama vermir” - RƏSMİ




"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları girovların vəziyyəti və səhhəti ilə bağlı gördüklərini ictimailəşdirmir”.

Bunu "Sherg.az”a Dağlıq Qarabağda girov saxlanan azərbaycanlı Şahbaz Quliyevin səhhəti ilə bağlı danışarkən BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. 

O bildirib ki, sözügedən şəxslərlə bağlı məlumatlar girovların ailəsinə və əlaqədar orqanlara çatdırılır:

"BQXK nümayəndələri mütəmadi girovlara baş çəkir, onların vəziyyəti ilə maraqlanır. Təkrar edirəm, qurum girovların sağlamlıq durumu ilə bağlı heç bir açıqlama vermir”.

Qeyd edək ki, Şahbaz Quliyevin bacısı İradə Quliyeva girovun pakistanlı həkimi ilə qardaşı İlham Quliyevin Bakıda görüşdüklərini deyib. O bildirib ki, həkimin məlumatına görə, Şahbaz Quliyev xəstəxanadadır və bir ay xəstəxanada saxlanacaq.

Xatırladaq ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Ayət ƏHMƏD