Bu artım hər il olsa, yaxşı olar

Şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdlərin artırılması müsbət qarşılanıb






Prezident İlham Əliyev şəhid ailəsi üçün verilən təqaüdün artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Bundan başqa, dövlət başçısı digər sərəncamları ilə müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılması ilə də bağlı sərəncam imzalayıb.

Ölkə başçısının imzaladığı sərəncamla bağlı fikirlərini "Şərq”lə bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov istənilən halda əlillər üçün ayrılan vəsaitin artırılmasını təqdir etdiyini deyib. Onun sözlərinə görə, təqaüdlərin artırılması olduqca müsbət haldır, lakin bu artımların hər il olması çox yaxşı olardı:


 "Çünki son 3-4 ildə təqaüdlərdə artım yox idi. Ölkədə devalvasiya, Azərbaycan manatının zəifləməsi baş vermişdi. Eyni zamanda 2-3 qat bahalaşma olduğu üçün təqaüdlərin artırılmasında irəliləyiş olmamışdı. 

Açığını deyim ki, devalvasiyadan qabaq nə alırdıqsa, həmin vəsait olduğu kimi qalırdı. Artımın olmamasının səbəbi ölkədə büdcə ehtiyatlarının artmaması, dünya bazarında neftin qiyməti ilə bağlı idi. Devalvasiyadan sonra həm əlil, həm də şəhid ailələrinin sosial vəziyyəti xeyli geriləmişdi və manat öz dəyərini itirmişdi. Dəyərin itməsi müqabilində isə qiymət artımı müşahidə olunurdu. Amma pensiya və təqaüdlərin artırılması olmamışdı.

Sevindirici haldır ki, dünya bazarında neftin qiyməti bahalaşmaqdadır. Ona görə də Azərbaycanda irəliləyişlər olub və artıq təqaüdlərin və pensiyaların artırılması nəzərdə tutulub. Bu çox gözəl haldır və artımın hər il olmasını arzulayırıq”.

Sabiq millət vəkili Həvva Məmmədova da ölkə başçısının sərəncamını ürəkdən alqışladığını deyib. O bildirib ki, prezidentin imzaladığı sərəncam millətimizə, torpaqlarımız uğrunda mübarizə aparan vətəndaşlarımıza qarşı diqqət və qayğının göstəricisidir: 

"Əlillərimizə, Azərbaycanın başına gələn müsibətlərə siyasi qiymətin verilməsi və xalqımızın tarixi yaddaşının özünə qaytarılması, şəhid olan insanların dövlət tərəfindən qiymətləndirilməsi çox təqdirəlayiq hadisədir. Bu gün bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var. 90-a qədər yeni tipli qəsəbə tikilib istifadəyə verilib. 

Hər dəfə qaçqınları həmin qəsəbələrdə yerləşdirən zaman prezidentin söylədiyi bir fikir var - "Siz burda müvəqqəti məskunlaşırsız”. Əlillərin həm yaşayış şəraitinin yaxşılaşdırılması, həm də onlara verilən təqaüdlərin artırılması xalqa, şəhid ailələrinə verilən yüksək qiymətdir. Hesab edirəm ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin günü-gündən artması, Azərbaycan xalqının güzəranının yaxşılaşdırılmasına və şəhid ailələrinə qarşı bir stimuldur.

Bizim torpaqlarımızda müharibə davam edir. Biz bu insanların daim qayğısına qalmalıyıq. Əlbəttə ki, prezident tərəfindən bu insanların qayğısına qalınması ölkəmizdə vətənpərvərliyin güclənməsinə böyük dəlalət edir. Ölkə başçısına təşəkkür edirəm ki, xalqımıza, millətimizə və torpağı uğrunda şəhid olan insanlarımızın ailəsinə diqqət və qayğını əsirgəmir, bu diqqəti daim artırır”.

Yeganə Bayramova