Elməddin Muradlı: "Məsuliyyətli şəxslər sükan arxasında olarkən özlərinin və başqalarının həyatını düşünməlidir”
"Yol qəzalarında insan tələfatının artması bütün ölkəni narahat edir”.
Bunu "Sherg.az”a yol qəzalarının statistikasına münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, yol qəzaları sürücülərin səhlənkarlığı və yol infrastrukturunda olan nöqsanlardan baş verir:

"Gecə saatlarında yol qəzaları daha çox baş verir. Bu da rayonlararası yolların işıqlandırılmasının olmamasından irəli gəlir. Bakı-Qazax yolunda təxminən Goranboy rayonuna qədər ikizolaqlı hərəkət təmin edilib. Lakin buradan sonra hərəkət tam təhlükəsiz təmin edilmədiyindən qəzalara yol aça bilir. Sürücülərimiz isə bunu bilə-bilə ötmə əməliyyatı həyata keçirir, ara məsafəsini düzgün saxlamır, bir-birlərinə maneə törədirlər.
Magistral yolun ətrafında yerləşən rayon və kəndlərdə əhali arasında maarifləndirmə aparmaq lazımdır. Məsələn, sakinlər qaranlıq vaxtlarda mal-qaranı yola çıxarır, ağır texnika ilə əsas yolda təhlükə vəziyyəti yaradırlar.
Yolların qaydasında olması, işıqlandırılması və təhlükəsizliyi həm də Azərbaycana pul gəlməsini təmin edir. Xarici maşınların, yük avtomobillərinin ölkəmizdən keçməsi o deməkdir ki, bunun üçün pul ödəyirlər”.
Bakı-Qazax yolunda sanki kabus dolaşdığını deyən E.Muradlının sözlərinə görə, bu yolda qəzasız gün olmur və qəzaların əksəriyyəti sürücülərin yaradılmış imkanlardan düzgün istifadə etməməsindən yaranır:
"Gecə yola çıxan sürücülər var. Maşında yuxu tutur və idarəetməni itirir. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi postlarda hər şərait yaradıb. Mütəmadi olaraq sürücülərə xəbərdarlıq edilir. Lakin sürücülər bu məlumatlara əhəmiyyət vermirlər.
Bəzi sürücülər inanmır ki, DYP-yə məxsus polis məntəqələrində hər şərait yaradılıb. Lakin həqiqətən, sürücülərin rahatlığı üçün imkan verilir. Məsuliyyətli şəxslər sükan arxasında olarkən özlərinin və başqalarının həyatını düşünməlidir”.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən avqustun 26-na qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu hadisələr nəticəsində isə 110 ölüm, 340 xəsarət baş verib.
Aysel Aslan