
Bu dəfə gecikməyək
Aşıq Əhliman: “Azər üçün keçirilən xeyriyyə konsertində hər bir sənətçinin dəstəyini görmək istərdik”

Müqəddəs dinimiz təkcə ayrı-ayrı fərdlərin deyil, ümumilikdə cəmiyyətin islah olunmasına, onun düz yolu seçib saflaşmasına xüsusi önəm verir. Cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan yetimlərə, kimsəsizlərə, kasıblara, ahıllara, əlillərə, xəstələrə, maddi dəstəyə ehtiyacı olanlara və digər sosial quruplara yardım etməyin vacibliyini vurğulayan dinimiz, bütün insanları bu xeyir əməldə həmrəyliyə səsləyir.
Cəmiyyətdəki fərdlərin maddi-mənəvi durumu eyni deyil. Bu müxtəlifliyin təbii nəticəsi olaraq, cəmiyyətdə hər zaman himayəyə, qayğıya, dəstəyə və xüsusi nəvazişə möhtac insanlar var.
İmkansızlıqdan əziyyət çəkən, yoxsulluq üzündən xoşbəxtliyini və rahatlığını itirmiş, xəstəliyi üzündən işləməyə gücü olmayan miskin insanlara cəmiyyətdə yardım edilməli, qayğı göstərilməlidir.
"Yaxşılıq itməz, günahlar da unudulmaz. Hakim olan Allah ölməz. O halda bildiyini et. Necə davransan elə də rəftar görərsən”.
O halda gəlin yardıma ehtiyacı olanlara əl tutaq. Atdığımız hər addımı əvvəl Allahımız və Peyğəmbərimiz, dinimiz, axirətimiz, dünyamız, ailəmiz üçün, millətimiz və cəmiyyətimiz, sonra da özümüz üçün ataq. Yardıma möhtac insanlara yardım etmək hər birimizin borcudur, onlara daim əl uzadaq.
Bir də Allah bəzən seçilmişlərini də sınağa çəkir. Yəni istedadı olan sənət insanları bəzən təkcə ailəsinin deyil, cəmiyyətin, millətin dəyərlisi kimi sevgi ilə əhatə olunur. Bizim millətin də tanınmış sənət adamları var ki, onların da diqqətə, qayğıya ehtiyacı var. Sənət adamlarına isə ilk növbədə bir fərd kimi deyil, həm də sənətkar olaraq baxmaq lazımdı. Ola bilər fərd olaraq onu sevməyə bilərik, şəxsiyyəti o qədər dəyərli olmaya bilər. Amma sənətinə görə ona hörmət də olmalıdır. Çünki sənətkar bir ailəyə məxsus deyil, o bütünlükdə cəmiyyətin mənəvi sərvəti sırasındadır. Deməli, sənətinə dəyər verdiyimiz insanlar diqqətdən kənarda qalmamalıdır. Azərbaycan səhnəsi son dönəmlər bir çox tanınmışlarını itirdi. Bir çox sənət adamları xəstəlikləri üzündən vaxtsız, bəzən maddi sıxıntı üzündən dünyalarını dəyişiblər. Düzdü, heç kim ölümün onun qapısını nə zaman döyəcəyini bilmir. Amma bəzən xəstəliklərə güc gəlmək də mümkündür. Bəzən ölümün pəncəsindən can qurtarmaq da olur. Sadəcə ətrafımızda olanlara, doğmalarımıza mərhəmət hissimiz çox olmalıdır.
Nə yazıq ki, son illər cəmiyyətimizdə qəribə bir laqeydlik hökm sürür. İnsanlar yaxınlarına qarşı laqeyd olurlar. Soyuqluq, etinasızlıq bəzən bir canı almağa kömək etmiş olur. Bir çox tanınmış sənətçilərimiz oldu ki, onlara zamanında yardım göstərsəydik, diqqətdən kənar qoymasaydıq, bu gün bəlkə də yaşamış olardılar. Biz nədənsə sənətkarlara ölümündən sonra büst qoyub, onu xatırlamağı sevirik. Xəstəliyi ilə mübarizə aparan, maddi durumu üzündən müalicəsini edə bilməyən bir çox sənətçilərimiz oldu ki, onlara vaxtında dəstək olsaydıq, bəlkə hələ də yaşayardılar.
Son günlər mərhum aşıq Xanların oğlu 3 ildir ki, "Hepatit B” xəstəliyindən əziyyət çəkən 33 yaşlı aşıq Azərin səhhəti pisləşib. Aşığın ikinci ayağı da şişdiyi üçün artıq yeriyə bilmir. Ona dəstək olmağa çalışaq. Bu dəfə gecikməyək. Bu dəfə də bir sənətçimizin arxasından göz yaşı töküb ağlamayaq. Sənət adamları bir araya gəlib martın 5-də aşıq Azərə dəstək olmaq üçün xeyriyyə konserti təşkil edir. Bu konsertlə də kifayətlənməyək. Azərbaycan səhnəsində olan hər bir sənətçi hərə öz gücü daxilində aşığa dəstək olsa, onu İsraildə müalicə etdirmək o qədər də çətin olmayacaq.
Aşıq Azərin dəstək kampaniyasında iştirak edən aşıq Əhlimanla həmsöhbət olduq. "Şərq”ə danışan aşıq Əhlimanın müraciəti yəqin ki, bir çoxlarını düşündürəcək.
- Bir insanın ömrünün bəzən bir saat da uzatmağa əlimiz çatırsa, niyə buna laqeyd oluruq. Axı bir saat ömür uzada bilmək də savabdı.
- Bir saat yox, bir dəqiqə ömür uzatmaq da böyük savabdı. Belə bir rəvayət var, Əzrail birinin canını almağa gəlir. Can yiyəsi Əzrailə deyir ki, mənim canımı burda alma, beş metr qabaqda, çəmənlikdə al. Soruşurlar ki, beş metr qabaqda qılıncın altına düşməklə nə qazandın? Cavab verir ki, mən ordan bura qədər ömür qazandım. Yəni bir dəqiqəlik də olsa ömür qazana bilirsənsə, o ömrün də qədrini bilmək lazımdı.
- Yəni insan ömrünün bir dəqiqəsini uzatmaq belə savabdı...
- Əlbəttə. İnsan çalışmalıdı ki, əvvəl özü ona əmanət olan ömrünü, canının qədrini bilsin. Bu can bizə əmanət verilib. Allah onu qorumağı məsləhət bilib. İndi mərəz gəlibsə, onda da çalışmaq lazımdı ki, o canını sağ saxlayasan, onu o dərdən qoruyasan. Bir sözlə, ömür gözəl, yaşamaq gözəldi. Həyatın qədrini bilmək lazımdı.
- Hazırda aşıq Azərin səhətində ciddi problem var. Onun yardıma ehtiyacı var. Bir çox sənətkarlarımız olub ki, xəstəlikləri üzündən onları itirmişik. Bəzilərinə vaxtında diqqət göstərə bilməmişik, maddi durumları üzündən müalicə olmayıblar, bizlər də buna laqeydlik göstərmişik. Cəmiyyətimiz niyə insan taleyinə bu qədər soyuq münasibət göstərir.
- Hamının başı eyni şəkildə düşünmür. Kimi kamil olur, kimisi naşı...İnsanların hamısını eyni tərəziyə qoymaq olmur. Hər birimizin bir əxlaqı, bir tərbiyəsi, bir ürəyi var. Həyatda hərənin bir ürəyi var. Elə insan var ki, kifayət qədər var-dövləti var, amma ovuc qədər ürəyi yoxdu. İnsanın ürəyi böyük olmalıdı. İnsan Allahını sevməlidir, insanlığı sevməlidi. Səxavət əhli olmaq başqadı. İnsan səxavətli olmalıdır. Qaldı Azərin durumuna, hər birimiz gücümüz çatdığı qədər ona dəstək olmalıyıq. İnşallah, ayın 5-də Azər üçün keçirilən xeyriyyə konsertində hər bir sənətçinin dəstəyini görmək istərdik. Sənətkar tək ailəsinə məxsus deyil. O, xalqın insanıdır. Ona görə də sənətkarlara diqqət göstərmək lazımdı. Bəli. Elə sənətçilər olub ki, abrına bükülüb imkansızlığını dilə gətirə bilmir, xəstəliyini müalicə etməyə imkanı olmur, Əzrail də qapısını döyəndə başlayırıq ağlamağa ki, niyə belə oldu. Hər birimiz dəstək olsaq, vaxtında yardıma çatsaq, bəlkə də onların içində bir ömrü bir gün uzada bilərik.
- Aşıq Əhlimanın öyüdü bizim üçün maraqlıdı. Cəmiyyətimiz niyə bu qədər soyuqlaşıb, laqeydləşib? İnsanlıq niyə itir?
- Qızım, dədə Şəmşirin bir parça şeirilə cavab verim.
İnciməsin sözlərimi eşidən.
Toxunmuram, bir insana nə lazım?
Tərbiyə tez düşər ağılsız başdan
Ağılsıza ata-ana nə lazım!
Qaldı insanların biri-birinə olan soyuq münasibətinə, insanlıq daxilən olmalıdır. Kiməsə insanlıq öyrətməklə onun ruhu, qəlbi insanlıqla dolmur. Peyğəmbəri də gətir birinə illərlə insanlıq öyrətsin, əgər onun içində mərhəmət hissi yoxdusa, o heç vaxt yaxşılıq edən deyil. Hər bir insanın daxilində bir insan sevgisi olmalıdır. Əgər içində mərhəmət hissi yoxdursa, o insanın nə qədər var-dövləti də olsa mənən kasıb görünür. Cəmiyyətimizdə, bəli son illər biri-birinə laqeydlik yaranıb. Bunun səbəbləri çoxdu. Amma hər birimiz çalışmalıyıq ki, mənən kasıb olmayaq. Əl tutmaq Əlidən qalıb. Sənə ehtiyacı olana əl tut ki, bir gün sənin də əlindən tutan olsun.
P.S
Sonda, sadəcə bir xatırlatmamız olsun. Bu dəfə gecikmədən bir sənətçini həyata qaytaraq. Bir ailənin başsız qalmasına imkan verməyək, uşaqlarının atasız qalmasına göz yummayaq. Bu dəfə kor olmağa könlümüz razı olmasın.
Tahirə Məmmədqızı