Bu dəfə israrlıdır

Xamneyi Ruhaninin Trampla görüşünə yasaq qoyub
“Dini lider xalqa və prezidentə mesaj verir ki, bu “evin sahibi” mənəm”


İranın ali rəhbəri Əli Xamneyi tərəfdarları qarşısında çıxış edib. Dini rəhbər çıxışının əsas hissəsini Qərblə İran arasındakı nüvə sazişinə və Amerika ilə münasibətlərə həsr edib. Vurğulayıb ki, nüvə danışıqları kökündən yanlış addım idi: "Mən nüvə danışıqları məsələsində səhv etdim. Sadəcə olaraq, bəzi cənabların israrı ilə müzakirələr aparılmasına icazə verdim.

Dedim ki, qoy bunu da təcrübə etsinlər. Lakin cənablar danışıqlar zamanı nəzərdə tutulmuş müəyyən çərçivəyə riayət etməyərək təyin olunan qırmızı xətti keçdilər. Amerika ilə təhlükəli danışıqlar oyununa yalnız o zaman girə bilərik ki, hər baxımdan iqtisadi, siyasi və mədəni baxımdan güclü olaq. Elə bir gücümüz olmalıdır ki, onun təzyiq və şantajları bizə təsir edə bilməsin. Lakin hazırkı durumda Amerika ilə müzakirələr aparılması bizim ziyanımızadır. Bu, yolverilməzdir”. İranın ali rəhbəri bəyan edib ki, məhz bu səbəblərə görə, vaxtilə İmam Xomeyni Amerika ilə müzakirələr aparılmasına qadağa qoyub: "Hazırkı vəziyyətdə Vaşinqtonla hər hansı bir danışıqlar aparılmasını qadağan edirəm. Bundan başqa, hətta əgər biz Amerika ilə müzakirələr aparılmasına qərar versəydik belə, onun indiki hökuməti ilə heç vaxt danışıqlar aparılmasına razı olmazdıq”.

Dini liderin sərt açıqlamasına münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Əli Xamneyinin bu çıxışının konkret iki ünvanı var. Birinci ünvan ABŞ Prezidenti Donald Trampdır: 

"Ağ Ev sahibi iyulun 30-da İtaliyanın Baş naziri ilə görüşərkən dedi ki, İrana qarşı tətbiq etdiyi sanksiyalara rəğmən, iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazırdır. İndi Ruhanidən böyük olan Xamneyi Trampa cavab verir ki, belə bir görüşə icazə verməyəcək. Xamneyi "vaxtilə danışıqlara razı olmaqla səhv etdim” deməklə İran Prezidenti Həsən Ruhaniyə də mesaj verir. Demək istəyir ki, "bir dəfə sənin səhvin ucbatından Amerika ilə danışıqlara və razılaşmaya icazə verdim. 

Lakin bu dəfə verməyəcəm. Çünki bu dəfə qarşımızda Barak Obama yox, davakar Donald Tramp var”. Onsuz da indiki şərtlər daxilində Həsən Ruhaninin amerikalı həmkarı ilə görüşməsi mümkün deyil. Sadəcə, Xamneyi gələcəkdə şərtlərin uyğun olması halında Ruhaninin mümkün görüş üçün ondan icazə alacağına eyham vurur. Dini lider xalqa və prezidentə mesaj verir ki, bu "evin sahibi” mənəm”.

İsmayıl