
Bu gün Azərbaycanda “avtoritet” və ya “qanuni oğru yoxdur”
Məmməd Zeynalov: “DİN-in Baş İdarəsinin keçirdiyi bu əməliyyat cinayət əməli ilə məşğul olan bir neçə şəxsin həbsinə yönəlmişdi”Elçin Behbudov: “Bu dəqiqə Azərbaycanda “lotu” yoxdur. Biri Türkiyədədir, biri Dubayda”

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat nəticəsində cinayətkar dəstə üzvləri yaxalandı. DİN-in bu haqda yaydığı məlumatından aydın olur ki, dəstə üzvləri qəsdən adamöldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələrlə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslərdir. Onlar özlərini cinayət aləminin "nüfuzlu şəxsləri” - "avtoritet” kimi qələmə verərək ətraflarına cinayətə meyilli insanları toplayıb, "araşdırmalar” aparır, iş adamlarını təhdid edir, onlardan pul tələb edirmişlər.
Həbsə alınan bu şəxslərin özlərini "avtoritet” kimi qələmə verməsi məsələnin diqqətçəkən məqamıdır. Qeyd edək ki, "kriminal avtoritetlər həbs edildi” səpkili xəbərlər bundan öncə də ictimaiyyətə ötürülüb. Bəzi şadlıq evlərində, restoranlarda keçirilən əməliyyat tədbirlərinin hansısa "avtoritet”lərin həbsinə hesablandığı deyilib. Bu məlumatlarsa istər-istəməz "həqiqətənmi Bakıda "kriminal avtoritet”lər var?” sualını yaradır.
Hadisəni şərh edən Məhkumlara Hüquqi Yardım Assosiasiyasının sədri, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq”ə açıqlamasında "kriminal avtoritet” ifadəsinin heç də həmişə yerində işlədilmədiyini bildirdi:
- Görünür, bu şəxslərin bir neçə dəfə məhkumluq həyatı yaşaması onlar barəsində "kriminal avtoritet” ifadəsinin işlədilməsinə səbəb olur. Amma bu, yanlışdır. "Kriminal avtoritet” və ya "qanuni oğru” sayılmaq üçün şəxsin bir və ya bir neçə dəfə məhkum olması şərt deyil. "Avtoritetlər” bir neçə dəfə həbs olunmur. Onlar həbsxanada da çox oturmurlar. Adətən, bir neçə il cəzalarını çəkib azadlığa çıxırlar. Təkrar məhkumluq həyatı yaşayanlar azadlıqda yaşaya bilməyənlərdir. Bu tip insanlar, nə qədər qəribə səslənsə də, artıq cəzaçəkmə müəssisəsində yaşamağa alışmış şəxslər olur. Cəzaçəkmə müddətləri bitdikdən sonra, az bir zaman keçir və təkrar bir cinayət törədib yenidən həbsxanaya qayıdırlar. Hər adama "avtoritet” ləqəbi verilmir. Görünür, həbs olunan bu adamlar özlərini belə təqdim etmək istəyiblər və belə təəssürat formalaşdırmağa çalışaraq iş adamlarından "haqq” tələb edirlərmiş. Amma hüquq-mühafizə orqanları onların cinayətkar əməllərinin qarşısını aldı.
M.Zeynalov hazırda Azərbaycanda "qanuni oğru” və ya "kriminal avtoritet”lərin olmadığını da dedi:
- Bu saat Azərbaycan ictimaiyyəti üçün təhlükə törədə biləcək elə insanlar yoxdur. Elə bir güclü, nüfuzlu şəxs yoxdur ki, kimlərisə ətrafına toplasın, təsir imkanlarına malik olsun. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Nadir Səlifov da heç Azərbaycanda o qədər də tanınmır. Onu daha çox Rusiya və Gürcüstanda tanıyır və qəbul edirlər. Görürsünüz ki, bəzi başqa "kriminal avtoritetlər” də ölkə xaricindədir. Bəzən onların ölkəyə gəlməsi xəbərləri yayılır, amma mən bu xəbərlərə çox da inanmıram. Çünki Azərbaycanda "kriminal avtoritet”lərin fəaliyyəti mümkün deyil. Onlar üçün belə bir şərait yoxdur. DİN-in Baş İdarəsinin keçirdiyi bu əməliyyat cinayət əməli ilə məşğul olan bir neçə şəxsin həbsinə yönəlmişdi. Bunu qabaqlayıcı, super-profilaktik tədbir sayıram. Cinayətkarın yeri həbsxanadır. Həm də hesab edirəm ki, bu cür əməliyyatlar qanunsuz əməllərlə məşğul olmaq fikrinə düşənlərə bir siqnaldır.
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da "Şərq”ə açıqlamasında srağagün həbs edilmiş 3 nəfərin "avtoritet” kimi qələmə verilməsinin yanlış olduğunu dedi:
- DİN-in yaydığı məlumatdan da görünür ki, bu adamlar özlərini "avtoritet” kimi qələmə verirmiş və bu yolla da iş adamlarından pul tələb edirlərmiş. Amma sonunda yaxalanıblar və cəzalarını da çəkəcəklər. Onlar ağır cinayətlər törətmiş şəxslərdir. Hələ sovet vaxtı bir neçə dəfə məhkumluğu olan şəxslərə "residevist” deyilirdi. "Qanuni oğru” yox. Tutulan hər adam "avtoritet” olmur. "Qanuni oğru”, "avtoritet” adını şəxsə verirlər, hansısa əməlinə, davranışına görə. Yoxsa hər cinayətkar "avtoritet” sayılmır. Cinayət aləmində tanınmış, belə deyək, "taclanmış” məlum şəxslər var. Bu, kriminal aləmdə bir adətdir. Məhbusun cəzaçəkmə müəssisəsində özünü necə aparmasından, məhbuslar arasında qazandığı hörmətdən, bundan başqa, azadlıqda da gördüyü işlərdən, ədaləti bərpa etməyə çalışmasından asılı olaraq kimlərsə "avtoritet” adını qazanır. Amma mən DİN-in keçirdiyi əməliyyat barədə televiziyadakı süjetə də baxdım, həbs olunanları da göstərdilər, onlar adi cinayətkarlardır. Bilirsiz, Daxili İşlər Nazirliyi də, Milli Təhlükəsizlik Nazirliyi də ölkədəki kriminal durumu nəzarətdə saxlayır. Bəzən cinayətkarların gec yaxalanmasının səbəbi olur. Hüquq-mühafizə orqanları onları izləyir, nəzarətdən kənar qoymur, sadəcə, vaxt verir ki, özlərini ifşa etsinlər. Sonra da onları həbs edir. Təhlükəli şəxslər həmişə, hər bir cəmiyyətdə olub və var. Amma mən deyərdim ki, bizim hüquq-mühafizə orqanları cinayətkarları yaxalamaqdan çəkinmir, faktlar, dəlillər ortada olduğu halda bir əməliyyat keçirməklə belə adamları zərərsizləşdirirlər.
E.Behbudov da hazırda ölkədə "qanuni oğru”ların olmadığını dedi:
- Bu dəqiqə Azərbaycanda "lotu” yoxdur. Milliyətcə azərbaycanlı olanlar da xaricdədir. Biri Türkiyədədir, biri Dubayda. "Qara Yunus” adlı "avtoritet” bu günlərdə Moskvada həbs edildi. Çünki bu insanların ölkə daxilində əl-qol açmasına imkan verilmir, onlar üçün burada şərait yoxdur. Bizim üçün əsas ictimai sabitlikdir. Hüquq-mühafizə orqanları da bunu təmin etməklə məşğuldur.
Məlahət Rzayeva