"Bu hal Rusiyada birmənalı qarşılanmayacaq" - Şərh




"Hazırda Ukrayna, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın ən yüksək səviyyəsində ittifaq yaradılması gündəmdə deyil".

Bunu Sherg.az-a Ukrayna prezidenti Pyotr Poroşenkonun "Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığı inkişaf etdirə bilər" iddiasını dəyərləndirərkən politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, bu ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi önəmli olsa da, hansısa ittifaqın yaradılması hazırda zəruri deyil: 

"Türkiyə Rusiya münasibətləri istiləşməyə doğru gedir. Azərbaycan da rəsmi Moskva ilə tərəfdaşdır. Bu halda xüsusi bir ittifaq yaradılması Rusiyada da birmənalı qarşılanmayacaq. Ümumilikdə isə həmin dövlətlər arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi effektiv nəticə verə bilər”.

Ukrayna və Azərbaycanın daxil olduğu GUAM təşkilatının fəaliyyətindən söz açan E. Şahinoğlu bu ittifaq daxilində Ukrayna ilə əməkdaşlığın canlandırıla biləcəyini qeyd edib:

"Hazırda GUAM ölkələri passiv fəaliyyət göstərirlər. Moldovanın adı təşkilat daxilində ümumiyyətlə çəkilmir. Gürcüstan və Azərbaycan arasında davam etdirilən əməkdaşlıq prosesinə Ukrayna da qoşula bilər. Məsələn, birlikdə investisiya layihələri həyata keçirilə bilər. Elə indi Ukrayna və ölkəmiz arasında mülki təyyarələrlə bağlı müqavilə də imzalamışıq. Bu sahədə əməkdaşlıq gücləndirilsə, güclü iqtisadi əlaqələrə yol açmaq olar”.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko xarici dövlətlərin səfirləri ilə hər il keçirilən görüşü zamanı Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışdığını bəyan edib.

Aysel Aslan