"Bu layihələr həm Azərbaycan, həm də Türkmənistan üçün səmərəlidir" - Deputat





"Azərbaycan və Türkmənistan arasında imzalanan sazişlərdən sonra bu iki ölkə arasında ticarət dövriyyəsi artacaq”.

Bunu "Sheg.az”a millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində bir sıra məsələlər üzrə sazişlər imzalanıb:

"Bu ölkələr arasında tərafdaşlıq fonunda atılan əsas addımlar nəqliyyat və enrgetika sahələrini əhatə edib. Bilirsiz ki, Türkmənistanda yeni liman açılıb. Eyni zamanda Azərbaycanda da həmin vaxtda liman fəaliyyətə başlayıb. Və bu obyektlər arasındakı əlaqələr iki ölkəni yaxınlaşdırır.

 Daha sonra Azərbaycandan Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyətə başlayıb. Türkmənistan ondan istifadə etmək istəyir. Eyni zamanda Azərbaycanın təşəbbüskarlığı ilə yaradılan TANAP və TAP layihələri Azərbaycan qazını Avropa ölkələrinə ixrac edəcək. Və Türkmənistanda da qaz ehtiyatları var. Beləliklə də Türkmənistan Azərbaycanın gerçəkləşdirdiyi layihələr vasitəsi ilə Avropa ölkələrinə qaz ixrac etməyə çalışır. 

Bu kimi məsələlər hər zaman gündəmdə olub. Və bunların icrası həm Azərbaycan, həm də Türkmənistan üçün səmərəlidir. Amma ümumilikdə götürəndə bu iki ölkə eyni dinə, eyni mədəniyyətə sahib olan dövlətlərdir. Keçmişdə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərdə gərginlik olsa da, hazırda iki ölkə arasındakı əlaqələr yüksək səviyyədədir. Düşünürəm ki, cənab Prezidentin Türkmənistan səfəri uğurlu və lazımlıdır”.

Kənan Eynuroğlu