Bu siyasət 15 ildir davam edir

Qaçqın və məcburi köçkünlərin hər bir ehtiyacı dövlətin diqqət mərkəzindədir



Ölkə başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Təsadüfi deyil ki, bu günə qədər 290 minədək köçkün yeni mənzillə təmin edilib. Bu il isə dövlət tərəfindən 5800 məcburi köçkün ailəsinə yeni ev verilib.
Dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət hər zaman ictimaiyyət nümayəndələri tərəfindən də yüksək dəyərləndirilib.

Millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında bildirib ki, ölkə başçısı məcburi köçkünlərin mənzillə təmin edilməsi kimi olduqca məsuliyyətli bir işi üzərinə götürüb: "Hər dövlət xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarının sosial problemlərini bu cür yüksək səviyyədə həll etmir. 

Torpaqlarımızın 20 faizi işğal olunub, 1.2 milyon nəfər məcburi köçkündür. İndiyə kimi təxminən 200 mindən çox məcburi köçkün dövlət hesabına mənzillə təmin edilib. Bu il isə onların sayı rekord dərəcədədir. 5800 ailə, yəni 20 min nəfər məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılıb. Bunun özü bir daha göstərir ki, vətəndaşın sosial problemlərinin həll edilməsi dövlətimizin daim diqqətindədir”.

Deputatın sözlərinə görə, prezidentin yürütdüyü siyasətin əsasını məcburi köçkünlərin problemlərinin aradan qaldırılması təşkil edir: "Qaçqınların mənzillə, işlə təmin edilməsi, sahibkarlıqla məşğul olmaları üçün şəraitin yaradılması, vergilərdən azad edilməsi, övladlarının ali məktəbə qəbul olarkən təhsil haqlarından azad edilməsi olduqca ciddi məsələlərdir. Bütün bunlar bir daha sübut edir ki, müstəqilliyimiz bu gün Azərbaycan vətəndaşının mənafeyi üçün çalışır. Müstəqilliyimiz vətəndaşlarımızın problemlərinin həll edilməsi ilə xarakterizə edilir. Cənab Prezidentimizin "mən hər bir azərbaycanlının prezidenti olacağam” fikri bu cür məsələlərdə də öz təsdiqini tapır”.


"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, qaçqın və məcburi köçkünlərin hər bir ehtiyacı dövlətin diqqət mərkəzindədir və bu sahədə cənab Prezident böyük işlər görür: 

"Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və etnik təmizləmə siyasətinin nəticəsi olaraq bu gün torpaqlarımız işğal olunub və minlərlə məcburi köçkünlərimiz var. Məcburi köçkünlərin təminatı ilə bağlı dövlət müxtəlif layihələri həyata keçirir. Hər zaman qaçqınlarımız ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər. Köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var. Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.

B.Quliyev bildirib ki, son dövrlər cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını qaçqın və məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir:

 "Təsadüfi deyil ki, köçkünlər üçün tikilən kompleksdə yalnız mənzillər deyil, məktəblər, bağçalar da var. Hətta mənzillərdə mətbəx avadanlıqlarına qədər bütün şərait yaradılıb. Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ildir ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, prezidentimiz siyasətini hər zaman davam etdirəcək. Sözsüz ki, torpaqlarımız da geri alınacaq. Çünki ölkə başçısının apardığı ordu quruculuğu siyasəti və diplomatik danışıqlar prosesi göstərir ki, Azərbaycan istəyinə nail olacaq. Torpaqlarımızı alsaq belə, yenə də vətəndaş amili dövlətin sosial siyasətinin əsasını təşkil edəcək”.

Yeganə Bayramova