Bu, təlim deyil, hədədir

Rusiya Xəzərdə Qərbə əzələ nümayiş etdirir



Rusiya Xəzər dənizində genişmiqyaslı təlimlər keçirir. Artıq rus donanmasının gəmiləri təlim döyüşlərinə başlayıblar. Təlimlərə hərbi aviasiya da cəlb olunacaq. Gəmi heyətlərinin üzvləri dənizdə müxtəlif raket və artilleriya atışları həyata keçirəcəklər. Təlimlərə "Dağıstan” və "Tatarıstan” raket gəmiləri, "Veliki Ustyuq”, "Volqodonsk” və "Mahaçqala” kiçik raket və artilleriya gəmiləri də daxil olmaqla ümumilikdə 20 gəmi və kater qatılacaq”.

Ekspertlərə görə, Xəzər dənizində ardıcıl boy göstərən Rusiyanın məqsədi təlim keçirmək yox, Qərbi hərbi dillə hədələməkdir. Politoloq Qabil Hüseynli də "Şərq”ə açıqlamasında Rusiyanın dünyanı çalxalamaqla məşğul olduğunu deyib: "İki ay əvvəl donanmanın irimiqyaslı hərbi təlimini keçirən Moskvanın yenidən təlim qərarı alması və Xəzərin cənubundan Suriyaya orta mənzilli raketlər göndərməsi sırf əzələ nümayişidir. Kreml Qərb dünyasını təmsil edən NATO ilə rəqabət aparır. Atdığı bütün addımlar bu rəqabətə hesablanıb. Məqsəd Rusiyanın hərbi gücünün yerində olduğunu dünyaya göstərməkdir. Ancaq reallıq ondadır ki, Rusiyanın Xəzərdəki donanması NATO-nun Aralıq dənizindəki gücü ilə müqayisə edilə bilməz”. Analitikin sözlərinə görə, beynəlxalq münasibətləri gərginləşdirmək heç bir ölkənin, xüsusilə Rusiyanın xeyrinə deyil: "Vəziyyətin bu həddə çatdırılması son nəticədə tərəfləri hərbi müstəvidə üz-üzə qoya, nüvə savaşına gətirib çıxara bilər. Əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, Qərb dövlətləri prosesə daha yaxından müdaxilə edəcək. Rusiya nəyinə güvənir, anlamaq mümkün deyil. Rəqabət ola bilər, amma siyasəti bu qədər çirkinləşdirmək, təhlükəli fazaya çıxarmaq lazım deyil. "Atam mənə kor deyib, gəl gedəni vur deyib” prinsipi ilə siyasət olmaz”.

İsmayıl