Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi şuralar yaradılıb.
İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.
"Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. "Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nadir İsrafilov şuraların yaradılmasının zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, ictimai fikrin formalaşmasında daimi şuraların böyük əhəmiyyəti var:
"2013-cü ildə ölkə başçısının sərəncamı ilə "İctimai iştirakçılıq haqqında” qanun parlament tərəfindən qəbul olundu. Qanun ictimaiyyətin, medianın və ekspertlərin qəbul olunan qərarlarda aktiv iştirakını təmin etmək üçündür. Bu məsələ hələ 1999-cu ildə qəbul olunan islahat proqramında 6.3 və 6.4 maddələrində də öz əksini tapmışdı. Maddələrdə qeyd olunurdu ki, təhsil sahəsində qəbul olunan layihələrin müzakirəsinə ictimaiyyət cəlb olunmalı və qərarların icrasında xüsusi ictimai nəzarət sistemi yaradılmalı idi. Amma təəssüf ki, bütün bunlar yazılı olaraq qaldı və əhəmiyyət verilmədi. Bizim nə qədər qərarlarımız, qəbul olunan qaydalarımız sonradan dəyişikliyə məruz qalır”.
Ekspert həmçinin bildirdi ki, bir sıra ali təhsil müəssisələrində şuralar var. Və bu şuralar universitetlərdə imtahan prosesinə nəzarəti həyata keçirir, tələbələrlə görüşür və qaynar xətlə bağlı məsələlərə baxır:
"Ötən il Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU), İqtisad Universiteti və Pedaqoji Universitetlərdə ictimai şuralar yaradıldı. Bu şuralar məsləhət şuraları idi. Mən özüm də ADU-da ictimai şuranın üzvüyəm. Hətta valideynlərin də imkanları var ki, ictimai şuranın üzvlərinə müraciət eləsin, öz dərdini, problemini desin. Bu baxımdan şuraların yaradılması əhəmiyyətlidir. İctimaiyyətdə belə bir arxayınçılıq əmələ gəlir ki, təhsil müəssisələrində nəzarət var”.
Təhsilin təkcə ümumdövlət işi yox, həmçinin ümumxalq işi və ümummili məsələ olduğunu deyən ekspert təhsilimizin problemlərinə nə qədər ictimai qüvvələr cəlb olunsa, bunun ancaq təhsilimizin xeyrinə olacağını vurğulayıb:
"Əsas məsələ yaradılan yeni şuranın işinin təşkilindən gedir. Proseslər hansı formada həyata keçiriləcək, həqiqətən məsləhətlərə qulaq asılacaq, yoxsa deyilən fikirlər və təkliflər yerindəcə qalacaq? Bildiyiniz kimi, nə qədər qaydalar, sərəncamlar qəbul olunur, amma görürsən ki, onların işlək mexanizmi yoxdu, kağızda formal olaraq qalır. Təhsilimzdə dövlət siyasətinin əsas prinsipləri kimi demokratikləşmə, humanistləşmə prinsipləri var. Şuranın yaradılmasını zəruri və qanunauyğun bir proses kimi qiymətləndirirəm. Bunun hansısa ziyanlı tərəfləri yoxdur”.
Yeganə Bayramova