Buraxılış imtahanlarının ödənişli olması düzgün deyil

Əhalinin maddi vəziyyəti aşağıdır, bu məsələ də təhsilə olan marağı söndürəcək

 
"Onsuz da əvvəlkilərlə müqayisədə sınaq imtahanlarına gedənlərin sayında azalma olub” Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün bu xidmətlərin Tarif Şurasının müvafiq siyahısına daxil edilməli olduğunu bildirib.

Şura sədri "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar dünən keçirilən brifinqdə imtahanların maliyyələşdirilməsinin hansı formada olacağı ilə bağlı müzakirələrin aparılacağını deyib: "DİM-nin, Tarif Şurasının mütəxəssisləri, iqtisadçılarla birgə müzakirələr aparılır. Amma bunu hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabineti qərar verməlidir. Prezident İlham Əliyevin aprel ayında verdiyi fərmanla Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanda nəzərdə tutulan məsələlərə uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Uyğunlaşdırma aparıldıqda artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Bununla əlaqədar hələ qərarı gözləyirik. Sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik”. 

Təhsil üzrə ekspert Nadir İsrafilov isə buraxılış imtahanlarının ödənişli olmasını düzgün hesab etmir. Ekspertin sözlərinə görə, ölkəmizdə maddi vəsaitlər nə qədər artırılırsa, təhsildə olan keyfiyyət və maraq bir o qədər azalmağa doğru gedir: 

"Ümumiyyətlə, dövlətimizin siyasəti, təhsilin əlçatan olması, neft kapitalının insan kapitalına çevrilməsi və büdcəmizin sosialyönümlü olması kimi prinsiplərlə bu məsələ heç cürə uyğunlaşmır. Hazırda ali məktəblərin 70 faizi ödənişli təhsildir. Sənəd vermək ödənişlidir və indi imtahanların da ödənişli olması nəzərdə tutulur. Ölkəmizdə təhsil ilə bağlı testləri və imtahan xərclərini Dövlət İmtahan Mərkəzi boynuna götürür. Onda belə çıxır ki, DİM maliyyə məsələlərini ört-basdır etməlidir. Bunun üçün də belə addım atılması nəzərdə tutulur. Hesab edirəm ki, ali məktəblərin ödənişli olması insanların xarici ölkələrə üz tutmasına gətirib çıxarır. Bunun özü Azərbaycanda beyin axınının olmasıdır. Təkcə sənəd vermək üçün ödəniş edilirsə, gələcəkdə kirayə pulu, illik ödənişləri ödəmək çox gərgin olacaq. Hazırda əhalinin maddi vəziyyəti o dərəcədə deyil ki, bunu etsinlər. Bütün bunlar təhsilə olan marağı bir az da aşağı salacaq. Onsuz da əvvəlkilərlə müqayisədə sınaq imtahanlarına gedənlərin sayında azalma olub. Bu qədər testlər və kitabçalar çap edirlər, satışlardan müəyyən gəlir əldə edirlər. Yuxarı orqanlarda, Nazirlər Kabinetinin qarşısında bu məsələ qaldırılmalıdır. Hər şeyi ödənişli etmək düzgün deyil. Ümumiyyətlə, bu məsələdə hansısa perspektivlər görmürəm. Əgər təhsilimizi inkişaf etdirmək istəyiriksə, imkan daxilində, yeri gəldikcə daxili imkanlarımız hesabına təhsilin maddi yönümünü aşağı salmalıyıq. Amma ildən-ilə artım davam edir və kütləvi narazılıq meydana çıxır. "Məktəbəqədər təhsil haqqında” qanunda da dövlət bağçalarının ödənişli olması məsələsi qoyulub. İnsanların böyük qismi işə rahat gedə bilmək üçün bağçalara müraciət edirlər. Əgər valideynin bağçaya uşaq qoymaq imkanı yoxdursa, belə çıxır ki, o, işindən imtina etməlidir. Beləliklə, bu hal əlavə işsizlik ordusuna gətirib çıxarır. Dünya ölkələrində olan təcrübələri ölkəmizə tətbiq etməliyik. Xarici ölkələrin dövlət müəssisələrində ödəniş yoxdur. Bunun üçün özəl sektorlar var. Bizdə orta məktəblərdə kurrikulum adı ilə iş dəftərləri, məktəbli forması kimi məsələlər ortalığa qoyulur. Bir uşağın məktəbə qəbulu və təhsil alması üçün görün nə qədər pul vəsaiti tələb olunur. Elə ailələr var ki, 5 uşağı var. Bütün bu xərclər Azərbaycanda təhsildən yayınmanın kütləvi xarakter halını almasına gətirib çıxarır. Başqa heç bir qazanc əldə olunmur”. 

Yeganə Bayramova