Bütün cinayətlərini özü etiraf edib

İradə Cavadova: “İndiki şəraitdə Serj Sarkisyanın toxunulmazlığı artıq qaldırılmış olduğu bir vaxtda, bu məsələnin üzərinə daha sərt gedə bilərik”
Sarkisyanı beynəlxalq məhkəməyə vermək üçün heç bir maneə qalmadı



Etirazlar qarşısında duruş gətirə bilməyən Serj Sarkisyanın baş nazirlikdən istefası onun toxunulmazlığını da aradan qaldırır. Demək, həm də bu caninin cinayət məsuliyyətinə cəlbinin önü açılır. Məlumdur ki, 26 ildir Ermənistanda cinayətkar rejim hakimiyyətdə idi.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan, ondan sonra hakimiyyətə sahiblənən Serj Sarkisyan da Xocalı faciəsi də daxil, bütövlükdə Qarabağda hərbi cinayətlər törətmiş, Azərbaycan xalqına qarşı aparılan soyqırımların başında dayanan adamlardır. Lakin bu adamların prezidentlik vəzifələri onlara qətiyyən haqq etmədikləri toxunulmazlıq statusu verirdi və bununla da həmin canilər cinayət məsuliyyətindən yayınırdılar. Lakin artıq toxunulmazlıq yoxdur. Serj Sarkisyanı Ermənistan ictimaiyyətinin özü cinayətkar elan edib. Azərbaycan üçün o, zatən cinayətkardır. Lakin Ermənistanda da Sarkisyanın cinayətkar əməlləri barədə artıq yüksək səslə danışılması bu caninin məhkəmə qarşısına çıxması üçün yol açmış olur.

Belə vəziyyətdə Azərbaycanın hüquq sistemi Serj Sarkisyanın və onunla bərabər digər canilərin də cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hansı addımları ata bilər?

Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında Serj Sarkisyanın toxunulmazlıq hüququnu itirməsinin cinayət məsuliyyətinə cəlb olunması üçün əlavə imkan yaratdığını bildirdi:

- Ermənistanda vəziyyət getdikcə pisləşir və hələ bilinmir ki, qarşıdakı günlərdə nələr baş verəcək. Görünən budur ki, işğalçı dövlətdə ictimai-siyasi vəziyyət olduqca gərgindir. Bəli, Serj Sarkisyan həm prezident seçilmədiyinə görə, həm də baş nazir postunda duruş gətirə bilmədiyinə görə toxunulmazlıq hüququnu artıq itirib. Belə vəziyyətdə onun cinayətkar əməllərinin istintaq tərəfindən araşdırılmasına heç nə mane olmur. S.Sarkisyanın hakimiyyətdə olduğu illərdə törətdiyi cinayətkar əməllər məlumdur, Ermənistan ictimaiyyəti ondan bunun hesabını soruşur. Bu caninin Azərbaycanda - Dağlıq Qarabağda, Xocalıda törətdiyi cinayətkar əməllər də məlumdur. Cinayətlərini o özü etiraf edib. Müxtəlif müsahibələrində, Zori Balayanın kitabında və s. Xocalıdakı soyqırım barədə Ermənistanın siyasi hakimiyyətindəki canilər özləri həvəslə danışıblar. Adını təkrar etməkdən də ürpənirəm, əclaf Zori Balayan kitabında azərbaycanlı körpələrin necə amansızlıqla qətlə yetirildiyindən yalnız caniyə məxsus tərzdə, sırtıqcasına yazır. Serj Sarkisyan özü də dəfələrlə bunu etiraf edib. Bir jurnalist ondan soruşur, siz Xocalı faciəsinə görə təəssüflənmirsinizmi, cavab verir ki, xeyr, mən heç bir təəssüf hissi keçirmirəm. Sarkisyanın cinayət əməllərinin sübuta ehtiyacı yoxdu. Özü hər şeyi etiraf edib, bu haqda danışıblar, yazıblar, kitab nəşr etdiriblər. Bu canilərin beynəlxalq insan haqları məhkəməsinə çıxarılması üçün, əslində heç bir maneə, baryer yoxdur. Sadəcə, biz bilirik ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Və Azərbaycanın haqq davasına da bu ikili standartlardan çıxış edərək yanaşılır. Biz beynəlxalq qurumlara etiraz etməliyik ki, onlar özləri cinayətlərini etiraf etdikləri halda, niyə məsuliyyətə cəlb olunmurlar?

İ.Cavadova Azərbaycan hökumətinin Ermənistanın cinayətkar siyasi hakimiyyəti barədə məlumatları daim beynəlxalq qurumlara çatdırdığını dedi:

- Azərbaycan hökuməti bütün məlumatları verir, bəyanatlarla çıxış edir. Xocalı soyqırımı barədə, soyqırım aktının həyata keçirilməsində birbaşa iştirakı olmuş cinayətkar rejim barədə beynəlxalq qurumlar qarşısında dəfələrlə məsələ də qaldırılıb. İndiki şəraitdə Serj Sarkisyanın toxunulmazlığı artıq qaldırılmış olduğu bir vaxtda, bu məsələnin üzərinə daha da sərt gedilə bilər. Çünki indi bu canilərin cinayət məsuliyyətinə cəlb olunması üçün əlavə imkanlar yaranıb.

İ.Cavadova xalqımıza qarşı soyqırım aparmış erməni canilərinin beynəlxalq məhkəmə qarşısına çıxarılması üçün Xocalı soyqırımının da daha çox dövlətlər tərəfindən tanınmasının vacibliyini vurğuladı:

- Bildiyim qədər, Pakistan və Sudan Xocalı soyqırımını tam olaraq tanıyır. Dövlətlərin Xocalıda baş verənləri faciə adlandırması başqadır, soyqırım aktı kimi qəbul etmələri isə tamam fərqlidir. Məsələn, ABŞ-ın bəzi ştatları Xocalı faciəsini tanıyıb. Eləcə də dünyanın bir sıra dövlətləri Xocalı faciəsini qəbul edir, lakin məhz soyqırım aktı kimi tanınması üçün biz hamımız Azərbaycan ictimaiyyəti olaraq fəaliyyətimizi davam etdirməliyik.

Millət vəkili Elman Məmmədov da Serj Sarkisyanın toxunulmazlığının qalxmasının beynəlxalq məhkəməyə çıxarılması üçün imkan yaratdığını dedi:

- Azərbaycan hüquq-mühafizə orqanlarında həm Serj Sarkisyan, həm Robert Köçəryan, həm də onlar kimi digər cinayətkarla bağlı kifayət qədər istintaq materialları var. Beynəlxalq İnsan Haqları Məhkəməsi də, İnterpol da məhz bu materiallar əsasında işi icraata alıb, bu cinayətkarları həbs edib Azərbaycana təhvil verməlidir. Ancaq yenə də ikili standartlar, erməni təəssübkeşliyi ilə qarşılaşırıq. Bu cinayətkarların üzərində Xocalı qətliamı var. Ermənistanda da son 20 il ərzində saysız cinayətlər törədiblər. Əlbəttə, məsələyə ədalətlə yanaşılsa, onların hamısı həbs olunmalı və cəzalarını çəkməlidirlər. Bu adamlar insanlığın üz qarasıdır. Beynəlxalq qurumlar nə qədər ədalətdən yan keçsələr də, mən inanıram ki, biz onları mühakimə edəcəyik.

Məlahət Rzayeva