Bütün qərarları federal hökumət verir

ABŞ-ın Havay ştatının qondarma DQR-in müstəqilliyini tanımasının heç bir hüquqi əsası yoxdur




Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası işğal edilmiş Azərbaycan ərazisi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb. Sözsüz ki, bu tip addımlar mənfi tendensiyanın yaranmasına səbəb ola bilər. Bəs, hüquqi əsası var?

ABŞ-ın Havay ştatının qondarma DQR-in müstəqilliyini tanımasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib ki, Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir: "ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının Senatının gündəliyinə salmağa çalışsa da, uğursuzluqla üzləşib. Belə ki, ştat Senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb. Bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ-ın erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının Nümayəndələr Palatasına üz tutub”. H.Hacıyev qeyd edib ki, bütün bunların bir daha Ermənistanın danışıqlar prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığına dəlalət edir: "Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və həmçinin münaqişənin həllində vasitəçi olduğu üçün bu hadisəyə ilk reaksiyanı da məhz Vaşinqton verməlidir.

Politoloq hesab edir ki, əgər bu gün Amerikanın kiçik bir ştatı ölkə qanunvericiliyinə zidd qərar qəbul edirsə, bunu aradan qaldırmaq Amerika rəhbərliyinin öz işi olmalıdır: "Bununla həm öz qanunvericiliyinə hörmət edər, həm də münaqişənin həllində əlavə problem yaranmasının qarşısını almış olar. Azərbaycan rəhbərliyi isə bu ağılsız və Amerika qanunvericiliyinə uyğun olmayan bu halın aradan qaldırılmasını qətiyyətlə tələb etməlidir. İlk növbədə addım Amerika öz tərəfindən atılmalıdır. Azərbaycan hökuməti isə bundan narahatlığı onlara ərz etməlidir”. Q.Hüseynlinin fikrincə, bir ştatın bu qərarı qəbul eləməsi ciddi hadisə olmasa da, prosesin özü təhlükəli tendensiyaya çevrilə bilər. Politoloq hesab edir ki, bu hadisə sülh prosesinə və ATƏT-in Minsk Qrupunun sülh missiyasına əngəl yarada bilər: "Bunu edənlər anlamalıdırlar ki, sülh prosesinə qatqıda bulunmur, əksinə, mövcud vəziyyəti gərginləşdirirlər. Həm də Azərbaycanın daxili işlərinə kobud və qanunlara uyğun gəlməyən formada qarışırlar. Zənnimcə, bu məsələ Azərbaycan tərəfindən beynəlxalq qurumlar və Amerika hökuməti qarşısında kəskin şəkildə qaldırılmalıdır. Praktika göstərir ki, problemin həlli ilə sırf xristian dövlətləri məşğul olanda hadisələrə obyektiv yanaşma meyli xeyli dərəcədə öz əhəmiyyətini itirir. O səbəbdən də bu hadisə Minsk Qrupu rəhbərliyində bir müsəlman dövlətinin olması zəruriliyini bir daha üzə çıxarır”.

Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, millət vəkili Asim Mollazadə də qeyd edib ki, ABŞ-ın Havay ştatının qondarma DQR-in müstəqilliyini tanımasının heç bir hüquqi əsası yoxdur: "Amerika Birləşmiş Ştatlarının konstitusiyasına uyğun olaraq beynəlxalq münasibətlər, xarici siyasətlə bağlı bütün qərarları federal hökumət tərəfindən müəyyən edilir. Ayrı-ayrı ştatların beynəlxalq münasibətlərlə bağlı heç bir hüquqi səlahiyyətləri yoxdur. Bu sadəcə olaraq, ermənilərin Azərbaycana qarşı apardığı informasiya müharibəsinin bir göstəricisidir”.

Şəymən