Çavuşoğlu Bakıda önəmli mesajlar verdi

Türkiyə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyəcək



"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməsinin tərəfdarıyıq”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, aprel hadisələrinin təkrarlanmaması vacibdir: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm”. M.Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib.

"Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləyəcək”

Mövlud Çavuşoğlu təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlara da münasibət bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük: "Ermənistan bu cür təhriklərdən çəkinməlidir. Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Həmsədrlər bazar ertəsi Ankaraya gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.

"İstəyirik ki, Azərbaycan-Türkiyə- Qazaxıstan üçlü mexanizmi də olsun”

Çavuşoğlu bəyan edib ki, Türkiyə bütün regional layihələri həyata keçirməklə bağlı Azərbaycanla həmfikirdir: "Birlikdə çalışmağa davam edəcəyik. Layihələrin həyata keçirilməsi üçün digər ölkələrlə də əməkdaşlıq davam etdiriləcək. Bilirsiniz ki, bölgədəki ölkələrlə üçlü mexanizmlər mövcuddur. Türkiyə tərəfi Azərbaycan, İran, Türkmənistan və Gürcüstanla üçlü mexanizmlər qurub. Biz istəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də formalaşsın. Qazaxıstanlı qardaşlarımızla da bu məsələni müzakirə etmişik. Hətta Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik”.

"Ermənistan əsgərləri təmas xəttində qaldıqca, xoşagəlməz hadisələr davam edəcək”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır: "Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək. Ona görə danışıqları davam etdirmək lazımdır”.

İsmayıl