Cəbhə zolağını daimi nəzarətdə saxlamaq mümkünsüzdür

“Müşahidəçilərin sayının artırılması qapının açılması deyil, sadəcə kiçik bir pəncərənin aralanmasıdır”


Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərin sayının 7-yə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bu haqda ATƏT Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bəyan edib. Həmsədr bildirib ki, müşahidəçilərin say tərkibi ilə iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır:

"Razılıqlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra texniki məsələlərdir”. Popovun açıqlaması ekspert çevrələrində əsas müzakirə mövzularından birinə çevrilib. Müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Qriqori Trofimçuk deyib ki, müşahidəçilərin sayının artırılması şərti irəliləyişdir: "Bu, ötən il Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmanın bəndlərindən birinin həyata keçirilməyə başlanmasıdır. Yaxşı ki, cəbhə xəttindəki gərginlikdən sonra pozitivliyə doğru nəsə bir tərpəniş oldu”.

Ekspert bununla belə deyib ki, razılaşma hərbi sabitlik üçün qarantiya rolunu oynamır, amma bənd, diplomatlar üçün əhəmiyyətlidir:

"Təmas xəttində müşahidəçilərin sayı artırılacaqsa, deməli, diplomatlar məlumatlı olacaq ki, atəşkəsin pozulmasında kim təqsirkardır. Bu müşahidəçələrin kimlikləri elan olunmalıdır ki, onları tanıyaq”. 

Məsələ ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Azad İsazadə deyib ki, müşahidəçilər bacarmasalar da, atəşkəsin pozulmasını qeydə almağa çalışıblar. Ekspert bildirib ki, ATƏT-in Minsk Qrupu o qədər neytral mövqe tutub ki, onların təmsilçiləri bir dəfə də olsun açıq bəyan etməyiblər ki, konkret hansı tərəf ilk atəşi açıb: 

"Həmişə texniki problemləri bəhanə edərək iddia ediblər ki, "atəşkəsi ilk kimin pozduğunu demək dəqiq mümkün olmur” və s. Hesab edirəm ki, müşahidəçilərin sayının çoxalması bu işlə məşğul olanların imkanlarını genişləndirə bilər. Amma başa düşməliyik ki, müşahidəçilərin sayının artması, hətta onların öz işini dəqiq və obyektiv görməsi bizim üçün müsbət nəticə sayılmır. Cəbhə zolağı çox uzundur və bölgəni daimi nəzarət altında saxlamaq qeyri-mümkündür. Ümumi olaraq qəbul edirəm ki, say tərkibinin artırılması yaxşı addımdır, ən azından siyasi baxımdan münaqişə tərəflərinin razılığı deməkdir. Həm də sıfır nöqtəsindən irəliyə doğru tərpənişdir. Lakin yenə təkrar edirəm ki, müşahidəçilərin sayının artırılması qapının açılması deyil, sadəcə kiçik bir pəncərənin aralanmasıdır”.

İsmayıl