Aslan İsmayılov: "Son vaxtlar isə tərif məsələlərində heç bir əndazə gözlənilmir və bu, çox iyrənc görünür"
Novella Cəfəroğlu:"Ürəkdən gələn səmimiyyət isə istər yazılarda, istərsə də insanların bir-birlərinə münasibətində aydın görünür. Ona görə, süni təriflərlə heç kəs başqalarını aldada bilməz”
"Başqalarına yaltaqlıq edən, həddindən artıq səmimiyyətdən kənar hərəkətlər sərgiləyən şəxslər tənqid olunur, hətta lənətlənir”.
Bunu Sherg.az-a hüquqşünas Aslan İsmayılovun sosial şəbəkədə yazdığı "Həqiqətən hər işdə əndazəni gözləmək çox vacibdir. Son vaxtlar isə xüsusən, tərif məsələlərində heç bir əndazə gözlənilmir və bu, çox iyrənc görünür” ifadələrinə münasibət bildirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, hazırda insanların bir-birlərini səmimi formada təriflədiklərinin şahidi deyil:
"İndiki zəmanədə bir-birinə doğrudan da hörmət münasibəti göstərmək vacibdir. Əksəriyyətdə mən bunu müşahidə etmədiyim üçün, təəssüf edirəm. Yaltaqlanmaq, süni formada tərifləmək heç bir işə yaramır. Bu gün cəmiyyətdə bir-birimizə qarşı həssas olmalıyıq və xoş söz deməyi bacarmalıyıq. Yaltaqlıq deyil, xoş söz deməliyik ki, belə ağır vəziyyətdə insanlar özündə həyatda qalmaq gücü hiss etsin.
Səmimi və qeyri-səmimi insanların kimlər olduğu həmin dəqiqə bilinir. Bir var ki, boğazdan yuxarı səmimiyyət olsun, bu yaxşı qarşılanmır və hiss olunur. Ürəkdən gələn səmimiyyət isə istər yazılarda, istərsə də insanların bir-birlərinə münasibətində aydın görünür. Ona görə, süni təriflərlə heç kəs başqalarını aldada bilməz”.
Aysel Aslan