Hüquqşünaslar hökmü tam ədalətli saymır
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmadığına görə onların ittiham olunduqları maddələr Cinayət Məcəlləsinin 32.5 və 126-cı maddələrinə tövsif edilib. Beləliklə də, Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumat üçün bildirək ki, Ann.az saytının əməkdaşı Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Telereportyor xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından C.Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. C.Hüseynovun üzvü olduğu "Qəbələ” futbol klubundan bildirilib ki, futbolçunun adının fotojurnalist R.Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Qərarı dəyərləndirən tanınmış hüquqşunas Müzəffər Baxış "Şərq”ə söyləyib ki, bu, çox normal hökmdür: "Onlar R.Əliyevə qarşı cinayət törədiblər. Əməlləri tam olaraq təsdiqini tapıb. Bu baxımdan, məhkəmə ittiham hökmü çıxarıb və onları uzunmüddətli azadlıqldan məhrum etmə cəzasına məhkum edib. Bunu normal hesab edirəm. Heç bir günahı olmayan və sadəcə öz fikirlərini bildirən jurnalistə qarşı belə zorakılıq etmək yolverilmzədir. Düşünürəm ki, onlara normal cəza verilib”.
C.Qurbanovun vəkili Adəm Məmmədov isə məhkəmənin qərarını qismən ədalətli hesab edir: "Çünki Rasimin döyülməsinə dair videogörüntü var. Həmin videoda aydınca görünür ki, həbs olunan şəxslərdən ikisi mərhuma əlini belə vurmur. Onlar tərəfləri aralaşdırır və cəhd edir ki, dava uzun çəkməsin. Məhz, bu baxımdan qərarı tam deyil, qismən ədalətli sayıram. O hadisədə həmin iki nəfərin heç bir rolu yoxdur. Onlar mərhuma qarşı heç bir zorakılıq etməyiblər. Kamera görüntülərindən də bu aydınca görünür. Elşən barəsində çıxarılan qərar ədalətlidir. Lakin cəza hissəsi bir balaca ağırdır”.
Ayyət Əhməd