Ciddi kapitala ehtiyac var

“Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu sürətli qatar olmayacaq”
Artıq layihənin rəqibləri var: “Rusiya və Belarusdan keçən, Almaniya və La-Manş boğazına qədər uzanan dəmir yolu fəaliyyətə başlayıb”


"Bakı-Tbilisi-Qars dəmir yolunun nəqletmə perspektivləri olduqca böyükdür”. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib. Nazir bildirib ki, dəmir yolu xətti Çin və Avropanı birləşdirəcək: "Bakı-Tbilisi-Qars dəmir yolu bütün növ yüklər üçün nəzərdə tutulub. Artıq Qazaxıstandan Türkiyəyə yük konteynerlərinin daşınması ilə bağlı təkliflər var. Dəmir yolu ilə ilk yük qatarının təxminən 2 aydan sonra yola düşməsi gözlənilir. Türkiyə və Azərbaycandan olan həmkarlarımızla buna nail olmağa çalışacağıq”. Gürcü rəsmisi dəmir yol xətti ilə sərnişin daşınması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bunun üçün əlavə infrastruktur işləri başa çatdırılmalı və yeni qatarlar alınmalıdır.

Ekspertlər hesab edirlər ki, Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirəcək və Şərqlə Qərb arasında körpü rolunu oynayacaq. Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, layihə 3-4 il bundan əvvəl bitməliydi. Lakin müəyyən problemlərdən dolayı dəmir yolunun tamamlanması gecikdi: 

"Dəmir yolunun çəkilməsi prosesində maliyyə yükünün böyük əksəriyyətini Azərbaycan öz üzərinə götürdü və Gürcüstana 20 illik 200 milyon dollarlıq kredit verdi. İlk on il ərzində kreditin ödənilməsi zamanı ümumiyyətlə faiz hesablanmayacaq. Qalan on ildə isə cəmi bir faiz tutulacaq. Türkiyə ərazisində aparılan işlərin maliyyəsinin bir hissəsini də Azərbaycan ödədi. Maliyyə yükünün Azərbaycanın üzərində qalması, eyni zamanda ekoloji problemlər işin uzanmasına səbəb oldu. Lakin artıq iş tamamlanmaq üzrədir”. İqtisadçı deyib ki, Azərbaycanın məqsədi Şərq-Qərb dəhlizinin ölkə üzərindən keçməsini təmin etmək, tranzit yükdaşımalardan alınan gəlirlə qazanc əldə etməkdir: "Əslində bu layihənin rentabelli işləməsi üçün bəzi problemlər var. Əgər əsas hədəf Çin məhsullarının Avropaya daşınmasıdırsa, Azərbaycan çalışmalıdır ki, partnyor ölkələrlə çevik siyasət aparsın, yaşıl koridor yaratsın. 

Yalnız o halda yükdaşımalarından qazanc əldə etmək mümkündür. Nəzərə alaq ki, yüklər Orta Asiyadan Azərbaycana gələnə qədər Xəzər dənizi maneəsi ilə üzləşir. Deməli, yüklər bərələrlə daşınacaq. Bu isə əlavə zaman və daha çox xərcin sərf olunması deməkdir. Çıxış yolu bərələrdə tez keçidlərin təmin olunmasıdır. Digər problem isə odur ki, Mərkəzi Asiya ölkələri, o cümlədən Azərbaycanın dəmir yolları ilə Türkiyə və Avropa dəmir yollarının enində fərq var. Ona görə də, Türkiyə sərhəddində yeni stansiya tikilməli və orada vaqonların təkərləri dəyişdirilməldir. Yəni həm texniki problemlər, həm sürətli keçid problemləri həll edilməlidir ki, bu layihədən qazanc əldə olunması mümkün olsun”. 

N.Cəfərli bildirib ki, artıq layihənin rəqibləri var: 

"Rusiya və Belarusdan keçən, Almaniya və La-Manş boğazına qədər uzanan dəmir yolu fəaliyyətə başlayıb. Açıqlanan rəqəmə görə, təqribən 14-16 gün ərzində Çindən çıxan mal La-Manş boğazına, yəni Britaniyaya çata bilər. Biz onlarla rəqabət aparmalıyıq, bunu bacarsaq, ölkəmiz qazanacaq. Yoxsa, gün ərzində ən yaxşı halda 7-8 milyon ton neft daşımaq mümkün olacaq ki, bu da ölkəyə 40-50 milyon dollar gəlir gətirəcək. Ancaq yükdaşımanın həcmini bir neçə dəfə artırsaq, qazancımız çox olacaq”. Ekspert vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu sürətli qatar olmayacaq: "Müasir sərnişinlər sürətə böyük önəm verirlər. Yaxın zamanda fəaliyyətə başlayan marşruta ən azı iki sutka yarım, təxminən, 60 saata yaxın vaxt sərf olunacaq. Bu da ciddi zaman itkisidir. Heç bir sərnişin yola bu qədər vaxt sərf etmək istəməz. Amma yeni lokomotivlər və qatarlar alınarsa, sürəti 36 saata salmaq olar. Bunun üçün isə ciddi kapitala ehtiyac var. Həmin xərcləri kimin üzərinə götürəcəyi isə hələlik məlum deyil”.

İsmayıl