... Səhər o başdan, saat 05:00-də təyyarə Nursultan Nazarbayev adına hava limanına endi. Hava limanından çıxanda sərin küləkyin havası istidən yanan ürəyimə məlhəm kimi yayıldı. Çünki Bakıdan təyyarə minəndə istilər hələ adamın cıbrığını çıxarırdı. Birdən birə o istidən bu sərinliyə düşmək ovqatıma artıq sevinc qatmağa başladı. Çünki istinin qızmarını deyil, mülayimini sevmirəm. Beynəlxalq Türk Akademiyasının avtomobilindəki nümayəndə məni qarşılayıb "Tengri” --"Tanrı” otelinə apardı. Yola düşməyimizə 1 saat vaxt qaldığından, sifariş olunan otaqda dincəlməkdən vaz keçdim. Otelin foyesində olan divanda mürgüləyib, yol yorğunluğumu çıxarmaq istədim...

... Bir az keçmiş "Kentaydan Ulutauya: tarixi yaddaşın yenilənməsi” adlı ekspedisiyanın üzvləri foyedə yığışmağa başladılar. TWESCO-nun Monqolustana tarixi yaddaşımızın izi ilə başladığı -- Çingiz xanın, Kutluq xaqanın, Kül Təginin oylaqlarına ekspedisiyamızda iştirak edən Türkiyə, Monqolustan, Başqırdostan, Rusiya, Özbəkistan, Qırğıqıztandan olan yazar -- jurnalist həmkarlarımız və dostlarımızla yenə bir arada idik. Beynəlxalq Türk Akademiyasıının prezidenti, doktor Dərxan Kıdıralı lap erkən gəlmişdi. Ekspedisiyaya qatılan hər kəsi birinci özü salamlayırdı. Və ilk sözü bu oldu: "Hərdən kabinetlerdən çıxıb, kreslolardan qopmaq lazımdır ki, bir-birimizi görək, sevincimzə şərik olaq, bir-birimizi yaxıpndan tanıyaq. Türk dünyasının hər tərəfindən bir araya yığılan dostlarımızızn əhval ruhiyyəsini xoş görəndə işləmək, yaratmaq da asan olur”.
5 maşın dolu karvanımız yola düzəldi.Köçümüzü yığıb babalarımızın izi ilə Çingiz xanın, Əmir Teymurun , qədim türk xanlarının, qazax xanlarının xanlıq,xaqanlıq, fatehlik etdikləri məkanların ziyarətinə yolçuluğuAstanadan başlatdıq...
Yolumuz isə çox da yaxın deyildi. Əvvəlcə hələ tunc dövründən mövcud olan , Herodotun əsərlərində adı "Kenger” kimi çəkilən Jeskazqan şəhərinə çatmalı idik. Bu şəhər isə paytaxt Astananın 734 kilometrliyində yerləşir...
Sentyabrın 15-də günəşinin simicliklə zərrin şəfəqlərinin yaydığı bir payız səhərində Astananın hər tərəfindəki yaşıl oazislər insanın diqqətini çəkməyə bilməzdi. Küçələrində bir zamanlar səhra küləkləri veyil-veyil vıyıldadığı, qar çovğunlarının olduğu bu şimal şəhərini, astanalılar 19 ilin içərisində yaşıllıqlar oylağına çevirməyi bacarıdılar. Yaşıllıqlara baxdıqca , bu gün daşlaşan Bakıya heyifim gəldi. Vaxt var idi daş Bakını biz beləcə yamyaşıl etmişdik. Quru qumsal torpaqlarda yaşıllıqlar yaratmışdıq. O yaşıllıqlara görə şəhərdə təmiz hava ilə ciyərlərimzi də, könlümüzü də doldururduq. İndi öz gözəllikdə yaşıl şəhərimizi daşa döndəririk...
Yol boyu uzanan səhralar, çöllər, bozkırlarda çox da hündür olmayan təpələr, düzlər, taxıl zəmiləri kəhraba dənizi kimi mülayim küləklərin drijorluğu ilə yavaş-yavaş dalğalanırdılar. Lakin yerli adamlar deyirdi ki, bu il qış deyəsən tez gələcək. İçimdə bir heyrət və təəssüf var idi. Görəsən fermerlər bu il taxılı biçib qurtara biləcəklərmi?! Xeyli gedəndən sonra sulu çaylar və gölməçələr olan yerlərdə qarşımıza at ilxıları çıxdı. Qazaxıstanda bəslənən atlar monqol atlarından daha hündür olurlar. Bərli- bəzəkli atların dəriləri də soyuq sentyabr günəşinin altında bərq vururdu. Onlar lap nağıllardakı qanadlı atlara bənzəyirdilər. Nə sirrdirsə, at görəndə ürəyim atlanır. Və bu sonsuz səhralarda atların belə gözəl və baxımlı olması da yəqin ki, sonsuzluğun onlara verdiyi azadlıqda idi. Yəqin ki, atları belə gözəl göstərən həm də azadlıqları idi. İnsan azad olanda könlü rahat olur, rahat könül isə gözləri də, simanı da gözəl göstərir. Əllərimi Tanrıya açıb Kutluq xaqan, Kul Tegin, Tonyukük , Çingiz xaqan kimi bir dua etdim: "Ey Göy Səma, ey uca Tanrı nə yaxşı ki, atları yaratmısan. Əslində atlar olmasaydı, türkün özgürlüyü, azadlığı, qələbələri də olmazdı. At türkə hər zaman, hər yerdə yoldaşvə qardaş oldu. Bizi köhlən atlarımızın üstündə muradımıza çatdır.Birliyimizi daş kimi, tarix kimi əbədi elə!”.
Onu da deyim ki, həmişə olduğu kimi, bu dəfə də ekspedisiyamızın rəhbəri Dərxan Kıdıralı rahat avtomobillərə deyil, bizimlə birlikdə avtobuslarda oturmağa üstünlük verdi. Yollar uzandıqca uzanırdı. Arada dincəlmək üçün Atasu rayonunda dayandıq. Ekspedisiyanın üzvləri üçün nəzərdə tutulmuş yeməkxanada çay içib, bol -bərəkətli süfrələrin naz-nemətindən daddıq. Axşam saat 7 radələrində Jeskazqana çatdıq. Bir ailə kimi axşam yeməyinə bir süfrə arxasına toplaşdıq. Qazaxların süfrəsinin beşbarmağı, baursakı da ki, öz yerində... Və bir də ki, süd ilə içilən çayı... Bu südlü çay da 12 saatlıq yol yorğunluğumuzu canımızdan çıxardı. V.İ.Lenin: "Vətənin əmlakını yada satmaq olmaz, torpağın sərvəti xalqa məxsusdur”.
Karaqanda vilayətində hər qarış torpağın altı əlvan metallarla zəngindir. Qazıntılar zamanı burada tapılan misdən hazırlanan pullar, qədim tikililərdən qalan qırıntılar, abidələr, alətlər atrtıq kimsəni təccübləndirmir.
Karaqanda vilayətinin ən böyük sənaye mərkəzlərindən biri sayılan Kenqeres 1914-cü ilə qədər qəsəbə tipli şəhər idi. 1914-cü ildə buraya gələn ingilis investorlar poladəritmə zavodu tikməyə başlayırlar. Az keçmir ki, 1917-ci ilin Oktyabr inqilabı baş verir. Və V.İ.Leninin rəhbərliyi altında yaranan yeni formasiyaya uyğun olaraq, zavoda hakimiyyətə gələn sovetlər sahib olurlar. Proletariatın rəhbəri deytir ki, Vətənin əmlakını yada satmaq olmaz, torpağın sərvəti xalqa məxsusdur.

Monqolustanda Koşo Çaydam vadisində, Orhon çayının sahillərrində yerləşən Göy Türk xaqanı Kül Tegindən qalan daş kitabənin 37-ci sətirində Mənim ölkəm, budanım Kenqereş yerindən çıxdı”- yazılmışdı. Kenqeres Göy türklərdə tayfa adı idi. Bəzi tarixi mənbələrdə Azərbaycandakı Ağqoyunluvə Qaraqoyunlu tayfalarının da buradan gedib oğuz ellərində yurd salmaları ehtimal edilir. Kəngərlilərin də bu tayfadan gəlmələri yazılı mənbələrdə öz əksini tapıb. İndi sənaye şəhəri olan Jeskazqanın da ilk adı Kenderlik idi. Ergenekon zamanından dəmirlə dil tapıb onu əritməyi öyrənib, ondan silah-sursat düzəldən türklərə və difəgər tayfalar, təbii ki, buralara gəlib çıxanda artıq yerin altından çıxan fioliz, metal, mis, gümüş və qızılla necə işləməyin yollarını bilirdilər. Bu yeraltı sərvətlərə sahib olanlar varlanır, ordu yaradır və halkimiyyətini Orta Asiya ərazisində bərqərar edirdilər. Və burada özlərinin topxanalarını, şəhər mərkəzlərini də yaradırdılar. Zaman tarixin Qızıl Orda- Altın Orda zamanı idi.
... Bu gün, yəni sentyabrın 16-da isə Çingiz xanın oğlu Çuçinin, Qızıl Orda xanı Alaşa xanın,
Dombaulun türbələrini ziyarət edəcək, Dəşti Kılpcaqların izlərini , qədim türk tarixini, hunların, Əmir Teymurun izlərini , sirrlərini özündə saxlayan Müqəddəs Ulutau dağının ətəyində Tanrımızı bir də yada salacağıq.
Jeskazqan şəhərinin 54 kilometrliyində yerləşən Çuçi xanın ziyarətgahınadır yolumuz. Astanadan fərqli olaraq, burada havanın temperaturu yüksəkdir: +25 C. Asfalt yollar bitəndən sonra, arabamız torpaq yollahərəkətə başladı. Ətrafa baxırıq, kol-kos, cürbəcür bitkilər, saksaullar... Adda-budda bəzi yerdlərdə tənha məzarlar, və ya aullar da vardır. Bir neçə çadırdan ibarət olan aullarda qazax çobanları yaşayır. Və bir daha yəqin edirsən ki, maldarlıq bu yerlərdə yaşayan insanların əsas məşğuliyyəti olub. Ətrafda çobanların boş vaxtlarında üst-üstə yığdıqları daşlar gözə dəyir. Bozkırlar boyu xırda evciklərə bənzər belə daş yığınlarını çox görmək olur. Çibanlar belə daşları bir də ona görə yığırlar ki, yağış yağanda yaş torpağın üstündə oturmasınlar.
DNK-sında Çingiz xanın qanı olan 18 milyon insan yaşayır
... Deyirlər ki, DNK-sında Çingiz xanın qanını daşıyan 18 milyon insan yaşayır. Tarixi mənbələrdə 40 il hakimiyyətdə olan Çingiz xanın hərəmxanasında 20-dən çox nigahlı arvadı, və saysız hesabsız kənizlərii olması haqqında məlumatlar yer alıb. Çingiz xanın çoxsaylı oğullarından ilki sevimli xanımı Bortenin 1182-ci ildə dünyaya gəltirdiyi Cuçi olub. Həmin vaxtlarda merkitlərin əsir apardığı Börteni xilas edən Şingiz xan deyir ki, onun xanımı əsir düşəndə hamilə idi. Və beləliklə Cuçini öz oğlu olduğunu elan edir. Cuçidən sonra , daha üç oğlu--Çağatay, Uqedey, Teleu dünyaya gəlir. 25 yaşı olanda Cuçi Baykala tərəf hücum edib, buradakı "meşə insanlarını” özünə ram edir. 1218-23-cü ildə isə Mərkəzi Asiyanın ərazilərinə sahib olur. Çingiz xan Qızıl Orda adı altında yaratdığı Böyük Çölün ərazilərini-- Türküstandan Volqaya qədər Cuçiyə həvalə edir.
Kengir çayının sahilində yerləşən əraziyə yerli əhali Orda bazar deyir. 13-cü əsrdən bəri bu çöllərdən və bozkırlardan nə qədər küləklər əssə də, yağışlar yağsa da, qar tufanları olsa da, hər yaz buralarda lalələr, bənövşələr, novruzgüllər, canavar çiçəyi açır, yemişan ətri yaz yağışına qarışır. Elə indi də payızın nəfəsindən xəbər verən narın küləklər əsdikcə qurumuş otların doğma ətrini üzümüzə vurduqca inanın ki, ruhumuz təzələnirdi.Əgər səhranın əsrarəngiz ətri, qoxusu səni məst edirsə, dəli kimi o yan-buyana qaçan rüzigarlar qəlbinin tellərini əsdirirsə, demək genetik yaddaşını oyanıb. Və təbii ki, o genetik yaddaşın gücüdür ki, torpağın ətrini , çiçəklərin qoxusunu belə duya bilirsən. Cuçi xanın məqbərəsinə gedən yolu bu vəhşi səhralarda ancaq yerli sürücülər, yola bələd olan adamlar tapa bilir.
Bizim bələdçilərimiz isə 25 ildir ki, bu yolu gedib gəlir. Səmanın üfüq xəttinə qədər uzanan yerlərdə az qala hər kolu, hər təpəni tanıyır. İlk dayandığımız yer Çingiz xanın oğlu Cuçinin məzarı olur. Bir çox əfsanələrdə belə nağıl edilir ki, vəhşi atların ovuna çıxan Cuçini tutmaq istədiyi bir vəhşi köhlən tapdalayıbvə onun zədələnmiş qolu kəsilib. Cuçi xanın türbəsi haqqında ilk dəfə XVI əsr səlnaməçisi Hafiz Danışanın yazılarında rast gəlinib. 1946-cı ildə isə burada ilk qazıntılar məşhur alim A.Mərgilanın rəhbərliyi ilə aparılıb. Arxeoloqlar da bu məzarıaraşdıran zaman basdırılan insanın qolunun birinnin olmadığını görüblər.
Çingiz xanın hakimiyyəti tarixini oxuyanda o da məlum olur ki, atasından və qardaşından fərqli olaraq, Cuçi dava , savaş tərəfdarı deyil, sülh tərəfdarı olub. Qızıl Orda xanlığında hakimiyyətini diplomatik yolla bərqərar edib. Yerli insanlarla xoş rəftarı nəticəsində onların hörmət və məhəbbətini qazanıb. Belə rəvayət edirlər ki, çox zəhimli xarakterə məxsus olan Çingiz xan ətrafında olan saray adamlarına əvvəlcədən deyibmiş ki, kim mənim oğlanlarımın ölüm xəbərini gətirsə, bilsin ki, həmin adamın boğazına qurğuşun tökəcəyəm. Tanrının qismətindən belə olur ki, Cüçi 1227-ci ilin fevral ayında ölür. Bu xəbəri Çingiz xana verməyə mimsə cəsarət etmir. Xanın yanında olan sevimli vəziri və müşaviri Ketbuğa bu çətin və məsuliyyətli işi öz üzərinə götürüb, saray əyyamına deyir ki, xəbəri Xana özü çatdıracaq. Ketbuğa həm savadlı siyasətçi, həm şair, həm də domra və qobuzda çalan məharətli ifaçı idi. O qobuzunu götürüb, gəlib Çingiz xanın ağ çadırının ətəyində oturub və sevdiyi musiqilərdən birini çalaraq oxuyur. Səhralarda kobuzu dinləməyənlər bilməz. Kobızın səsi küləklərə qarışanda çox məlahətli olur. Küləklər bu həzin mahnı səsini Çingiz xanın ağ çadırına aparırlar:
Yıxılan uca dağları kim qaldırar xanım heyyy...
Qaralan sularımızı kim təzələr xanım heyyyy
Yıxılan qovaqaları kim qaldırar xanım heyyy
Suyu daşan çayları kim saxlayar xanım heyyy...
Ketbuğanın və domranın səsinə çıxan Çingiz xan ona belə cavab verir:
Yıxılan o uca dağım Cuçi olmasın Ketbuğa.
O qaralan soyuq sularıCuçi təmizlər Ketbuğa.
Yıxılan ağaclarımı,Cuçi qaldırar Ketbuğa,
Suyu daşan çaylarıCuçi saxlayar Ketbuğa...
Cingiz xanın bu cavabından sonra Ketbuğa qəmli melodiyasını çalmaqda davam edir. Və Göy Səma və Uca Tanrı yayın simləri titrədən səsi ilə Cuçinin ölüm xəbərini Çingizə ayan edir. Əlini qılıncına atıb Ketbuğanın üzərinə hücum edərək deyir: "Axı mən demişdim ki, kim oğlanlarımdan birinin ölüm xəbərini gətirərsə, boğazına qurğuşun tökəcəm...”. Ketbuğa xana baş əyib deyir:
"Xanım, Göy Səma, Tanrı özü şahiddir ki, bu xəbəri sizə mən çatdırmadım, dombra çatdırdı, bir də özünüz söylədiniz...”.Çingiz xaqan Göy Səmaya və Tanrıya inanırdı. O gördüyü hər bir işin, xeyrini və şərini də Uca Tanrıya qarşı etdiyi əməlin nəticəsi kimi dəyərləndirirdi. Çingiz xan artıq sözünü demişdi, bütün dünya bilirdi ki, ilk dəfə "Ana Yasa” kitabını yazan hökmüdarın sözü qanun idi. Və belə qərara gəlirlər ki, qurğuşunu dombranın üstündə bir dəlik açıb , oraya töksünlər. O gündən dombra düzəldənlər hər zaman onun sinəsi üstündə bir dəlik də açırlar. Və həmin gün oxunan "Aksak kulan” mahnısı bu gün də qazaxların folklorunda ana laylası kimi qorunub saxlanır.
Qırmızı kərpicdən tikilən türbənin ətrafında Orda bazarın qalıqları, bütöv bir şəhər mədəniyyəti , XI-XII əsrin xərabatlarının izləri hələ də qalmaqdadır. Tədqiqatçıların gəldiyi nəticəyə görə Cuçi xanın türbəsi 1228-ci ildə inşa edilib. Gümbəzi mavi Göy səma rəngində olan türbənin tikintisində arqın- oğuz, qıpçaq kerey, nayman, konırat, madyar, kanlı merkit tayfaları iştirak ediblər. Məzarda tədqiqat işləri aparan arxeoloqlar burada bir qadına aid əşyalar və sümüklər də tapmışdılar ki, bu da ehtimala görə Cuçi xanın sevimli xanımı, Kerey xanın qızı Bektumüş xanımdı. Çuçinin özündən sonra 14 oğlu qalır. Məşhur türk səlanməçisi Rəşdi də Dinin yazdıqlarında onların adı belə sıralanır: Orda Ejen, Batı, Bereke, Berkeçər, Şiban,Tanqut, Buval, Cilaukun, Şinkur, Çimbay, Məhəmməd, Udur, Tuka Teymur, Sinqku.
Burada öz təsdiqini hələ tam tapmayan bir həqiqəti yazmaq yerinə düşər. Diqqətlə fikir versəniz görəcəksiniz ki, Çingiz xanın oğlanlarının adları qədim türk adlarıdır. Bu adların içərisində monqol adı yoxdur. Çingiz xandan qalan maddi sübut və əşyaların üzərindəki tamqaların (nişan və damğa) hamısı qədim türk tamğalarıdır. Ta o vaxtdan bu günə kimi monqolların heç biri bu tamğalardan istifadə etməyib. Onda bəs türk əsilli Çingiz xan niyə dünyaya monqol kimi tanınsın? Məlumdur ki, dünya və hakimiyyətləri idarə edən böyük güclər hər zaman türklərin döyüş ruhunun yüksək olmasını,torpağa sevgisini təsdiq etməkdən qorxublar. Hər hakimiyyətin öz tarix yazanı türk tarixini yazanda onu itirməyə çalışıb.
Necə ki, yazı-pozudan xəbərsiz ərəblər İslamı yaymaq üçün min illik yazı tarixi olan türkləri "qılınc müsəlmanı"na çevirərkən, çinlilər Göy türklərilə müharibələr zamanı qədim türk abidələrini məhv etməklə dünyadan türk izini, türk kitabıni silmək istəyirdilər. Bu siyasətə uyğun olaraq Bartold, Vasiliy Radlov, Vinyamin Zernov kimi türkoloqlar Çingiz xanı monqol kimi yazmalı idilər. Lakin həmin türk tarixini "yazan” alimlər fatehdən qalan tamğaların və möhürlərin nə zamansa dil açıb danışacağını təsəvvürlərinə gətirməmişdilər. Həmin alimlər XIII əsrin böyük alimi olan türkoloq, tarixçi və filosof, Rəşid əd Dini də monqol kimi qələmə vermişdilər. Lakin Rəşid əd Dindən qalan əlyazmalar, onun bir türk oğlu olduğunu təsdiq etdi.
Çingiz xanın qəbri üstündə ağlayan dəvə...
Cuçinin vəfatından 6 ay sonra 1227-ci ilin payızında Çingiz xan dünyasını dəyişir. Burada Çingiz xanın məzarının harada yerləşməsi müəmmasına bir aydınlıq gətirmək lap yerinə düşər. Trük səlnaməçisi Rəşid əd Din yazırdı: " 624-cü il Ramazan ayının 14-cü günündə (24 avqust 1227-cin il) , (digər bir tərcümədə donuz ilinin payıııııızının orta ayının 15-də yazılır) , ... o bu dünyanı tərk etdi. Taxtı boş qaldı, qızıl şəcərəsi və dövləti dağıldı. Onun əmrinə əsasən, ölümünü hər kəsdən gizlətdilər, tanqud tayfalarıni şəhərdən çıxmağa qoymadılar. Onları öldürdülər ki, bu sirri kimsə bilməsin... Bundan sonra onun tabutunu götürüb geriyə yola çıxdılar. Yolda da sirri kimsə bilməsin deyə, qaraşılarına çıxan hər kəsi öldürürdülər. Tabutu gətirib Çingiz xanın Ordasına – ailəsinin hüzüruna endirdilər. Bütün xanzadələr, xanımları, ən yaxın qohumları yığışıb mərhumu ağladılar. Bundan sonra tabutu böyük bir arabaya yerləşdirdilər. Çingiz xanın özünün dediyi Muna dağına tərəf yol aldılar. (Rəşid əd Din, "Əlyazmalar külliyatı, cild 1, səh 233.)

Çin tarixçisi Tsao Mu Tzi isə həmin hadisəni belə yazmışdı: "Yuan imperiyasının Monqol xanlarını belə dəfn edərdilər: böyük və qocaman bir ağacı kəsər, onu iki yerə bölərdilər. Ortasını mərhumun boyu ölçüsündə oyardılar. Sonra həmin oyuğun içərisinə mərhumu yerləşdirdilər. Bundan sonra mərhumun üzərinə bal töküb, sonra da üç böyük qızıl halqa ilə üzərini bərkitdilər. Çingiz xanı databuta belə qoydular. Tabutu şimal tərəfə apardılar ki, orada əcdadların ruhu var idi. Mərhumu çox dərin məzarda basdırdılar. Məzarın üzərinə at sürüsünü buraxdılar. Atlar bu məzarın üstündə o qədər qaçdılar ki, məzar yer ilə eyniləndi.
Bundan sonra təzə doğulan nərçəni(dəvə balasını) kəsib həmin məzarın üstündə basdırdılar. Bu məzarı min nəfəedən ibarət atlı qoruyurdu. Məzarın üstündə məqbərə tikmədilər. Gələn yazda, məzarın üstündə təzə otlar bitəndə məzarın yeri də itib getmişdi. Lakin həmin vaxt keçən il balasını qurban kəsdikləri dəvəni həmin çəmənliyə buraxdılar. Balasının ətri burnunda qalan dəvə, yüksək səslə nərildəyərək gəlib balası basdırılan yeri tapdı. Üzünü torpağa söykəyib, gözündən qan-yaş tökdü.Bundan sonra orada əcdadların ruhlarına xoş olsun deyə , insanlar bu yeri müqəddəs bilib, burada qurbanlar kəsməyə başladılar. («История Чингизхана», Улан-Батор, 2004.Т.2.стр.788-789.)
Rəşid əd Dinin əsərlərində isə Çingiz xanın dəfn olunduğu yer Burhan Haldun kimi göstərilir. O yazır: " Bir dəfə Çingiz xan Burhan Halduna gəldi. Bu yerlərdə yaşıl ağaclar bol idi. Ətraf onun o qədər xoşuna gəldi ki, üzünü əmirlərinə tutub: "Bizim son mənzilimiz bura olmalıdır!”. Xanın əmirləri onu bu sözləri dediyi ağacın altında dəfn etdilər. Sonralar burada o qədər ağac bitdi ki, meşəyə çevrilən Burhan Haldunda xanın yerini tapan olmadı.”. (Rəşid əd Din”Əlyazmalar Külliyatı”, 1-ci cild. 1-ci kitab.səh 159.)
P:S.Yeri gəlmişkən qey edim ki, bizim ekspedisiyamız bu il, Çingiz xanın doğulduğu Kentay vilayətinin burhan Haldun kəndində və ətraf yerlərdə çox dəyərli arxeoloji qazıntılar aparıblar. Bu qazıntılar Monqolustan EA Tarix İnstitutu ilə birlikdə aparılıb və davam etməkdədir. Çox az vaxtdan sonra Beynəlxalq Türk Akademiyası və Monqolustan EA-sı yeni tapdıqları qədim türk tarixini özündə əks etdirən eksponatlarla dünyanı mat qoya biləcəklər.
Davamı var...