“Baş verənlər keçmiş qubernatorun Ukraynanın başına gətirilməsi layihəsinin tərkib hissəsidir”
“Poroşenkonu kimlər hakimiyyətə gətiriblərsə, Saakaşvilini ona alternativ edənlər də həmin qüvvələrdir”
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib. Bu barədə siyasətçinin vəkili xanım Markiyan Qalabala məlumat verib. Vəkil bildirib ki, Saakaşvili əlavə müdafiəyə ehtiyac duyur, ona görə də hökumətdən vətəndaşlıq statusu verilməsini xahiş edib.
Qalabalanın sözlərinə görə, Ukraynanın Miqrasiya Xidməti hələlik Saakaşvilinin müraciətinə cavab verməyib. Halbuki qanuna görə, siyasi sığınacaqla bağlı müraciətə 24 saat ərzində cavab verilməlidir. Ukrayna hökuməti siyasi sığınacaq istəyən Saakaşvilini ekstradisiya edə bilməz. Məlumat üçün bildirək ki, Saakaşvili 17 oktyabrda Kiyevdə " böyük mitinq” elan edib. Ekspertlər Ukraynada yeni "Maydan hərəkatı”nın başlanmasını istisna etmirlər.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu eks-qubernator Saakaşvilinin standart siyasətçi olmadığını deyib:
"Sözün açığı, Saakaşvilinin hərəkətləri bir siyasətçi kimi məndə təəccüb doğurur. Onun kifayət qədər beynəlxalq dəstəyi var. Saakaşvili ətrafında baş verən bütün hadisələr nəzarət altındadır. Ukraynaya qayıtması və sığınacaq istəməsi əvvəlcədən düşünülmüş addımlardır. Saakaşvili Ukrayna Prezidenti Poroşenkonun sinif yoldaşıdır, yaxın münasibətləri var. Poroşenkonu kimlər hakimiyyətə gətiriblərsə, Saakaşvilini ona alternativ edənlər də həmin qüvvələrdir.
Fikrimcə, baş verənlər keçmiş qubernatorun Ukraynanın başına gətirilməsi layihəsinin tərkib hissəsidir.
Çox güman ki, hökumət Saakaşviliyə siyasi sığınacaq verməyə məcbur qalacaq. Çünki Ukrayna Avropa dəyərlərinə sadiqdir. Həmin dəyərlərə görə, istənilən Avropa ölkəsi öz ölkəsində təqib olunan vətəndaşlara sığınacaq verməyə borcludur”.
İsmayıl