“Salamdan qaçanlar da gəlib Aqşin Yeniseydə dayandılar”
“Çoxları hələ də Ramiz Rövşəndə ilişib qalıb”
Bəhruz Xəlil: “Bir az başqalaşanlar Salam Sarvanın təsiri altına düşdülər”
“Salamdan qaçanlar da gəlib Aqşin Yeniseydə dayandılar”
“Salamdan qaçanlar da gəlib Aqşin Yeniseydə dayandılar”
"Şair olan kəs çalışıb oxuduğu müddətdə yazmamalıdır. Əks halda, başını qaldıranda
görəcək ki, qələm onundur, amma qələmindən çıxan sözlər oxuduğu şairindir”
Normal ədəbi nümunələrin, yaxşı əsərlərin yaranması üçün ədəbi mühitin rolu danılmazdır. Bəlkə də, bu səbəbdən "əyalət şairləri”ni ədəbiyyatın ögey övladları adlandırırlar. Hansı ki, "sözün sərhəddi yoxdur” deyimi bu yanaşmanı kökündən yalanlayır. Şair doğulduğu, yaşadığı məkanla deyil, yaratdığı əsərlə tanınır və sevilir. Məgər ədəbiyyatımızın, bədii sözümüzün yükünü çiyinlərində şərəflə daşıyan yazarlarımızın, şairlərimizin böyük əksəriyyəti əyalətlərdən pərvazlanmış, böyük ədəbi mühitə qoşularaq bugünkü ədəbiyyatımızın mükəmməl nümunələrini yaratmayıblar? Ola bilsin ki, böyük ədəbi mühit istedadın daha geniş tanınmasına, parlamasına şərait yaradır. Amma böyük şair olmaq üçün mütləq iri şəhərlərdə yaşamaq gərəkmir. Ona görə ki, şairlər, şeirlər ümumbəşəri duyğuların bədii ifadəsi sayılır.
Kənddə yaşayan 27 yaşlı Bəhruz Xəlil
Ağacların budaqlarına
meyvə yapışdır, Allah,
uşaqlar daş atanda
yerə yarpaq düşməsin...”, deyə bilirsə, doğrudanmı paytaxtda yaşamır deyə onun poeziyasını arxa plana keçirməliyik?
Qeyd edək ki, "Sözlə yaşayan adam” rubrikamızın budəfəki qonağı gənc şair Bəhruz Xəlildir. Onun haqqında internetdə heç bir məlumat olmadığından müsahibəyə başlamazdan əvvəl özünü təqdim etməsinə gərək duyduq: "Şeir yazarkən Bəhruz Xəlil imzasından istifadə etsəm də, soyadım Talıbovdur. 1988-ci il 15 noyabrda Cəlilabad rayonu Günəşli kəndində anadan olmuşam. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına qəbul olub və riyaziyyat-informatika ixtisası üzrə təhsil almışam. 2009-cu ildə oranı bitirdikdən sonra hərbi xidmətə getdim, qayıtdıqdan sonra da ixtisasım üzrə imtahan verərək Cəlilabadın ucqar kəndlərindən birinə təyinat aldım.
- Ədəbiyyata marağınız haradan yaranıb?
- Bu maraq ailədən, gendən gəlib. Demək olar ki, ailəmizdə hamı istedadlıdır. Uşaqlıqdan şeirlə böyümüşəm. Yaradıcılığım bayağı meyxanalardan başlayıb. Əvvəllər daha çox əruz vəznində yazırdım. İndi isə heca və sərbəst vəzndə yazmağa üstünlük verirəm.
- Kitabınız çıxıb?
- Xeyr, hələ ki, şeirlərim kitab halında cəmləşməyib.
- Niyə?
- Səbəb maddi vəsait problemidir. Yoxsa ki, neçə kitaba sığacaq şeirlərim var. Pulum olsa, günü sabah kitab çıxardaram.
- Deyirlər, şair iztirab çəkmədən şeir yaza bilməz. Sizi yazmağa nə sövq edib?
- Sözün düzü, niyə yazdığımı, nədən yazdığımı heç xatırlamıram. Yəqin ki, orta məktəb vaxtlarında nələrdənsə təsirlənib yazmışam. Amma baxıram ki, əvvəl yazdığım şeirlərlə indikilər arasında çox böyük fərq var. Sanki o şeirlər mənim yox, Bəhruz adında başqa bir şairin qələmindən çıxıb.
- O zaman ilk şeiriniz də yadınızda olmaz?
- Bəli, yadımda deyil. Əslində şeir saydığım şeirlər demək olar ki, tələbəlik illərində yazdıqlarımdır. Ondan əvvəlkiləri heç şeir də saymıram.
- Ən çox bəyəndiyiniz şeiriniz necə, varmı?
- 3-cü kursda oxuyanda "Nöqtələr” adlı şeir yazmışdım. Şeirlərim arasında ən çox sevdiyim odur.
Göydən yerə baxanda
nöqtə boydadır insan.
Yerdən göyə baxanda
Ulduzlar da həmçinin.
Gözə görünməz olurlar
özün ilə müqayisədə
Nöqtə boyda yaratdığın
varlıqların hər biri.
Nöqtə boyda varlığın
özü də parçalandı
Bircə dənə nöqtədən
milyon nöqtə yarandı.
Bəlkə də bədii cəhətdən güclü deyil, amma nəsə bu şeirimi daha çox sevirəm.
- Daha çox hansı mövzulara müraciət edirsiniz?
- Zəhləmgetmiş sevgi mövzusuna. Hər nə qədər ədəbiyyatın bu mövzudan xilas olmasına çalışsam da, gedib-gəlib yenə sevginin üzərində dayanıram. Amma "alma yanaq, püstə dodaq” kimi "meyvə-tərəvəz” xarakterli şeirlərdən həmişə qaçmışam və bacardığım qədər uzaqlaşmaq istəyirəm. Demək olar ki, bu mövzu çağdaş ədəbiyyatımızın ən böyük problemidir.
- Yəni siz dərin sevgiləri tərənnüm edirsiniz?
- Demək olar ki, hə. Mənim üçün bir qəbirdə, bir kəfənin altında, torpağın qara qatında yaşanan sevgilər daha cəlbedicidir.
Bir qızın yorğun baxışında
uyumaqdır - sevmək
Bəxtindən yarımayan qadının gözlərində ucalmaqdır -sevmək
Gün düşməyən yerlərin sükutuna od ələməkdir - sevmək...
- Cəbhə xəttində vəziyyət son dərəcə gərgindir. Demək olar ki, bütün xalq müharibə ab-havasına köklənib. Adətən belə anlarda əsgərlər üçün yazılmış hansısa bir şeir, bəstələnmiş mahnı onlar üçün stimul rolu oynaya bilir. Sizin cəbhə ilə bağlı şeirləriniz varmı?
- Sərbəst mövzuda yazdığım "Şəhidin məktubu” adlı şeirim bu mövzudadır.
Şair, anamı sizə tapşırıram
Evimizin dam örtüyünün cırıqlarından
İçərisi rahat görünür
Əgər anamın üzündə kədər
görərsəm
Yanıma üzüqara gəl!
Mən, adsız yüksəkliklərdə
şəhid olmadım ki,
Kənd qəbiristanlığının ən
yüksək yerində dəfn edəsiniz
Şəhid oldum ki, yatmış
vicdanınız oyansın!
- Son dönəmlərdə roman oxucularının sayı artıb. Sanki şeirə maraq azalıb. Siz necə düşünürsünüz?
- Düşünmürəm ki, şeirə maraq azalıb. Yenə də şeir həvəskarlarının sayı həddindən artıq çoxdur. Sadəcə indi ədəbiyyatın "meyvə-tərəvəz” bölümünə maraq azalıb. Artıq oxucular dolğun, fəlsəfi məzmunlu şeirlər oxumaq istəyirlər. Yazdığım şeirlərimi böyük qardaşıma göndərəndə "ağız büzür” ki, belə də şeir olar?! Səni kim "dadandırıb”, hekayə formasında şeir yazmağa? Hansı ki o şeiri bütün ədəbiyyat adamları bəyənir (gülür). Sadəcə, romanda fikri daha dolğun ifadə eləmək imkanları geniş olur deyə, tələbat olur. Romanda bir kitabda cəmləşdirilən fikirləri mən 3 bənddə oxuculara çatdırmağa çalışıram.
- Yəqin, oxucuları yormaq istəmirsiniz?
- Təbii ki. Oxucuların hansısa şairin dədəsinə borcu yoxdur ki, oturub səhərdən axşama cəfəng-cəfəng fikirlərini oxusun. Şeir oxucuların zövqünü oxşamalıdır, onları yormadan.
- Siz özünüz kimin şeirlərini oxuyursunuz? Ümumiyyətlə, mütaliə ilə aranız necədir?
- Vaxtı ilə dini ədəbiyyatları oxumuşam. İndi də özüm şair ola-ola digər şairlərin kitablarını həvəslə oxuyuram. Müasir yazarlardan Ülviyyə Tahirin kitablarını oxumuşam. Əlimə düşdükcə də, hekayələrini oxuyuram. Günay Ümidin, Aqşin Yeniseyin də şeirlərini sevə-sevə oxuyuram. Düzdür, kiminsə yazdıqlarına pis və ya yaxşı deyə bilmərəm. Amma bir məsələ var ki, Allahın yazdığı belə olsa, mənim üçün yorucudursa, bağlayıb qoyuram bir kənara.
- Nəsr yazmısınız?
- Nəsr yazmaq istəyirəm, amma 30-dan sonraya saxlamışam.
- Şair üçün vacib olan nədir, istedad, yoxsa intellekt?
- Məncə, insan anadan şair doğulmalıdır. İntellekt şairi kimlərinsə təsiri altına salır. Şair olan kəs çalışıb oxuduğu müddətdə yazmamalıdır. Əks halda, başını qaldıranda görəcək ki, qələm onundur, amma qələmindən çıxan sözlər oxuduğu şairindir. Düzdür, oxuduğum şairlər arasında müəyyən mənada yaradıcılığıma təsir edənləri olur, amma bacardığım qədər qaçıram ki, birində ilişib qalmayım. Çoxları hələ də Ramiz Rövşəndə ilişib qalıb. Bir az başqalaşanlar Salam Sarvanın təsiri altına düşdülər. Salamdan qaçanlar da gəlib Aqşin Yeniseydə dayandılar. Düzdür, mən də onların yaradıcılığından təsirlənmişəm. Amma heç vaxt onlardan biri olmamışam. Əslində elə bilirəm ki, heç özümü də tapmamışam. Bəhruz Xəlil axtarışındayam deyə, dayanmadan xələflərimdən qaçıram.
- Siz həm də pedaqoqsunuz. Yaradıcılıq sizi müəllimlikdən ayırır, yoxsa əksinə, stimul verir?
- Əslində mənim yaradıcılıq kompleksim var. İşlədiyim yerdə və ya ictimai yerdə kimsə məni şair kimi səsləyəndə tez ətrafıma boylanıram ki, görəsən kimsə eşitdi?! Nədənsə, çalışdığım mühitdə şair kimi tanınmaq istəmirəm.
- Maraqlıdır, şeirlərinizin ilk oxucusu kim olub?
- Şeirlərimin ilk və müntəzəm oxucusu universitetdə oxuduğum illərdə orada laborant işləyən qız olub. Ondan sonra da əsgərlik yoldaşım olub.
- Bəs yazarlar arasında şeirlərinizi yazandan sonra qiymətləndirmə üçün göndərdiyiniz biri varmı?
- Bəli, Əsəd Cahangir, Cəlil Cavanşir, Aqşin Yenisey və Ayaz Arabaçının fikirlərinə çox böyük önəm verirəm.
- "Sən də darıxacaqsan bir gün, mən darıxan kimi... Sağollaşdığın adam qapıdan çıxan kimi...” bu şeirin tarixçəsi yadınızdadır?
- Düzü, indi xatırlamıram, bu şeiri nə vaxt yazmışam, niyə yazmışam. Amma yəqin ki, səbəbsiz yerə yazmamışam. Əslində şeirlərimi elə-belə yazmaq xatirinə yazmıram. Hər birinin bir tarixçəsi olur. Sadəcə yaddaşla bağlı problemim var, heç vaxt niyə yazdığımı xatırlamıram.
- Rayonda qalmaq öz seçiminiz olub, yoxsa taleyin bir oyunudur?
- Sözsüz ki, bütün yaradıcı insanlar kimi mən də Bakıya köçmək, ədəbi-bədii məclislərdə, kitab təqdimatlarında iştirak etmək istəyərdim. Düzdür, mənim fəlsəfə müəllimim həmişə harda olmağından asılı olmayaraq "istedaddan səmərəli istifadə insanı ucaldır” deyirdi. Amma mən hesab edirəm ki, kənd mühiti istedadı boğur, hətta bəzən məhv edir. Sosial problemlər, maddi çatışmazlıqların da istedada mənfi təsirləri çox böyükdür. Bəzən elə bir problem ortaya çıxır ki, bütün istedadın alt-üst olur .
- Sözlə yaşayan adam necə olmalıdır?
- Söz adamı hər şeydən əvvəl istedadlı və intellektli olmalıdır. Sözün yerini dəqiq bilməlidir. Bizim məktəbdə ədəbiyyat müəllimi var, özü də şairdir. Keçən dəfə söhbət zamanı "ona baş qoşmayın, müəllim adamdır” dedi. Həqiqətən də o an bu ifadə mənə hər şeydən üstünmüş kimi gəldi. Əslinə qalsa, adi bir ifadədir və hər kəs işlədir. Amma həmin müəllim bu ifadəni o qədər yerində işlətdi ki, zarafat çox mənalı alındı. Mənə elə gəlir ki, əsl söz adamı elə adi bir ifadəni yerində işlədib, onu bədiiləşdirən adamdır.
Şəymən