Dağlıq Qarabağ: 2018-ci ilin yekunları
2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı. Birincisi, Ermənistanda 20 ildən sonra "Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı. 2018-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri bir daha yada salaq:
İtaliya Qarabağla məşğul olmalı idi…
2018-ci ilin əvvəlində ATƏT-də sədrlik İtaliyaya keçdi. Təbii olaraq Azərbaycan siyasi elitasında və ictimaiyyətində bu cür suallar yarandı: münaqişənin həllində İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində nələr baş verə bilər? İtaliyanın mümkün təşəbbüslərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı?
İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli addımlar atacağı elə ilin əvəlindən sual altında idi. Bəli, İtaliya rəsmiləri və bu ölkənin Xarici İşlər Nazirliyi ATƏT sədri kimi Qarabağla məşğul olacaqlarını açıqladılar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər. Yaxın keçmişdə ATƏT-ə Qazaxıstan və Almaniya da sədrlik ediblər. Eyni ilə İtaliya kimi hər iki dövlətin rəsmiləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirmişdilər. Özü də Qazaxıstanın müxtəlif formatlarda Azərbaycan və Ermənistanla daha sıx əlaqələri var. Ancaq Qazaxıstanın fəallığı və təşəbbüsləri də Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi. Almaniya ATƏT-ə sədrlik edəndə müxtəlif təşəbbüslərlə çıxış etdi, Azərbaycan və Ermənistan prezidentləri müxtəlif vaxtlarda Berlinə dəvət edildilər. Almaniyanın o zamankı xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı plan hazırladıqlarını dedi və Azərbaycana, Ermənistana səfər etdi. Ancaq Astana kimi Berlinin də ATƏT sədri kimi fəallığı və müxtəlif təşəbbüsləri işə yaramadı.
Astana və Berlin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdilər. Ancaq təəssüf ki, bu onlardan asılı olan məsələ deyildi. ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı, Berlin və Astana qədər fəal olmadı.
Ermənistandakı sorğu real durumu ortaya qoydu
2016-cı ilin aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb. Bunu Ermənistanda bu ilin yanvar ayında keçirilən son rəy sorğularından biri də sübut edirdi. Deməli, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə, 34 faiz Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür. "Rusiya Ermənistanın təhlükəsizliyini təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib.
Ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə "qorumayacaq” deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların "bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir.
Lavrovun Qarabağla bağlı 4 bəndlik təklifi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Lavrov həmin mətbuat konfransında müxtəlif beynəlxalq mövzulara toxundu. Sergey Lavrov həmin mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söylədi.
Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi.
İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi.
Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: "Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”.
Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı.
Azərbaycanla Ermənistan arasında psixoloji savaş
ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kasprşik yanvarda Azərbaycanda və Ermənistanda oldular. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdilər. Orada separatçıların lideri Bako Saakyanla görüşdülər.
Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlamada iki əsas tezis var idi:
Birinci tezis: "Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”;
İkinci tezis: "Tərəfləri gərginliyə yol açan açıqlamalara son verməyə çağırırıq”.
Bu iki tezis ondan xəbər verirdi ki, həmsədrlər Azərbaycanla Ermənistan arasında gərginliyi ortadan qaldıra bilmirlər və atəşkəsin pozulmayacağına da zəmanətləri yoxdur.
Fevralın 13-də Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycandan ayrılmaya yönəlik mitinqlərə başlamasının 30 ili tamam oldu. 1988-ci ilin 13 fevralında Xankəndidə Azərbaycanın əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu. 30 ildir Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti itirib. İşğalın 30 il davam etməsi Azərbaycan üçün böyük müddətdir. Ancaq bu 30 il Ermənistan və Dağlıq Qarabağ əhalisi üçün də gərgin keçdi, onlar istəklərinə nail olmadılar. Azərbaycan torpaqlarının işğalı ermənilərə xoşbəxtlik gətirmədi, çünki hər gün itki ilə üzləşirlər, qorxu içindədirlər və daima "Azərbaycan ordusu nə zaman hücuma başlaya bilər” sualına cavab axtarırlar.
Fevralın 13-də işğalın 30 ili münasibətilə işğal altındakı Xankəndidə mitinq keçirildi. Separatçıların lideri Bako Saakyan bu mitinqdə Azərbaycan əleyhinə xeyli fikir söylədi, Azərbaycanı bir neçə dəfə düşmən ölkə adlandırdı. Bako Saakyan mitinqdə belə bir cümlə də işlətdi: "Azərbaycan 2016-cı ilin aprelində genişmiqyaslı hücuma keçməklə sürətlə Artsax dövlətini məhv etmək istəyirdi”.
Bu açıqlamada həqiqət var. Azərbaycan ordusunun imkanı olsaydı, 2016-cı ilin aprelindəki döyüşlərdə daha çox ərazini işğaldan azad etmək istəyərdi. Rusiya buna imkan vermədi. Ancaq aprel müharibəsi yenə də təkrarlana bilər və bu amil Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər üçün böyük qorxu deməkdir.
İrəvanın iki narahatlığı…
Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının fevral ayındakı qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar.
Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb oldu. Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddia kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. İlham Əliyevin çıxışında "biz Ermənistandakı torpaqları geri alacağıq” sözləri yox idi. Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir.
Buna baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə belə təbliğat aparmağa başladı ki, guya İlham Əliyev məhz Ermənistan torpaqlarının işğalını nəzərdə tutub. Ermənistan hakimiyyəti və erməni lobbisi dezinformasiyalarını gücləndirdilər və məsələyə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oldu. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Mariya Zaxarovaya cavab verdi.
Bu arada, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Zakir Həsənov həmin görüşdə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müharibə hər an başlana bilər. Ermənistan hakimiyyəti və erməni lobbisi bu açıqlamadan da öz məqsədiləri üçün istifadə etməyə çalışdı və məsələni belə qoydu ki, guya Azərbaycan müharibəyə başlamağı planlaşdırır.
Azərbaycanın Müdafiə Nazirliyi genişmiqyaslı təlimlər keçirdi. Bu təlimlərə on minlərlə hərbçi və minlərlə hərbi texnika cəlb edildi. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməli idi. Ancaq separatçıların lideri Bako Saakyan həmin anda ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirirdi. Bunun özü də ciddi sual yaradır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə imkan yaradıb?
Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə etiraz olaraq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya etiraz notası verdi. Bu doğru addım idi. Dövlət Departamenti rəsmi Bakının etirazına belə cavab verdi ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağdakı rejimi tanımır.
Bako Saakyanın ABŞ-a səfərinin iki məqsədi var idi.
Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada pul toplayaraq işğal altındakı infrastruktur çalışmalarını genişləndirmək idi. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmasına şərait yaradır.
Nikol Paşinyan ikinci yolu seçdi
Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə razılaşmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etmək idi.
Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısı idi, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazım idi. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyirdi. Hakim partiyanın koalisiyası dağıldı.
ABŞ Dövlət Departamentindən aprelin 24-də Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınladı. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırdı. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edirdi: "Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəklədi. Vaşinqton bu bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu.
Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva daha sonra düyməyə basdı. Görünür, Kremldə anladılar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər. Ona görə də Rusiya prezidenti Vladimir Putin aprelin 25-də erməni həmkarı Armen Sərkisyana zəng etdi, həmin gün xarici işlər naziri Edvard Nalbandyan isə təcili Moskvaya çağırıldı. Kremlin bu addımının iki məqsədi var idi. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirdilər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayırdılar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın.
Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın aprelin 24-də keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələr bunlar idi:
Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq.
İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq.
Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır.
Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkdi və bu dövlətin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladı. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilmədi, ya da o bu haqda hələ danışmağa tələsmirdi.
Rəsmi Bakı soyuqqanlı davranıb Ermənistandakı xaosdan yararlanaraq orduya hücum əmri vermədi. Halbuki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək hücuma keçib Dağlıq Qarabağa bitişik əraziləri də işğal etmişdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çox arxayın idi ki, Azərbaycanda və Ermənistanda seçkilər arxada qaldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar intensivləşəcək. Tam tərsi oldu. Bu isə o demək idi ki, danışıqlarda 2018-ci il də itirildi.
Bakı Paşinyana cavab verməyə başladı
Nikol Paşinyan hakimiyyətə gələn kimi iki böyük səhvə yol verdi.
Birinci səhv onun baş nazir seçilməsindən dərhal sonra Dağlıq Qarabağa gəlişi idi. O bununla sübut etmək istəyirdi ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı davam edəcək, yəni o özündən əvvəlki rəhbərlərin siyasətini davam etdirəcək. Halbuki, o keçmiş prezident və baş nazir Serj Sərkisyanı səhvlərinə görə istefaya məcbur etmişdi.
Paşinyanın ikinci böyük səhvi onun Xankəndidə verdiyi açıqlamalar idi. Paşinyan özü ilə Xankəndiyə xarici jurnalistləri də aparmışdı. O Xankəndidə dedi ki, birincisi, Dağlıq Qarabağın "tanınmasına” çalışmaq lazımdır, ikincisi, Bakı birbaşa separatçılarla danışıqlar aparmalıdır. Bunu keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da deyirdilər, ancaq bir nəticə hasil etmədilər.
Azərbaycan heç bir halda Paşinyanın dediyini etməyəcək. Azərbaycan əbədiyyətə qədər savaşar, ancaq separatçılarla birbaşa danışıqlara getməz. Çünki bu halda Ermənistanın işğalda heç bir rolu olmadığı görünə bilər. Rəsmi Bakı isə bu görüntünün yaranmasına imkan verməz.
Nikol Paşinyan Dağlıq Qarabağdan sonra mayın 14-də Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rusiya prezidenti həmin görüşdə Paşinyana qırmızı cizgiləri izah etdi. Qırmızı cizgilər ondan ibarətdir ki, Paşinyan xarici və təhlükəsizlik siyasətində daima Kremllə məsləhətləşməlidir. Maraqlıdır ki, Rusiyada qatı ruspərəst jurnalistlər də Paşinyanı tənqid etməyə başladılar. Həmin jurnalistlər deyirdilər ki, Rusiya olmadan Ermənistan bir gün tab gətirə bilməz, ona görə də İrəvan Qərbə doğru irəliləyə bilməz.
İlham Əliyev Naxçıvanda Paşinyana cavab verdi
Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvanda oldu. 1990-cı illərin əvvəllərindən Azərbaycan-Ermənistan müharibəsi başladıqdan bu yana Naxçıvan blokada şəraitindədir. Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa əlaqəsi yoxdur. Buna görə də İlham Əliyevin mütəmadi olaraq Naxçıvana getməsi zəruridir. İlham Əliyev prezident kimi Naxçıvana bu vaxta qədər 14 dəfə səfər edib.
İlham Əliyev Naxçıvanda hərbi hissələrdə oldu. Prezident dedi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.
İlham Əliyev Naxçıvanda niyə belə bir açıqlama verdi? Məsələ burasındadır ki, Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi Ermənistan Naxçıvan ərazisini də atəşə tutmağa başlayır. Ona görə də Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır.
Ordu bacaracaq
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu belə bir açıqlama verdi: "Türkiyənin keçmiş illərdə kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi”. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb.
Mövlud Çavuşoğlunun bu açıqlaması əhəmiyyətli idi. Türkiyə ordusu Suriya və İraqda terrorçularla mübarizə aparır, uğurlu hərbi əməliyyatlar keçirir. Heç bir dövlət buna mane olmur və ya mane olmaq istəmir. Bu arada, Azərbaycan ordusu da strateji yüksəklikləri ələ keçirir. Azərbaycan ordusu Naxçıvan istiqamətində böyük ərazini işğaldan azad etdi. Beləliklə, həm Türkiyə, həm də Azərbaycan ordusu strateji əməliyyatlar reallaşdırdılar.
Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesaj idi. Cavuşoğlu sanki demək istəyirdi ki, gələcəkdə Türkiyə və Azərbaycan ordusu birlikdə də hərəkət edə bilərlər.
Ermənistanda Rusiya ordusu olmasaydı, Azərbaycan Türkiyə ilə birlikdə Qarabağ məsələsini çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikləri geri qaytarmasına Rusiya heç nə demir. Ermənistanı da narahat edən budur.
Ermənistan Belarusdan da narazıdır. Çünki Belarus Azərbaycana müasir raketlər satıb. Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin cavabını ilin ortasında da verdi.
Birincisi, o dedi ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil.
İkincisi, Lukaşenko bildirdi ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib.
Yəni Lukaşenko ermənilərə demək istəyirdi ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana aidiyyatı yoxdur. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək.
Zakir Həsənov Azərbaycan ordusunun əsas prioritetlərini izah etdi
Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 20-də mətbuat konfransı keçirdi. Bu mətbuat konfransının ciddi əhəmiyyəti var idi.
Birincisi, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ilk dəfə geniş mətbuat konfransı keçirdi. Buna ehtiyac var idi. Çünki Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi aparır. Buna görə də qarşı tərəfin dezinformasiyasının qarşısı alınmalıdır. Bunu etmək üçün də daima ordu rəhbərliyi cəmiyyətə mövcud vəziyyət barədə məlumat verməlidir.
İkincisi, Zakir Həsənov mətbuat konfransını isti otaqda deyil, döyüş əməliyyatlarının keçirildiyi ərazidə təşkil etdi. Bu da Azərbaycanın Ermənistanla apardığı informasiya müharibəsində vacib amil idi.
Üçüncüsü, Azərbaycan cəmiyyəti ordunun Naxçıvandakı əməliyyatının detallarını bilmək istəyirdi və Zakir Həsənov mətbuat konfransında bu əməliyyatın detallarına toxundu.
Zakir Həsənovun mətbuat konfransında söylədiklərini bir neçə hissəyə bölmək olar.
Birinci hissədə müdafiə naziri Azərbaycan ordusunun vəziyyətinə toxundu. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Azərbaycan ordusunun ərzaqla təminatı güclənib. Azərbaycan hərbçiləri keyfiyyətli ərzaqla təmin olunurlar. Əlbəttə, ola bilsin ki, bəzi hərbi hissələrdə hələ müəyyən problemlər var, ancaq yaxın müddətdə həmin problemlər də həll olunacaq. Müdafiə nazirinin sözlərindən məlum oldu ki, Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir. Dövlət ordunun həm ərzaq, həm də maddi texniki bazasının gücləndirilməsi üçün istənilən maliyyəni ayırmağa hazırdır. Keçmiş illərdə orduda neqativ hallar barədə xəbərlər olardı. İndi bu haqda xəbərlər ya yoxdur, ya da çox azdır.
İkinci hissədə müdafiə naziri Naxçıvandakı hərbi əməliyyatın detallarına toxundu. Erməni tərəfi bu barədə susmağa və ya dezinformasiya yaymağa üstünlük verir. Guya Naxçıvandakı torpaqlar onlara lazım deyildi. Bununla Ermənistan Azərbaycan ordusunun Naxçıvanda qazandığı uğurun miqyasını azaltmağa çalışır. Zakir Həsənov Naxçıvandakı əməliyyatı çox uğurlu adlandırdı. Zakir Həsənov Ermənistan hakimiyyətinin "neytral torpaq” anlayışını bu sözlərlə alt-üst etdi: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi”. Naxçıvandakı əməliyyatın əhəmiyyətini daha bir amil artırır: Laçına gedən yol Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu o deməkdir ki, erməni generalların sözlərindən fərqli olaraq azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir. Bundan sonra Azərbaycan ordusu həmin yüksəkliklərdən işğalçının problemlərini artıracaq.
Nazir üçüncü hissədə Azərbaycanın aldığı yeni hərbi texnikadan danışdı. Nazirin sözlərinə görə, Azərbaycan ordusu üçün yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Digər tərəfdən, Azərbaycan ordusu bu gün ən müasir raket və artilleriya sistemlərinə malikdir. Nazirin sözlərindən də anlaşılırdı ki, bu raketlər Ermənistan ordusunun istənilən hədəfini məhv etməyə qadirdir. Bütün bu texnikalar iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəkdi.
Sergey Lavrov BMT-nin 4 qətnaməsini vacib hesab etmir
İyunun 21-də BMT-nin baş katibi Antonio Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçirdilər. Onlara "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələri niyə yerinə yetirilmir” sualı verildi.
BMT-nin baş katibi suala konkret cavab verdi: "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”. Ancaq bu cavabda da qüsur var idi. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməli deyillər, bu qərarları yerinə yetirməlidirlər. Yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir.
Sergey Lavrovun suala verdiyi cavab isə mahiyyətdən kənar oldu. Birincisi, o dedi ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Azərbaycan 3 dövlətin 20 illik fəaliyyətindən razı deyil. Lavrovun cavabının sonrakı hissəsi daha maraqlıdır: "Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni Lavrov qətnamələrin əsas əhəmiyyətinə toxunmadı. Lavrovun sözlərindən belə çıxırdı ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Həmin qətnamələrdəki "işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi unuduldu.
Bu cavablardan sonra Azərbaycanın BMT qətnamələrinə istinad etməsi çətinləşir. Çünki qətnamələri qəbul edən təşkilat və Təhlükəsizlik Şurasının daimi üzvləri 4 qətnamənin yerinə yetirilməsi və işğal altındakı torpaqların boşaldılması üçün heç nə etmirlər. Bu Ermənistanın maraqlarına cavab verir. Ermənistanda heç zaman BMT qətnamələrindən danışmırlar.
Azərbaycan ordusunun yeni hədəfləri var
İyunun 26-da Bakıda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı hərbi parad keçirildi. Bu paradın keçirilməsinin böyük əhəmiyyəti var idi:
Birincisi, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təchiz olunmuşdu, son illərdə isə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada özünü göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycanın torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi.
İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir, Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var.
İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu:
"Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq məsələni öz xeyrinə həll etdiyini düşündü. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu obyektiv prosesdir. Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənədək geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” sözləri də bundan xəbər verir.
Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günədək Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illərdə yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərin təmir olunmasıdır. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə, əsgərlər məişət işlərindən azad edilib.
İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. "Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər” - deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb.
Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır.
Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertləri yay aylarında qorxurdular ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçsin.
Azərbaycana gələn rusiyalı ekspertlər və deputatlar nədən qorxurlar?
Rusiyanın bir qrup siyasi eksperti və deputatı iyulun əvvəlində Azərbaycanda oldu. Onlar işğaldan azad olunan Lələtəpə yüksəkliyində və Cocuq Mərcanlı kəndində oldular. Cocuq Mərcanlı kəndində rusiyalı ekspertlərin və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirildi.
Konfransda bu şəxslər iştirak edirdilər: Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, "Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov.
Konfransda iştirak edən rusiyalı ekspertlər və deputatlar aşağıdakı eyni fikirləri səsləndirdilər:
- "Dağlıq Qarabağ işğal altındadır və bu bölgə Azərbaycana aiddir, ona görə də Azərbaycana qaytarılmalıdır”.
- "Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayon boşaldılmalıdır”.
- "Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya Ermənistanla Azərbaycan arasında sülh olmasında maraqlıdır”.
- "Rusiya mediası qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını Rusiyadan ayırırlar”.
-"Rusiyanın strateji planlarında Azərbaycanın rolu yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək istəyirik”.
Rusiyanı təmsil edən ekspertlər və deputatlar Azərbaycanı tərk etdikdən sonra maraqlı hadisə baş verdi. Rusiyanın dövlət televiziya kanalı olan "Rossiya 1” telekanalında nümayiş etdirilən "Vladimir Solovyovla axşam” siyasi tok-şousunda erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov çıxış etdi. O, Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı.
Baqdasarov bir çox televiziya proqramında Azərbaycanın və Türkiyənin əleyhinə çıxışlar edir. Buna görə də belə bir ekspertin "Qarabağ Azərbaycanındır” deyən deputatı hədəf alması anlaşılandır. Anlaşılmayan məsələlər aşağıdakılardır:
Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafiə etmədi, əksinə, Baqdasarovun "məhv edilməlidir” şüarına dəstək verdi. Adətən, Jirinovski hamını tənqid edir. Bu dəfə isə o, Baqdasarovla razılaşdı.
İkincisi, proqramın aparıcısı Vladimir Solovyov deputatı məhv etməyə səsləyən ekspertin qanuna hörmət etməsini tələb etmədi. Əksinə, Solovyov Baqdasarova dəstək verərək "necə oldu ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırdı” dedi.
Üçüncüsü, Jirinovski və Solovyov ayrı-ayrı vaxtlarda Bakıya gəlib, Azərbaycan prezidenti ilə görüşüblər. Bu səfərləri və görüşləri təşkil edən şəxsə və ya qrupa belə bir sual vermək olar: Əgər Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirsə, onların Bakıya səfərlərindən və prezidentlə görüşlərindən nə fayda əldə edildi?
Dördüncüsü, Cocuq Mərcanlıya gəlib "Dağlıq Qarabağ Azərbaycanındır” deyən rusiyalı deputat Dmitri Savelyev Moskvada bu fikri təkrarlamadı. Azərbaycanlı jurnalist proqramda səslənən ölüm ittihamıyla bağlı Savelyevin reaksiyasını öyrəndi. Rusiyalı deputat belə cavab verdi: "Belə sayıqlamalara şərh verməyi gərəksiz hesab edirəm”. Halbuki, Savelyev suala cavab olaraq "mən öz fikrimdə qalıram, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” deməliydi. Bu ifadəni Azərbaycanda söyləmək böyük cəsarət tələb etmir. Əsl cəsarət bu ifadəni Moskvada, o cümlədən Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır.
Moskvada erməni lobbisi güclüdür. Erməni lobbisinin Rusiya mediasında da təsir imkanları genişdir. Ona görə də Azərbaycana lobbiçilik etmək istəyən rusiyalı deputatlar və ekspertlər ehtiyatlıdırlar. Ancaq Azərbaycan üçün vacib olan onların Dağlıq Qarabağla bağlı Moskvada fəallıqlarını artırmaqdır. Yoxsa yalnız Azərbaycana gəlib "Dağlıq Qarabağ Azərbaycanındır” deməklə Rusiya elitasının mövqeyinə təsir etmək problematikdir.
Erməni separatçıları həyəcanla sentyabr-oktyabr aylarını gözləyirdilər
Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri” Levon Mnatsakyan iyulun 24-də Xankəndidə mətbuat konfransı keçirdi. O dedi ki, cəbhə xəttində sakitliyə baxmayaraq, sentyabr-oktyabr aylarında durum gərginləşə bilər. Erməni separatçılarının təmsilçisi onu da dedi ki, Azərbaycan ordusu cəbhə xəttində qoşun hissələrinin və hərbi texnikanın sayını artırır. Levon Mnatsakyan mart ayından başlayaraq Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə hərbi təlimlərinin sayının artdığını da vurğuladı.
Levon Mnatsakyan müharibə başlayarsa, Mingəçevir su elektrik stansiyasını vura biləcəklərini dedi. Bu, növbəti təxribatçı açıqlama idi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycan ordusunun Ermənistanda vura biləcəyi onlarla strateji obyekt olduğunu xatırlatdı. Ermənistan ordusunun Mingəçevir su elektrik stansiyasına qarşı təxribatına qaşı Azərbaycan ordusu Ermənistandakı nüvə elektrik stansiyasını hədəf götürəcək.
Levon Mnatsakyanın mətbuat konfransı keçirməkdə və məlum açıqlamaları səsləndirməkdə məqsədi var idi. Ona da aydındır ki, danışıqların nəticəsiz qaldığı indiki mərhələdə toqquşma ehtimalı artır. Ona görə də Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri” açıqlamaları səsləndirməklə İrəvana mesaj yollayır: "Mən ictimaiyyət qarşısında sizi xəbərdar etdim, hücuma məruz qala bilərik”. Erməni separatçı həm də onu demək istədi ki, indiki nisbi sakitliyin arxasında böyük təhlükə var. Azərbaycan ordusunun təlimlərinin sayını artırmasında, tez-tez yerdəyişmələr etməsində ciddi planları var.
Nikol Paşinyan üçün sentyabr-oktyabr aylarında Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq prioritet məsələ deyildi. O, həmin aylarda erkən parlament seçkisində necə qələbə çalacağı haqqında düşünürdü. Çünki Nikol Paşinyan həmin aylarda azlığın baş naziri idi. Bu arada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Ermənistan tərəfi yüksək səviyyəli görüşün keçirilməsi üçün vaxt istəyib. Paşinyan bu yolla danışıqları parlament seçkilərinə qədər uzatmaq istəyirdi. Çünki onun İlham Əliyevlə görüşdə deyəcəyi söz yox idi. Paşinyan onu da anlayırdı ki, nəticəsiz danışıqlar cəbhə bölgəsində gərginliyi artıra bilər. O isə bunun qarşısını almaq istəyirdi.
Bu arada, İrəvandan maraqlı açıqlama gəldi. Ermənistanın müdafiə naziri dedi ki, Ermənistanın İranla və Türkiyə ilə sərhədini qoruyan Rusiya sərhəd qoşunlarının statusu dəyişdirilə bilər. Bu status Rusiya ilə Ermənistan arasında 1992-ci ildə imzalanan sazişlə müəyyənləşib. Bundan sonra Rusiyanın Ermənistandakı hərbi bazası təlim keçirdi və bu, Ermənistan hakimiyyətini qorxutdu. Çünki Ermənistan tərəfi dedi ki, bu hərbi təlim İrəvanla razılaşdırılmamışdı. Paşinyan "razılaşdırılmayan hərbi təlimi” Ermənistana qarşı təxribat kimi qiymətləndirdi. Halbuki, rus generallar qeyd etdilər ki, 2018-ci il üçün Ermənistan ərazisindəki bütün hərbi təlimlər İrəvanla razılaşdırılıb.
Serj Sərkisyan Ermənistan prezidenti olarkən Rusiya İrəvana 200 milyon dollar kredit ayırdı. Ermənistan bu kreditlə Rusiyadan silah və hərbi texnika aldı. Ermənistanın Rusiyadan uzaqlaşması həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalı az idi. Paşinyan Qərbin onu dəstəkləyəcəyinə əmin deyildi.
Prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində iştirak etdi. İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışdı. Prezident dedi ki, NATO-nun toplantısında iştirak edib, Brüsseldə sənəd imzalayıb. Hər iki tədbirdə qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü vurğulanıb. Bu faktor Azərbaycanla Avropa İttifaqı və NATO arasındakı əməkdaşlığın genişləndirilməsinə fayda verir.
Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinin siyasətini analiz etdi. Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşdı. İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar:
Birincisi, İlham Əliyevin "Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur” sözlərindən anlaşılan o idi ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkirdi: "Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin”. Əslində bu, İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarə idi. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyildi.
İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyətli bəyanatlarına da toxundu. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir, lakin rəsmi Bakı heç zaman buna razılaşmayacaq. İkinci tərəfdən, bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyan belə deyib: "Danışıqlarda separatçılar da iştirak etsin”. Ancaq bu tələbi bizimlə yanaşı, beynəlxalq aləm də qəbul etmir.
Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına "kriminal xunta rejimi” ifadəsini işlətmişdi. Ancaq Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində "onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik” cümləsinə də yer verirdi. Bundan sonra prezident məsələyə bu şəkildə nöqtə qoydu: "Ermənistanı daha da sarsıdacağıq”.
Dördüncüsü, İlham Əliyev sülh bəyanatlarına diqqət yetirdiyini göstərdi. Bu bəyanatları son zamanlar Ermənistanda verirlər. Prezident "Biz bu bəyanatları eşidirik” – dedi. O, sülh üçün zəruri olan şərti təkrarladı: "Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” İlham Əliyev Ermənistandan sülh bəyanatı verənlərə müsbət mesaj verdi: "İşğala son qoyularsa, bölgədə sülh yaranar. Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə və uzunmüddətli sülh yarana bilər”.
Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri görüşmədən də bir-birləri ilə qiyabi müzakirə aparırdılar. Bu müzakirə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırırdı.
Paşinyan Türkiyə ilə dost olmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan müsahibələrinin birində dedi ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və sərhədi açmağa hazırdır. İlkin şərt nə deməkdir?
Türkiyənin Ermənistanla diplomatik münasibətləri bərpa etməsi və sərhədi açması üçün ilkin şərti budur: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan bu şərti yerinə yetirmədiyinə görə Türkiyə ilə münasibətlərin normallaşmasına nail ola bilmir.
Nikol Paşinyanın açıqlamasında yeni ideya yox idi. Eyni sözləri Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Onlar da ilkin şərt irəli sürülmədən Türkiyə ilə münasibətlərin normallaşmasını arzu edirdilər. Ancaq onlar da Türkiyənin Qarabağla bağlı ilkin şərtini yerinə yetirmədilər.
Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaratdı. Türkiyənin bəzi qəzetləri Paşinyanın açıqlamasına geniş yer verdilər. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün "tarixi fürsət” adlandırdı. O, "Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik” dedi. Mustafa Sarıgül cümləsini belə tamamladı: "Bizim əlimiz elə qardaş Azərbaycanın əlidir”.
Mustafa Sarıgül sonuncu cümləsi ilə Azərbaycanın da maraqlarının nəzərə alınacağına işarə edib. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq fikri yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunarsa və torpaqlar azad olunarsa, Azərbaycan da Ermənistanla normal münasibətlər qurmağa hazırdır.
Nikol Paşinyan müsahibəsində başqa bir fikir də işlətdi: "Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”. Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa da, Ankara "erməni soyqırımının tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”.
Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Türkiyədə Mustafa Sarıgül kimi düşünənlər az olmaya bilər. Türkiyədə liberal dairələr Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Onlar Azərbaycan faktorunun əsas götürülməsini istəmirlər. Türkiyədəki liberal dairələrin yanaşması belədir ki, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa etsə və sərhədi açsa, gələcəkdə Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinin həllinə mövqeyi dəyişəcək. Ancaq bu səhv yanaşmadır. Əksinə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırandan sonra blokada zəifləyəcək. Bu faktor isə Ermənistan hakimiyyətini işğal etdiyi torpaqları boşaltmaq zərurətindən azad edəcək. İndiki vəziyyətdə isə Ermənistan işğalçı siyasətinə görə həm Azərbaycanın, həm də Türkiyənin təzyiqi altındadır.
Rusiya Ermənistanla Azərbaycan arasında sülh istəmir
Ermənistanda maraqlı fakt aşkarladılar. Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytı var. Bu saytı Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirdi. Hərbi baza 2016-cı ildə erməni saytına 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu fakt göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. O, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əleyhinə aparılan təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası” var.
Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verirdi ki, əslində Ermənistanda Azərbaycan və Türkiyə ilə düşmənçiliyin zərərini anlayırlar. Məsələn, eks-prezident Levon Ter-Petrosyanın partiyasından olan deputat belə dedi: "Biz Azərbaycan torpaqlarını işğal etmişik”. Yəni deputat demək istəyib ki, işğal altındakı torpaqları azad etmək lazımdır. Bu olmayana qədər Ermənistan Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. Haqlıdır. Vaxtilə Levon Ter-Petrosyan da bunu istəyirdi. Ancaq ona bu addımı atmağa Rusiyadakı dairələr imkan vermədilər. Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar.
Azərbaycanla sülhün vacibliyi haqqında ifadənin işlədilməsi təsadüfi deyil. Həmin deputat bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməzdi. Çünki o illərdə Azərbaycanla sülh aktual deyildi. Görünür, Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri fəallaşdırıb. Ancaq Rusiyanın maneəsi yenə də hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsinə tənqidi yanaşırdı. Bunu Lavrovun "biz Ermənistanda baş verənlərdən narahatıq” ifadəsindən də aydınlaşdırmaq olar.
Paşinyan Nazarbayevə niyə zəng etdi?
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng etdi. Telefon söhbətinin təşəbbüskarı Paşinyan idi.
Telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olundu. Qazaxıstanla Ermənistan arasında güclü iqtisadi əməkdaşlıq mövcud deyil. Ona görə də Paşinyanın Nazarbayevlə söhbətində iqtisadi mövzudan az danışdığı ehtimal olunur. Əsas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövzusu oldu.
Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, Qazaxıstan da satacaq. Qazaxıstan təşkilatda Ermənistanın müttəfiqi sayılsa da, Azərbaycanla əlaqələrdə maraqlıdır. Astana Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidentu İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu oxumuşdu.
Nazarbayevin mövqeyində dəyişən bir şey yoxdur. Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək. Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katibi ilə Astananı tanış etmək olub.
Putin Qarabağ münaqişəsinin həllini istəyirmi?
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-dəki səfərinə böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyini bildirmişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-nə keçirildi.
Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı.
Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər də var. Ancaq bunun üçün Azərbaycan da addım atmalıdır. Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir.
İkinci yanaşma. Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcəkdi. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqdılar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməzdi.
Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: "Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.
İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: "Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik”.
Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: "Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.
Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olunub. Buna baxmayaraq, Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirmək çətindir. Bu görüşdən sonra da "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı qeyri-müəyyən qalır. Buna görə də Azərbaycanın Rusiyanın xeyrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması doğru deyil. Çünki Moskva Qarabağla bağlı Azərbaycana təminat vermir.
Rusiya prezidenti Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etdi. Robert Köçəryan Azərbaycan torpaqlarını işğal edən separatçıdır. Putinin Köçəryanı təbrik etməsi Azərbaycana xoş olmayan mesajdır. Putin Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir.
Paşinyanın təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırır
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü.
Paşinyan görüşdən məmnun qaldığını söylədi.
Birincisi, Paşinyan dedi ki, görüşdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi müzakirə olunmadı. Ermənistan bu məsələdən narahatdır. Paşinyanın bu sözlərinə baxmayaraq, rəsmi Yerevanın narahatlığı azalmayıb. Məsələn, sentyabrın 13-də Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Yerevanda Rusiya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Həmin görüşdə Şarmazanov dedi ki, "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cənub istiqamətinə təhlükə yaradır”. Bu açıqlama onu göstərir ki, ermənilər Moskvanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük istəyinə müsbət yanaşmasından qorxur.
İkinci