Separatçıların Paşinyana qarşı üsyanı daha da güclənəcək
"Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarına insanları zorla, Suriyadan və digər dövlətlərdən gətiriblər. Hər dəfə də onlara vədlər veriblər. Ancaq orada yaşayan ermənilərin güzəranı gündən-günə pisləşib"
Ermənistanda sosial şəbəkə istifadəçiləri işğal altında olan Xankəndi şəhərini etiraz dalğasının bürüdüyünü deyirlər. Bildirilir ki, artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, bu, Ermənistan ictimaiyyətindən gizlədilir. Sosial şəbəkə istifadəçilərinin dediyinə görə, "Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və "Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir”.
Qarabağdakı prosesləri "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda baş verən "məxməri inqilab” 20 illik "Qarabağ klanı”na son qoydu. Ölkədə baş verən etirazların Qarabağdakı qanunsuz rejimə də təsirsiz ötüşməyəcəyi bəlli idi:
"Dağlıq Qarabağdakı rejim Serj Sarkisyan komandasının nümayəndəsidir. Nikol Paşinyanın indiki rejimlə çalışması mümkün görünmür. Ona görə də rejimi dəyişmək labüd görünür. Ermənistanda davam edən etiraz ssenarilərinin Qarabağa sıçrayacağı gözlənilirdi. Etirazlar yeni ildən daha da güclənəcək. Hesab edirəm ki, növbəti etirazlar kütləvi xarakter daşıyacaq və nəticədə Xankəndindəki rejimi dəyişəcək. Görünür, Paşinyan Bako Saakyanın "devrilməsi” prosesinə start verib. Növbəti qarşıdurmalar Saakyanın əvəzlənməsinə hazırlıq prosesində yaşanacaq”.
Siyasi şərhçi Anar İmanov da deyib ki, Paşinyan siyasətçi deyil, sadəcə, xarici dövlətlərin hakimiyyətə gətirdiyi bir marionet fiqurdur. Analitik bildirib ki, baş verən etirazlar Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın okeanın o tayında hazırlanmış "küçə inqilabı” nəticəsində hakimiyyətə gəlişinin 8-ci ayına təsadüf edir:
"Paşinyanın təcrübəsi, rəhbərlik və liderlik cəhətləri, uzaqgörənliyi yoxdur. Ona görə də gələcəyi görə bilmir. Belə adamlara siyasətdə yer yoxdur. Məlum məsələdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarına insanları zorla, Suriyadan və digər dövlətlərdən gətiriblər. Hər dəfə də onlara vədlər veriblər. Ancaq orada yaşayan ermənilərin güzəranı gündən-günə pisləşib. Sosial şəraiti dözülməz olan, təhlükə altında yaşayan ermənilərin əvvəl-axır baş qaldıracağına şübhə yox idi. Əslində etirazların bu qədər gecikməsi təəccüblüdür. Məncə, belə etirazlar əvvəllər də çox olub, sadəcə rejim onları ört-basdır edib, mediaya çıxmasına imkan yaratmayıb”.
Ekspertin fikrincə, sıravi ermənilər, sadə vətəndaşlar yaxşı bilirlər ki, işğal olunmuş torpaqlar Azərbaycanındır. Ona görə də zəbt olunmuş yad torpaqda erməniləri uzun müddət saxlamaq çox çətin başa gəlir:
"Mətbuatda çox yazılıb ki, işğal olunmuş torpaqlarda infrastruktur sıfır səviyyəsindən də aşağıdır. Birincisi, orada infrastruktur qurmağa İrəvan hökumətinin və separatçıların gücü çatmaz. Kasıb, dağılmış, dünya ölkələrindən pul dilənən Ermənistan hansısa infrastruktura pul yatırmaq iqtidarında deyil. Hətta imkanları olsa belə yenə də etməzlər. Çünki xaricdən idarə olunan xunta çox gözəl bilir ki, gec-tez torpaqlar işğaldan azad olunacaq”.
A.İmanov bəyan edib ki, Paşinyanın 8 ayını ermənilər özləri şərh edirlər:
"Paşinyanın hakimiyyətdən kənarlaşdırdığı Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov ölkədəki vəziyyəti şərh edib. Bu haqda "Facebook”dakı səhifəsində yazıb. Bəzi seçmələri təqdim edirəm: - İlk dəfə olaraq Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postundan məhrum oldu. İlk dəfə olaraq Ermənistanın minlərlə vətəndaşı Yeni İli işsiz statusunda qarşılayacaq. Ermənistanın sabiq prezidenti həbs olundu. Dağlıq Qarabağ məsələsi Ermənistanda hakimiyyəti ələ keçirməklə müqayisədə önəmsiz oldu. Parlamentdə real müxalifət olmayacaq. Eçmiədzindəki Erməni Apostol Kilsəsinin Dəftərxanasına hücum baş verdi. Bütün ermənilərin Katolikosuna hücum edildi. İlk dəfə homoseksuallar polisə hücum etdilər. Dövlətin real başçısı xalqını qaralara və ağlara böldü. Bütün bunlar cəmi 8 ay ərzində baş verib”. Əlavə geniş şərhə ehtiyac duymuram...”.
İsmayıl