İqtisadçı isə deyir ki, satışda saxta, süni düyülərin olması inandırıcı deyil
Daha o düyülərə etibar qalmayıb
Şübhələr o qədər artıb ki, “Xan”, “Şahənşah”, “Sultan” “Tamaşa” da gəlsə xeyri yoxdur
İqtisadçı isə deyir ki, satışda saxta, süni düyülərin olması inandırıcı deyil
İqtisadçı isə deyir ki, satışda saxta, süni düyülərin olması inandırıcı deyil
Çərşənbələrin ilkini - su çərşənbəsini arxada qoyduq. Bu o deməkdir ki, Novruza sayılı günlər qalır. Xalqımız bu əziz bayramı həmişə xüsusi həvəslə, istəklə keçirib, keçirməyə çalışıb. Evdar xanımların Novruzu layiqincə qarşılamaq üçün saxlanc yerlərində həmişə ehtiyat ərzağı olub. Yağından, kişmişindən, qoz-fındıqdan, düyüdən... Burda dayanaq. Düyü bütün bayramların, əziz günlərin, o cümlədən də Novruzun əsas ərzağıdır. Elə bir azərbaycanlı tapılmaz ki, bayram axşamı ocağında plov bişirməyi ürəyindən keçirməsin.
Kim buna necə nail olur, bu, başqa mövzudur. Amma plov - aş süfrələrimizin şahı, bayramlarımızın vazkeçilməzidir. Heyif, elə bir zəmanəyə gəlib çıxdıq ki, düyüyə də etibar qalmadı. Şübhələr son bir neçə ildə artıb. Satış mərkəzlərində növbənöv, müxtəlif adlarla, cəlbedici qablaşdırmalarda düyülər satılır. "Xan”, "Şahənşah”, "Mümtaz”, "Sultan” "Tamaşa”, "Məhəbbət”, "Müjgan”... o qədər müxtəlif düyülər var ki, alıcı çaşbaş qalır, bilmir, hansından alsın. Belədə reklam menecerlərinin üzünə gün doğur. Naşı alıcı görən kimi, yaxınlaşıb, "bu ... düyüdən alın, ləzzətlidir, artımlıdır, sərfəlidir, indi ən çox bundan alırlar” deyib qadınların ağlını "çalırlar”. Hələ hədiyyəli düyü qutularını demirik. Təki məhsul satılsın deyə, düyünün böyrünə gah duz, gah bir "paçka” palma yağı yapışdırıb alıcını tora salanlar da var. Bunları qoyaq bir kənara. Bugünki mövzu düyülərin keyfiyyəti ilə, hətta keyfiyyət də deməyək, düyünün, ümumiyyətlə, düyü olub-olmamasıyla bağlıdır. Belə şayiələr yayılıb ki, satışda olan xarici düyülər sünidir. Plastikdən, kauçukdan, hər cür kimyəvi maddələrdən hazırlanır. Ona görə düyülər əzilmir, nə qədər qaynasa da, ocaqda bişsə də, dənəvər qalır. Gəlinin üzünü ağ eləyir. Qədim zamanlarda məsələ vardı, deyirdilər, "aşı bişirən yağdı, gəlinin üzü ağdı”. İndiki aşları bişirmək üçün sadəcə, marketə gedib, istənilən qablaşdırmada düyü almaq kifayətdir. Düyü süni, yağ süni. "Əla” plov çıxır. Demək son zamanların "indi ən asan yemək plovdur. Düyünü tök qazana, qaynat, nə qədər qaynasa da, əzilmir, biri-birinə yapışmır. Arvadın üzünü ağ eləyir” fikri əsassız yaranmayıb. Amma üzümüzü "ağ eləyən” düyünün mədəmizin və ümumilikdə sağlamlığımızın başına hansı oyunlar açdığını təxmin etmək o qədər də çətin deyil.
Bu günlərdə sosial şəbəkələrdə süni düyü üzərində sınaq əməliyyatının görüntüləri yayılıb. Düyünü qaşığa qoyub ocağa yaxınlaşdırırlar, düyü sanki üzərinə sintetik parçadır, o dəqiqə əriyib külə dönür.
Belə şayiələr gəzir ki, "süni” deyilən düyülər əsasən nişastadan və undan hazırlanır, tərkibinə sintetik materiallar və plastik maddələr qatılır. Bu düyülər əsil düyüdən daha şəffafdır, bişərkən əzilmir. Deyilənə görə, hazırda satışda olan düyülər əsasən Çindən gətirilir, amma burada Hindistan, Pakistan düyüsü adı altında qablaşdırılır. Bazarda məşhur İran düyüsü tapmaq isə ümumiyyətlə mümkün deyil. Çünki İran düyü ixracına qadağa qoyub.
Yerli düyünü də bazarda tapmaq çətindir. Həm azdır, həm də qiyməti bahadır. Xalis Astara, Lənkəran düyüsünün kiloqramı 10 manatdır.
Satışda saxta düyülərin olması nə dərəcədə realdır?
İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında bildirdi ki, satışda saxta, süni düyülərin olması inandırıcı deyil:
- Son zamanlar plastik düyülər, süni yumurtalar haqqında çox danışılır. Sizə deyim ki, bu, 99,9 faiz "qara piardı”. Və konkret firmalar, şirkətlərə qarşı yönəlib. Hamımız evə bazarlıq edirik, aldığımız məhsullarla qidalanırıq. Saxtasını, sünisini ayırd edə bilmərik məgər?! Azərbaycanda plastik düyü və ya süni yumurtaya rast gəlinməsi ilə bağlı konkret fakt yoxdur. Konkret fakt olmadığı üçün də nəsə demək düzgün alınmaz.
Düyülərə gəlincə, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, Azərbaycana düyü İran və Birləşmiş Ərəb Əmirliklərindən idxal olunur. İlk sıralarda bu iki ölkədir. Amma düyünün İrandan və ya BƏƏ-dən idxal olunması o anlama gəlməməlidir ki, məhsul bu ölkələrə aiddir. Xeyr. Məsələn, BƏƏ-dən Azərbaycana idxal olunan düyülər Pakistan düyüsü ola bilər. BƏƏ azad iqtisadi zonadır. Nəhəng anbarlama ordadır. Məhsullar anbarlara vurulur, oradan da dünyanın 4 bir yanına paylaşdırılır, ixrac edilir. Ticarətdə belə qayda var, əgər sərfəlidirsə, bir ölkənin məhsulu başqa bir ölkədən idxal edilir. Şərt deyil ki, Pakistan öz düyüsünü Azərbaycana birbaşa özü ixrac etsin.
Pakistan düyünü BƏƏ-yə ixrac edir, BƏƏ-dənsə məhsul digər ölkələrə göndərilir. BƏƏ vasitəçi rolunda çıxış edir. İranla Azərbaycan arasında isə ticarət əlaqələrində vasitəçilik prinsipi yoxdur. Ticarət birbaşa aparılır. Amma bu da mümkündür ki, İran Pakistan və ya başqa bir ölkəyə sifariş versin, düyünü xammal şəklində alsın, sonra isə özü qablaşdırıb ixrac etsin. Çinin düyü ixrac etməsi inandırıcı deyil. Çünki bu ölkə istehsalı əsasən daxili tələbata yönəldib. Amma İranın daxili imkanları ixraca imkan verir. Bu gün bizim bazarlarda İran və BƏƏ-dən idxal edilmiş düyülərdir. Bu düyülər nə dərəcədə keyfiyyətlidir, bunu artıq aidiyyətli qurumlar araşdırmalıdır.
Mütəxəssislər əsl düyünü sünidən zahiri görkəminə, ətrinə, bişdikdə isə nəticəyə uyğun ayırd etməyin mümkün olduğunu deyir. Əsl düyü ağappaq, qar kimi olmur. Rəngi bir qədər tünd, qarışıq sarımtıl-boz, düyü dənələri hamısı sanki dəzgahdan çıxmış kimi eyni ölçüdə deyil, fərqli boyda, ölçüdə, qeyri-standart formalı olur. Əsl düyünün ətri də gözəldir. Bişdikdə isə əsl düyülər həlim salır, saxta düyülər kimi tez bişmir, suda bir qədər qaynadıqdan sonra yumşalır. Dadından da bilinir ki, keyfiyyətli düyüdür. Süni düyülər xüsusi texnologiya əsasında istehsal olunur. Nişastadan, qırılmış düyülərin una çevrilib qatılmasından və digər qida maddələrindən hazırlanan süni düyü istehsalı dünyada mövcuddur. Lakin o düyülərin içində plastik olması təsdiqlənməyib.
Düyünün əsl və ya saxta olmasını dəqiqləşdirmək istəyirsinizsə, sadə yolu düyünü cücərtməkdir. Bir qaba bir neçə ədəd düyü qoyub üzərinə su əlavə edirsən, bir neçə gün keçir, əgər düyü cücərdisə, deməli, saxta deyil, yox əgər cücərmirsə, deməli, saxtadır.
Məlahət Rzayeva