Moskvanın siyasəti erməniləri boğaza yığıb
Bir müddətdir ki, siyasi böhran yaşayan Ermənistanda etirazlar səngimək bilmir. Ölkə prezidenti Serj Sarkisyan və komandasının yürütdüyü yarıtmaz daxili və xarici siyasətə qarşı kəskin narazılıq ifadə edən ermənilərin qəzəb və aqressiyası getdikcə dərinləşir. Bu səbəbdən paytaxt İrəvanın küçələrinə axışan bədnamlar hazırkı diktat rejimin əleyhinə nümayişləri günlərdir davam etdirirlər. Dünən paytaxtda minlərlə etirazçı prezidentin iqamətgahına yürüş təşkil edib.
Aksiyaya qatılan kiçik və orta biznesin 3 mindən çox nümayəndəsi "Mal dövriyyəsində vergi” haqda fevralın 1-də qüvvəyə minən qanuna etiraz olaraq Baqramyan prospektini bağlayıblar. "Ləğv et” şüarı ilə çıxış edən mitinq iştirakçıları baş nazir Ovik Abramyanla görüş tələb etsələr də, onlara bildirilib ki, baş nazir çox məşğuldur. Bu cavab etirazçıları özündən çıxarıb. Sahibkarlardan biri deyib ki, onlar yarmarkalarda icarəyə götürdükləri dükanlara görə yer pulu ödəyirlər, bu günün də pulunu ödəyiblər. Buna baxmayaraq tələblərini çatdırmaq üçün hökumət binasının qarşısına gəliblər. Digər etirazçı isə söyləyib ki, toplaşanlar qanunun qəbul edilməsinə etiraz olaraq ölkədən gedəcəklərini deməsinlər. Çünki onsuz da onları heç kim ölkədən buraxmayacaq. Bu arada qeyd edək ki, bəzi nümayişçilər baş nazirə "Ya aşağı düş, ya da çıx get, getmirsənsə, bu gündən daha radikal tədbirlərə əl atacağıq” kimi ifadələrlə ultimatum verib.
Ermənistandakı siyasi proseslərin gedişatını şərh edən "Xəzər” Araşdırmalar Mərkəzinin sədri, politoloq Vəfa Quluzadə "Şərq”ə bildirib ki, Moskvanın separatçı ölkədə həyata keçirdiyi siyasət erməni xalqını boğaza yığıb. Ekspertin sözlərinə görə, Rusiyanın imperiya siyasəti, Ermənistanı özünün hərbi bazası etdiyinə görə, erməni xalqı çox ağır vəziyyətə düşüb: "Bu ölkənin iqtisadiyyatı çöküb. Qonşularla əlaqələri yoxdur. Ermənistan gələcəyi olmayan bir dövlətdir. Ona görə də əhalinin səbri tükənib. Ermənilər dirəniş göstərsələr, bu rejimdən və Rusiyadan ayrıla bilərlər”. V.Quluzadənin qənaətincə, işğalçı ölkə cəmiyyəti Dağlıq Qarabağ məsələsi haqqında ciddi düşünməli, problemi Rusiyasız həll etməklə bağlı addımlar atmalıdır: "Münaqişə həllini tapsa, düşdükləri vəziyyətdən xilas ola bilərlər. Fikir verin, ac-yalavac erməni xalqı görün nə qədər pulu nəyə görə xərcləyir. Bunların hər biri hazırkı partlayışa gətirib çıxarıb. Keçirilən mitinqlərdə Rusiyanın bayrağı tapdalanır, əleyhinə şüarlar qaldırılır. Bu hadisələr Ermənistandakı acınacaqlı vəziyyəti göstərir”.
Politoloq hesab edir ki, Ermənistanın öz ərazisini rus hərbi bazasından təmizləmə ehtimalı mümkündür: "Çünki bu dəqiqə Kreml Ermənistana müharibə elan etməyəcək. Onların imkanı olsa ki, bir qədər böyük dirəniş göstərsinlər, o zaman rus hərbi bazasını Ermənistandan çıxara da bilərlər. Sözsüz ki, Rusiya imperiya olaraq qalır və siyasətində heç bir dəyişiklik etməyib. Düşünürəm ki, şimal qonşumuz çökməyənə qədər imperiya siyasətini dəyişməyəcək”.
Ekspertin fikrincə, Rusiya çöküşə doğru gedir: "Çox pis vəziyyətdədir. Hadisələri çox diqqətlə izləyirəm. Baxaq görək, ermənilər bu zillətdən çıxa biləcəkmi?”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, düşmən ölkə əksər hallarda mətbuatda özləri haqqında yaxşı rəy yaratmaqdan ötrü hamı ilə dost münasibətdə olduğunu göstərir. Guya ermənilər hamı ilə dostdur, hamı onları sevir və müdafiə edir. Lakin onların özgə dövlətlərlə, dostluqları ilə bağlı dediklərinin əsas mahiyyəti də elə özlərini Azərbaycana və yeri gələndə Türkiyəyə qarşı göstərməyə hesablanıb: "Onsuz da Rusiya-Ermənistan münasibətləri çoxdan problemli məsələ olaraq qalır. Ermənistanı dövlət edən və onları bu regiona gətirən elə Rusiyadır. Çar Rusiyası Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinə və Cənubi Qafqazı, Azərbaycanı işğal edənə qədər burada erməni olmayıb. Ermənilər vaxtilə necə ki İranın daxilində böyüdülər və qudurdular, indi də onlar Rusiyanın əleyhinə xəncər saplamaqla məşğuldur. Təbii ki, rəsmi Moskva 4-5 ildir ki, bunu bilir, başa düşür və Ermənistanın ətrafında olan zənciri daraldır. Artıq rəsmi İrəvan dərk edir ki, müstəqilliyini və Qarabağı da itirib. Çünki Qarabağın sahibi Ermənistan deyil, Rusiyadır. İşğalçı ölkədə baş verən məlum aksiyalar isə ermənilərin özlərinin hazırlığının nəticəsidir”.
Ayyət Əhməd