Ətin keyfiyyətinin müəyyənləşdirilməsi üçün müxtəlif kateqoriyalar təsbit edilib. Söhbət Türkiyədən gedir. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi bundan sonra ətin qiymətini fərqli tənzimləyəcək.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bundan sonra ətin qiyməti onun yaşına, cinsinə, yağlılığına görə tənzim ediləcək. Nazirliyin məlumatına əsasən, qəssabxanalarda xüsusi sertifikatlarla fəaliyyət göstərəcək şəxslər bu işi həyata keçirəcəklər. Məlumata görə, 8 aylıq heyvanın əti keyfiyyətinə görə A, B, C, D, E və Z olmaqla 6 kateqoriya ilə qiymətləndiriləcək. Bundan başqa, yağlılıq səviyyəsinə görə də ət ayrıca olaraq qiymətləndiriləcək. Bu zaman isə ətin üzərində S (ən yüksək), E (mükəmməl), U (çox əla), R (əla), O (orta), P (pis) olaraq kateqoriyalar yazılacaq.
Məlumata görə, illik 150 başadək heyvan kəsən kəsim mərkəzlərində bu kateqoriyalar tətbiq olunmayacaq.
Bizdə isə hələ ki, fərqli vəziyyətdir. Ət kəsimi məntəqələrində ağına-bozuna baxmadan standart qiymətlərdir. Kəsilmiş ətlər də ancaq sümüklü, sümüksüz kateqoriyaya ayrılır. Halbuki alıcıya bol çeşid təklif etmək satıcılar üçün daha əlverişli olsun gərək.
«Medical Plaza» klinikasının terapevt-qastroentereloqu Sevindik Arazov hesab edir ki, kəsilmiş heyvanın bütün hissələri eyni qiymətə olmamalıdır:
- Türkiyənin indi tətbiq etməyə başladığı qaydalar bəyənmədiyimiz SSRİ dövründə var idi. SSRİ məkanında dövlət standartı deyilən qaydalar tətbiq olunurdu. Çörək də «əla növ», «I», «II», və ya «III» növ olurdu, un da, buğda da və sairə.
Eləcə də ət növlərə ayrılırdı və buna uyğun da qiymət tətbiq edilirdi. Dananın boyun, bud, qabırğa hissələrinin qiyməti başqa idi, can ətinin qiyməti başqa. İndi yalnız can əti baha qiymətə satılır – 20 manatdan aşağı olmur. Can əti heyvanın yerə dəyməyən hissəsidir, ona görə də baha qiymətə satılır. Həm də az həcmdə olur, məsələn, 100 kiloluq heyvandan cəmi 3 kiloqram can əti çıxır. Məsələn, Argentinadan gətirilən və «steyk» üçün lazım olan ətin kiloqramı 60-90 manatdır.
Çünki ondan xüsusi qida hazırlanır və baha da təklif olunur. Amma əlbəttə, istehlakçı hüquqları nəzərə alınaraq satışdakı ətlər kateqoriyaya ayrılmalıdır. Alıcı nə aldığını bilməlidir. Elə insanlar var ki, heyvanın konkret hansısa hissəsini alıb istifadə etmək istəyir.
Kəsim üçün nəzərdə tutulmuş heyvanın bütün hissələri eyni qiymətə olmamalıdır. Kalorisi az və çox olan hissələr var. Ümumiyyətlə, mal – dana əti xeyirlidir. Hansı hissəsi olursa-olsun. Məsələ, sadəcə, kalorinin azlığı-çoxluğudur. Malın budu ən az kalorili hissəsidir. Yağlı qidalanmaq qadağan edilən insanlar məhz bu hissə ətdən istifadə etməlidir.
Bəs bizim ölkədə satışa çıxarılan ətlərə kateqoriyaya uyğun qiymət tətbiq etmək olmazmı?
S.Arazov qeyd etdi ki, hazırda bizdə kateqoriya üzrə satış yalnız toyuq əti ilə bağlıdır. Döş əti, bud, qanadlar… seçilir və ayrılıqda satılır. Bu, onunla bağlıdır ki, broyler təsərrüfatları çoxdur, bir dəfəyə 10-20 min toyuq kəsimi həyata keçirilir. Amma iri və xırda buynuzlu heyvan yetişdirmə təsərrüfatlarının sayı azdır. Böyük fermalar, fərdi təsərrüfatlar az olduğundan dana əti ilə bağlı bu cür kateqoriya bölgüsünə hələ ki, gedilmir. Çünki hazırkı vəziyyətdə bu, istehsalçıya sərf etməz.
Məlahət Rzayeva