Aynur Camalqızı: “Ziyalılar, cəmiyyətdə tanınan, hörməti olan şəxslər sadə, qəbirdaşları düzəltdirsələr, digərləri də onlardan örnək alar”Mirvari Qəhrəmanlı: “Şəxsən mən, qəbiristanlıqlar və yas mərasimləri ilə bağlı qanuna 2 əlli səs verəcəm”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məzarlar və qəbirüstü abidələrlə bağlı yeni qərar qəbul olunacağını bildirib. Sədr qeyd edib ki, qəbiristanlıqların salınması, qəbirlərin ölçüsü ilə bağlı ümumi standartlar qəbul ediləcək. Qanun qəbul olunduqdan sonra qəbirlər üzərində dəbdəbəli başdaşı, sinədaşı, həmçinin abidələrin qoyulması, məlum ölçülərdən kənara çıxılması hallarına icazə verilməyəcək. M.Qurbanlı qeyd edib ki, qanunun qəbulundan sonra insanlar dəfn xərclərinin azaldığını özləri də hiss edəcək.
Qərar niyə gecikir?
Qeyd etməliyik ki, sözügedən məsələ artıq bir neçə ildir ki, müzakirədə - masa üzərindədir. Lakin qəbulu nədənsə düyünə düşüb. Buna baxmayaraq, qanunu gözləməyib lokal qaydada hərəkətə keçənlər də var. Məsələn, Naxçıvan Muxtar Respublikasında məzarlıqlara əməlli-başlı "əl gəzdirilir” artıq. Dəbdəbəli başdaşlarına icazə verilmir, məzarlıqlar müəyyən ölçülər daxilində salınır. Dəbdəbəli yas mərasimlərinə qadağalarsa Naxçıvanda artıq bir neçə ildir ki, tətbiq olunur. Amma paytaxt hələ də köhnə havasındadı. Doğrudur, bir ara, Bakıda da yas qadağaları işə düşmüşdü. Camaat əməlli-başlı nəfəs almağa başlamışdı. Rəhmətə getmiş şəxs üçün yalnız 3 mərasimi təşkil olunurdu, çox zaman da ancaq çay süfrəsi açılırdı. Din xadimlərinin də bəzisi dəbdəbəli yas mərasimlərinin islamın mahiyyətinə zidd olduğunu anlatmağa çalışırdılar. Amma sonra nə baş verdisə, dəbdəbə yenidən qayıtdı. Bananlı, plovlu, ləbləbili yas mərasimləri bərpa olundu.
Paytaxt köhnə havasıyla yaşamağa davam etdi. Ağ-qara mərmərlərdən sinə, başdaşları da qoyulur, məzarlar günbəzlər də tikilir, abidələr də qoyulur. Bunun da bir səbəbini paytaxtda məzarlıqlar və yas mərasimləri biznesinin mövcudluğu ilə əlaqələndirirlər. Əsassız da sayılmaz. Axı mərmər daşlarını ölkəyə gətirənlər, satışını təşkil edənlər var. Eləcə də yas mərasimlərinin dəbdəbəli təşkilindən "qaz vurub qazan dolduranlar” da. Son illər paytaxtda mərasim evlərinin necə artdığı göz qabağındadır. Əhaliyə də belə təlqin olunur ki, evdə darlıqda, sıxlıqda mərasim təşkil edib, əziyyət çəkməkdənsə, Mərasim evində rahatca yası yola vermək yaxşı deyilmi?!. Amma daha buna nə qədər vəsait xərclənir, yas evi borcamı düşür, yasdan sonrakı günə çörək pulusu qalır, qalmır, kimsəni maraqlandırmır. Qısası, qadağaları paytaxt hələ ki, yaxına buraxmır.
"İnsanlara əziyyət verən adət-ənənələr dəyişməlidir”
"Teleqraf Holdinq”in rəhbəri, sabiq millət vəkili Aynur Camalqızı "Şərq”ə açıqlamasında mövzu ilə bağlı ciddi müzakirələrə ehtiyac olduğunu bildirdi:
- Məsələ ümumilikdə hər birimizi, bütün cəmiyyəti əhatə etdiyindən ictimai müzakirələrin keçirilməsinə ciddi ehtiyac var. Düzdür, istər klassik mediada, istərsə də sosial şəbəkələrdə maarifləndirmə işləri aparılır, lakin bu həm də o qədər daşlaşmış bir məsələdir ki, insanların oturuşmuş adət-ənənələrdən kənara çıxması çətindir. Böyük şəhərlərdə administrativ üsullarla qarşısını almaq asandır. Son illərdə artıq müşahidə olunur ki, 3 mərasimləri 7 mərasimi ilə birləşdirilir, ayrı-ayrılıqda keçirilmir, 40 mərasimləri isə çox dar çərçivədə, yalnız yaxın qohumların iştirakı ilə keçirilir. Əvvəlki dəbdəbəli yas süfrələri də açılmır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səyləri müsbət nəticəsini verib. Artıq yas mərasimləri əvvəlki təntənəli qaydada keçirilmir. İnsanlarımız da sanki anlamağa başlayıblar. Amma elə bölgələrimiz, elə kəndlərimiz var, rəhmətə getmiş şəxsə 40 gün yas saxlanılır. Bütün köhnə adətlər də yerinə yetirilir. Amma biz qətiyyən ruhdan düşməməliyik, məsələnin ciddiliyini anlayaraq maarifləndirmə işlərini aparmalıyıq. Burada televiziyaların üzərinə böyük məsuliyyət düşür.
Televiziyalar bu sahədə maarifləndirici proqramlar hazırlamalıdırlar. Hansı adət-ənənə ki, insanları çətinə salır, əziyyət verir, onların dəyişməsi şərtdir. Burada da ən başlıca şərt şəxsi nümunədir. Şəxsi nümunəni ilkin olaraq ziyalılar göstərməlidir. Başqalarına örnək olmalıdırlar. Çünki insanlar adətən gördüklərinə inanır və təsirlənirlər, nəinki deyilənlərə və ya oxuduqlarına. Məsələn, xarici ölkələrdə məzarlıqlarda bütün məzar daşları eyni formalı, eyni ölçülüdür. Bu, insanlar arasında fərq qoyulmadığına dəlalət edir.
Amma bizdə imkanlı birisi, rəhmətə getmiş doğmasına dəbdəbəli qəbirdaşı düzəltdirir, bir başqası da yanlış olaraq düşünür ki, o, ata-anasına "layiqli” məzar daşı düzəltdirməsə, el-obanın qınağı ilə üzləşəcək. Və bəzən belə çürük təfəkkürlü insanlar da ortaya çıxıb tənə vururlar. Bəhsə girmək də buradan qaynaqlanır. Kim atasının yasında hansı yeməkləri verdi, kim necə başdaşı düzəltdirdi və s. belə mənasız məsələlər insanların əzab çəkməsinə, üstəlik dinimizin qaydalarının da pozulmasına gətirib çıxarır. Amma ziyalılar, cəmiyyətdə tanınan, hörməti olan şəxslər sadə, təvazökar yas mərasimləri təşkil etsələr, sadə qəbirdaşları düzəltdirsələr, digərləri də onlardan örnək alar.
A.Camalqızı ictimai problem həddinə çatmış məsələlərin müzakirəsində və qərarların qəbulunda qeyri-hökumət təşkilatları, ictimai institutların iştirakının vacibliyini vurğuladı.
"Qızlarıma vəsiyyət etmişəm...”
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı ictimai müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi:
- Təəssüf ki, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə ictimai institutların təmsilçilərini dəvət etmirlər. Mən Milli Məclisə Əmək Məcəlləsi və ekoloji problemlərlə bağlı iki dəfə təkliflərlə müraciət etmişəm. Nə dərəcədə nəzərə alınıb, bilmirəm, çünki məni müzakirələrə dəvət etməyiblər. Komitələrdə təmsil olunanlar bəzən problemlərdən bixəbər halda hansısa təklifə səs verirlər. Şəxsən mən, qəbiristanlıqlar və yas mərasimləri ilə bağlı qanuna 2 əlli səs verəcəm. Çünki, bu, həqiqətən də hamımızın yaralı yeridir. Bizim ailəmiz dindar olub. Rəhmətlik atam dinimizin bütün qayda-qanunlarını bilirdi, bizə də öyrədirdi.
Atam həmişə deyərdi ki, müsəlmanın məzarı torpağa qarışmalıdır, itməlidir. Məzarını da istədiyi kimi etdik. Anama da sadə baş daşı qoydurmuşuq, məzarın ətrafında gül-çiçək əkmişik. Şəkinin Dodu kəndindəki qəbiristanlıqda məzarüstündə ana abidəsi görmüşəm. Deyirdilər ki, o arvad evində acından ölüb, övladları ona qarın dolusu çörək verməyiblər. Amma rəhmətə gedəndə məzarının üstünə abidə qoyublar. İnsanlara sağlığında dəyər verilməlidir, atanın, ananın qədrini gərək sağlığında biləsən. Yoxsa ki, biri-biri ilə bəhsə girib bahalı sinə daşı, başdaşı qoymağın ölüyə bir faydası yoxdur.
Həyat yoldaşım rəhmətə gedəndə baldızım xeyli qədər yemək bişirtdirdi, mən o yeməkləri, dostumuz Azad İsazadənin köməyi ilə xəstəxanaya apardıq. Qızlarıma da vəsiyyət etmişəm ki, mən öləndə ehsan süfrəsi açmasınlar, əvəzində uşaq evlərinə, qocalara yemək versinlər. Hesab edirəm ki, yas mərasimləri, məzar daşları ilə bağlı sərt qanunlar qəbul edilməlidir. Mağar biznesi, yas biznesi ortadan qaldırılmalıdır.
Məlahət Rzayeva