“Dəmirtaşın çağırışı ilə proses dayanan deyil”

Elxan Mehdiyev: “Türkiyə Silahlı Qüvvələri də öz mövqeyini ortaya qoymalıdır”




Türkiyənin İŞİD və PKK quldurlarına qarşı başladığı hərbi əməliyyatlar dünya gündəminin əsasını təşkil etməkdədir. Təbii ki, Türkiyədə də vəziyyət gərgindir - hər tərəfdə PKK terrorçuları silahlı hücumlar edir, partlayışlar törədirlər. Türkiyənin regiondakı iki böyük təhlükə ilə üz-üzə gəlməsi və həm İŞİD-ə, həm də PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması situasiyanı qəlizləşdirib. Ölkə daxilindəki siyasi stabillik də ciddi təhdidə məruz qalıb.

Qardaş ölkədə baş verən gərgin prosesləri, hadisələrin yaranma səbəbini şərh edən konfliktoloq Elxan Mehdiyev deyib ki, Türkiyənin iki cəbhədə beynəlxalq terror təşkilatlarına qarşı mübarizə aparması kifayət qədər mürəkkəb bir məsələ olsa da, Türkiyə ordusu bu hücumları dəf etmək qüdrətinə sahibdir.

- Türkiyənin eyni anda İŞİD və PKK ilə mübarizəyə başlaması öncədən düşünülmüş plan idi, yoxsa zərurətdən irəli gəlir?

- Türkiyənin PKK və İŞİD-ə qarşı eyni anda mübarizəyə başlaması artıq bir zərurət halını almışdı. Çünki İŞİD qüvvələri Türkiyə sərhədlərini keçərək daxildə müəyyən terror addımları ataraq Türkiyəni adekvat addımlar atmağa məcbur elədi. Türkiyə 30 ildir separatizmlə mübarizə aparır. İndi Türkiyə-Suriya sərhədi radikal kürd qruplarının əlinə keçib. Türkiyə istəmir ki, onun sərhədində müstəqil kürd idarəçiliyi yaransın. Bu, dəqiqdir.

İkincisi, İŞİD qüvvələrinin barbar hərəkətləri var. Türkiyə bir müddət ona dözümlü yanaşsa da, sonradan İŞİD adına Türkiyədə terror hadisələri yaşandı. Türkiyə dövləti də İŞİD-ə olan dözümlülüyü itirib və bu qrupa qarşı havadan zərbələr endirməyə məcbur olub. Halbuki son hadisələrə qədər Türkiyə İŞİD-ə qarşı münasibətdə kifayət qədər loyal davranır, müəyyən məsafəni gözləməklə İŞİD-ə qarşı aktiv müdaxilə etmirdi.

İŞİD-ə paralel olaraq PKK terrorçularının da bölgədə aktivləşməsi və Türkiyənin güvənlik qüvvələrinə qarşı müəyyən əməliyyatlara başlaması da türk ordusunun PKK bazalarını bombardman etməyə vadar elədi. Beləliklə də, "çözüm sürəci” deyilən bir proses öz aktuallığını itirmiş oldu.

- Proseslərin arxasında Türkiyəni təxribata çəkmək istəyən xarici qüvvələrin olduğu güman edilir? Siz necə düşünürsünüz?

- Mənə elə gəlir ki, bu gün Türkiyədə baş verənlərin arxasında daha çox daxili siyasət məsələləri dayanıb. Təbii ki, Türkiyəni istəməyən qüvvələr onun Suriya və İraq kimi qeyri-stabil dövlətə çevrilməsində, İŞİD-in hədəfində olmasında maraqlıdırlar. Amma Türkiyə kifayət qədər güclü dövlətdir və təhlükəsizlik qüvvələri də yüksək peşəkarlığa sahibdir. Türkiyə öz ərazisini hər şərtlər altında nəzarətdə saxlamağı çox gözəl bacarır. Bu mənada İŞİD və PKK-ya qarşı mübarizənin onu Suriya və İraqın gününə salacağını zənn etmirəm.

- Hökumət daxilindəki qarışıqlıq məlumdur. Bunun fonunda Türkiyənin hər iki cəbhədəki mübarizəsini və prosesin inkişafı istiqamətlərini necə görürsünüz?

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçimlərdən əvvəl AK Partinin yenidən vahid hökumət qurması və ölkədə prezident üsul-idarəsi yaratmaq üçün 376 deputat səsini almağa çalışırdı. Hətta bunun üçün prezidentlik səlahiyyətlərini aşaraq seçki kampaniyasına da qoşulmuşdu. Amma Ərdoğanın niyyəti baş tutmadı. Bu işdə isə ona mane olan əsas qüvvə HDP oldu. Türkiyə daxilindəki digər demokratik qüvvələr HDP-ni dəstəklədiyi üçün Ərdoğan öz planlarını həyata keçirə bilmədi.

Türkiyə də indiki müstəvidə yaranmış vəziyyətdən istifadə edərək erkən seçkilərə gedərək AKP-nin itirdiyi səslərini bərpa etmək istəyir. Deməli, sərhəddəki qarışıqlıq artıq dövlət daxilinə keçib. Bu isə Türkiyə dövlətçiliyi üçün yaxşı heç nə vəd etmir.

- HDP lideri Səlahəddin Dəmirtaş, ilk dəfə dünən terrorçulara "əlinizi tətikdən çəkin” çağırışını edib. PKK-çılar onun çağırışına səs verəcəkmi?

- Bu məsələ 30 ildən artıq davam edən və sonu bilinməyən mürəkkəb bir məsələdir. "Çözüm sürəci”ndə Abdulla Öcalan və Kandildəki qüvvələrlə danışıqlar birbaşa olmasa da, müəyyən yollarla davam edir, ortaq variantlar axtarılırdı. Amma indi Əgər PKK ilə qarşıdurmaya gedilirsə, bu, neçə illərdir aparılan çözüm layihəsinin əhəmiyyətini yox edir. Türkiyə PKK-nın kamplarını vurduqca, onlar da türk ordusuna qarşı addımlara start verirlər. Bu isə yenidən əvvəlki dönəmə qayıtmaq deməkdir. Odur ki, Dəmirtaşın bir çağırışı ilə bu proses dayanan deyil. Türkiyə Silahlı Qüvvələri də öz mövqeyini ortaya qoymalıdır. Çünki indi PKK ilə yenidən savaşa girmək heç də Türkiyənin güclənməsinə səbəb olmayacaq. Türkiyə daha geniş vizionda bu işə baxaraq hərəkət etməlidir. Eləcə də, PKK ilə atəşkəs yenidən öz məcrasına düşməlidir. Nəyə görə Türkiyə yenidən əvvəlki günlərinə qayıtmalıdır? Məncə, bu haqda doğru-dürüst qərarlar verilməlidir.

Şəymən