"Minsk qrupu ölkələri ermənilərlə həmfikirdir. Danışıqlarda tərəflər nisbəti dördün birədir. Ermənistan və Minsk qrupu ölkələri eyni fikri deyir, Azərbaycan isə təklikdə mənafeyini müdafiə edir"
"90-cı illərin əvvəllərində Azərbaycanın torpaqları işğal olunanda, ölkədə hakimiyyət böhranı yaşanırdı. İndi Ermənistanı müdafiə edən beynəlxalq təşkilatlar o zaman Azərbaycanın yanında deyildi”.
Bunu "Sherg.az”a ATƏT-in və digər beynəlxalq təşkilatların Ermənistandakı vəziyyətlə bağlı Azərbaycana müraciət ünvanlamasından danışarkən millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, 90-cı illərin əvvəllərində müxalifət və iqtidar arasında baş qaldıran hakimiyyət davası ölkənin hərtərəfli zəifləməsinə səbəb oldu:

"Bu məqamdan istifadə edən ermənilər öz havadarları ilə birləşərək Azərbaycan torpaqlarını işğal etdilər. O zaman da ATƏT, BMT, Avropa Şurası kimi təşkilatlar fəaliyyət göstərirdi. Halbuki həmin təşkilatların "qulaqları kar, gözləri kor, dilləri lal” idi.
Həmin təşkilatlar Azərbaycanlılara qarşı törədilən soyqırımlarını, ermənilərin hücumlarını, günahsız insanların tökülən qanlarını görmürdülər. İndi Ermənistanda qarışıqlıq baş qaldırdığına görə, təşkilatlar elə ayıq -sayıq dayanıblar ki, sanki Azərbaycan bu dəqiqə hücuma keçəcək”.
Deputat vurğulayıb ki, beynəlxalq təşkilatlar yenə ikili standartlar nümayiş etdirərək Ermənistandakı xaosa heç bir münasibət bildirmir:
"Uzun illərdir, təklif edirik ki, ATƏT-in Minsk qrupundan imtina etməliyik. Minsk qrupu ölkələri ermənilərlə həmfikirdir. Danışıqlarda tərəflər nisbəti dördün birədir. Ermənistan və Minsk qrupu ölkələri eyni fikri deyir, Azərbaycan isə təklikdə mənafeyini müdafiə edir.
Tutaq ki, Azərbaycan hücuma hazırlaşır. Torpaqlarımızı işğaldan azad etmək bizim ən təbii haqqımızdır. Burada beynəlxalq təşkilatların marağı nədir? Deməli, bu təşkilatlar Azərbaycan torpaqlarının işğalda qalmasını, ermənilərin bizim ərazilərimizi mənimsəməsini istəyir. Ancaq bütün Ermənistanı dəstəkləyən qüvvələrin arzusu ürəyində qalacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bu vaxt uzaqda deyil”.
Aysel Aslan