Deputat: "Azərbaycanla Rusiya arasında hərbi-siyasi əməkdaşlıq inkişaf etməkdədir"





Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ilk növbədə, Rusiya ilə NATO yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsinə görə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, bu, bizim ölkəyə hörmətin, etimadın göstəricisidir. Bu seçim bir daha Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin müntəzəm olaraq keçirildiyi məkana çevrildiyini göstərir. İkitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev yüksək səviyyədə keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını söyləyib. Təkcə bu il Azərbaycan və Rusiya dövlət başçıları arasında çoxsaylı görüşlərin keçirildiyini vurğulayan ölkə rəhbəri son dəfə Sankt-Peterburqda Rusiya Prezidenti ilə təmaslarını məmnunluqla xatırladıb. 

Dövlət başçısı bu il, eyni zamanda, ölkələrimiz arasında xeyli sayda sazişlərin və sənədlərin imzalandığını vurğulayıb. Qarşılıqlı fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkələrimiz tərəfindən əldə olunmuş razılıqların icra edilməsinin önəmini və buna nail olunduğunu bildirib. Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin tarixi sınaqlardan çıxdığını qeyd edən Prezident ölkələrimizin etibarlı tərəfdaş olduğunu, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını deyib.

Son dövrlər inkişaf etməkdə olan Azərbaycan-Rusiya münasibətlərini "Şərq”ə şərh edən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, zaman ən böyük müəllimdir. Deputat xatırladıb ki, 1991-ci ildə müstəqillik əldə etdiyimiz zaman nəinki Rusiyadan, hətta rus dilindən də uzaq durmağa çalışırdıq. Çünki içimizdə qorxu hissi hələ qalırdı: 

"Ancaq həyat göstərdi ki, dövlətin hərtərəfli inkişafı və mövcud problemlərin həlli üçün fərqli siyasət yeritmək, qonşularla əməkdaşlıq etmək lazımdır. Dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Qəbul etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil. Əgər Moskvanı qarşımıza alsaq, heç vaxt istəyimizə nail ola bilmərik. Şərait məcbur edir ki, çox diqqətli olaq və nəhəng bir dövləti özümüzə düşmən etməyək. Bu baxımdan cənab Prezidentin Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul etməsi və ikili münasibətlərə xüsusi diqqət çəkməsi olduqca əhəmiyyətli məsələdir. Azərbaycanla Rusiya arasında sadəcə siyasi deyil, ümumilikdə hərbi-siyasi sahədə də əməkdaşlıq inkişaf etməkdədir. Rəsmi Bakı öz tərəfdaşları ilə münasibətlərdə nə qədər etibarlı, sülhpərvər olduğunu dəfələrlə sübut edib. Xüsusən Rusiya ilə münasibətlər son dərəcə yaxşılaşıb. Bunun əksinə Rusiyada getdikcə ermənilərə qarşı aqressiya artmaqdadır. Artıq Moskva başa düşür ki, dünya dəyişməkdədir və regionun qüdrətli dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək qaçılmaz zərurətdir. Yəni iki ölkənin əlaqələri sıxlaşdırması hər iki tərəf üçün mühümdür”.

İsmayıl