Deputat “başqa yol yoxdur” deyir

Ermənistanın mülki vətəndaşı, ya hərbçisi ələ keçirilməlidir
Düşmən ən ağır məhrumiyyətləri Dilqəmlə Şahbazın üzərində sınayırlar

Zahid Oruc: "Nə yazıq ki, yüz illərdir Ermənistan dövlətinin və siyasi elitasının region dövlətlərə qarşı münasibəti dəyişməyib”



Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin səhhətinin ağırlaşması ilə bağlı KİV-də yayılan xəbərlərdən məlumatlı olduğunu deyib.

Şahbaz Quliyevlə bağlı məsələnin tərəfindən araşdırılacağını qeyd edən ombudsman deyib ki, girovun səhhətinin ağırlaşması ilə bağlı məsələ diqqətindədir: "Əgər məlumat doğru olarsa, tərəfimizdən müvafiq addımlar atılacaq”.
Ombudsman Kəlbəcər girovlarının ailələri ilə bir neçə dəfə görüşdüyünü deyib: "Şahbaz Quliyevin ailəsinin narahatlığını başa düşürəm”.

Qeyd edək ki, girovun qardaşı İlham Quliyev mətbuata açıqlamasında Ş.Quliyevin səhhətində ciddi problemlər olduğunu və onun bir aydan çoxdur İrəvan xəstəxanasında müalicə aldığını deyib.

2014-cü ilin yayında Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin narahatlığına haqq qazandıran millət vəkili Zahid Oruc deyib ki, bu müddət ərzində düşmən qüvvələri ən ağır məhrumiyyətləri onların üstündə sınamaqdadılar:

 "Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə və həmyerlilərimizə qarşı kəsilən hökm Ermənistan siyasi hakimiyyətinin iç üzünü açan və bəşəriyyət miqyasında təqdim etdiyi məzlum obrazını darmadağın edən bir durumdur. Şahbazla Dilqəmin başına gətirilən oyun eyni zamanda Ermənistanın qonşu dövlətlərə münasibətinin təzahürüdür. Nə yazıq ki, yüz illərdir Ermənistan dövlətinin və siyasi elitasının region dövlətlərə qarşı münasibəti dəyişməyib”.
Millət vəkili hesab edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər təşkilatlar girovlarımızın azad edilməsi istiqamətində heç bir real addım atmadığı üçün məsələ ildən-ilə uzanır: "Bu da təbiidir, çünki Dağlıq Qarabağ problemi və onun həlli dünya güclərinin marağında deyil. Məsələnin önəmli tərəflərindən biri də odur ki, Azərbaycanda hər hansı bir məhbusun azad olunmasına yönəlik sanksiyalar tətbiq etməyə hazırlaşan, Azərbaycanı Avropa Şurasından çıxarmaqla təhdid edən qüvvələr Şahbaz və Dilqəmin azad olunması üçün eyni təzyiqi Ermənistan hökumətinə göstərməkdə maraqlı deyil”.

Məsələnin həlli yubandığı üçün ermənilərin onlar üzərindəki qeyri-insani rəftarlarını gündən-günə artırdıqlarını qeyd edən Z.Oruc hesab edir ki, Azərbaycanın xüsui kəşfiyyat orqanları öz gücünü göstərməli, mülki və ya hərbçi olmasından asılı olmayaraq erməni vətəndaşlarını ələ keçirməlidir ki, dəyişilmə əməliyyatı ilə bu problem sonlansın. Əgər müharibəyə başlaya bilmiriksə, ən azından bu addımı atmalıyıq.

Şəymən