Deputat bu reklama etiraz etdi: "Bunu hansı ölkəyə aparsan, adamın burnunu yumruqla düzəldərlər"




Millət vəkili Fazil Mustafa Azərbaycanda çəkilib televiziya və radiolarda yayımlanan bu reklama etiraz edib. 

"Sherg.az"ın xəbərinə görə, millət vəkili öz feysbuk səhifəsində bunları yazıb: 

"Bu gün şəhərdə ənənəvi tıxacda əsəbləşməmək üçün radioda bir proqramdakı reklam marağımı çəkdi. Belə reklama Qrelandiyada, Namibiyada rast gəlməzsiniz. Məhz Azərbaycanda düşünülə biləcək, məhz bizim brendimiz sayılacaq reklamdır. Deməli, evlənmək vaxtı çatan oğluna ana deyir ki, qonşunun qızı Fəridəni al! Oğlu da arqument gətirir ki, onun burnunun uzunluğunu görmürsən, onunla necə yaşamaq olar? Bu sözlərdən sonra oğlan üç aylığa xaricə gedir. Dönüşdə qonşuda bir qız görür və anasına deyir ki, o qızın gözəlliyinə vurulmuşam, bəs onu mənə almalısan! Anası da izah edir ki, bu həmin qonşunun qızıdır, sadəcə sən tanımamısan, filan klinikada burnunu kəsdirib gözəlləşib. Oğlu deyir ki, bəs o Fəridədən yana ürəyi gedir, dərhal elçiliyə get! 

Anası da daha maraqlı bir yeniliyi oğluna çatdırır: Artıq qızın adı Fəridə deyil, Firadır! Allah-allah, reklam fantaziyasına bax... Burada üç məntiqi nəticə hasil olur. Birincisi, belə anlaşılır ki, sən demə klinikada qızın yalnız bir azca burnundan deyil, adından da kəsib götürüblər. İkincisi də, evlənnmək üçün əxlaq, təhsil, dünyagörüş önəmli deyil, əsas olan burunun ürəyəyatımlılığıdır. Üçüncüsü də, belə reklamın ancaq daxili bazar üçün nəzərdə tutulmasıdır. Bunu hansı ölkəyə daşıyıb aparsan, adamın burnunu estetika ilə deyil, sadə xalq qaydasında yumruqla düzəldərlər. Azərbaycan bazarına tam uyğun bir maldır, ən azı mən də daxil olmaqla tıxacdan zərərçəkənlərin əsəb əvəzinə gülümsəməyinə yarayan bir vəsilə oldu".