Deputat da etiraz etdi: "Çox məmur sərhədləri aşır..."

Fəzail İbrahimli : "Gözümüzün qarşısında neçə məmur vəzifəsini itirib. Ona görə, güman edirəm ki, bu, ibrət dərsi olmalıdır, nəticə çıxarılmalıdır"


"İnsanlar müxtəlifdir, məmur da insan tiplərindən biridir”.

Bunu Sherg.az-a ötən günlərdə ölkə başçısı İlham Əliyevin məmurlara xəbərdarlıq etməsinin səbəblərini izah edərkən millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, prezident Azərbaycanda toxunulmaz adam olmadığını dəfələrlə bəyan edib:

"Məmur xalqın xidmətçisidir. Ölkə başçısı tələblərini həmişə qoyub. Təəssüf ki, bu tələblərə hər kəs tərəfindən lazımınca əməl edilmir.

Buna baxmayaraq, bütün məmurlara aid etmək də düzgün olmaz. Azərbaycan dövləti, onun idarəçiliyi məmurların əlindədir və günü-gündən inkişaf edir. Dövlət başçısı Azərbaycanın strateji kursunu müəyyən etsə də bu xətti davam etdirən məmurlardır. Ona görə, bütövlükdə Azərbaycan məmuru haqqında birmənalı mənfi fikir söyləmək olmaz.

Çox məmurlar prezidentin tələblərinə məhəl qoymur, sərhədləri aşır və vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Özünə və ətrafına hörmət etməyən məmurlar həmişə cəzalandırılır. Gözümüzün qarşısında neçə məmur vəzifəsini itirib. Ona görə, güman edirəm ki, bu, ibrət dərsi olmalıdır, nəticə çıxarılmalıdır.

Prezident "məmur kimdir?” sualına çox aydın cavab verir: "Məmur xalqın xidmətçisidir və Azərbaycanda toxunulmaz adam yoxdur”. Təəssüf ki, bu sərhədləri aşanlar və onların ailə üzvləri də cəzalarını alır”.

Qeyd edək ki, prezident "Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır” – deyə bildirib.

Aysel Aslan